Azərbaycanın turizm potensialı “Business Traveller”də

Azərbaycanın turizm potensialı “Business Traveller”də
  01 Sentyabr 2023    Oxunub:1191
Məşhur “Business Traveller” nəşri ölkəmizin turizm potensialından bəhs edən məqalə yayımlayıb.
AzVision.az xəbər verir ki, məqalədə Azərbaycanın turistlər üçün uğurlu səyahət istiqaməti olduğu vurğulanır. Bildirilir ki, neft və qazla zəngin Azərbaycanın paytaxtı Bakıda 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi keçirilib və şəhər son onillikdə sürətlə inkişaf edib.

Müəllif deyir ki, bu gün qonaqlar Azərbaycanda köhnə ilə yeninin, Şərqlə Qərbin harmoniyasından zövq alırlar. Burada açıq hava macərası və bir-birindən dadlı yeməklər var. Memarlıq ölkənin tarixi keçmişini əsk etdirir, müasir binalarda isə Avropa memarlığının təsirləri var. “Alov qüllələri” köhnə məscid və şəhərin mənzərəsini əks etdirən təbii yaşıllıq ilə eyni məkanda yerləşir və bu harmoniya turistləri ölkənin mədəniyyətinə maraqlı səyahətə aparır. Azərbaycan ölkə olaraq özünü Avropaya Yaxın Şərqdən daha yaxın hiss edir və yerli sakinlər ölkənin müxtəlif icmalarının hekayələrini bölüşməkdən qürur duyurlar.

Məqalədə paytaxt Bakıya xüsusi yer ayrılıb və Xəzər dənizində yerləşən bu şəhərin qədim tarixə malik canlı, müasir şəhər olduğu diqqətə çatdırılır: “Küləklər şəhəri Bakıda dizayner butiklərindən tutmuş muzeylərə və qastronomik delikateslərə qədər kəşf ediləcək çox şey var. Dolambaclı daş döşənmiş küçələri, muzeyləri və köhnə qalaları ilə İçərişəhər ölkənin tarixini təqdim edir, uzaqda isə Zaha Hadidin müasir dizayna malik heyrətamiz tikilisi - Heydər Əliyev Mərkəzi yerləşir”. Həmçinin Bakının neft buruqlarından, eləcə də “Formula 1” yarışlarına ev sahibliyi etməsindən bəhs olunur.

Azərbaycan mətbəxindən də söz açılan məqalədə deyilir: “Dolma və plovdan tutmuş kabablara qədər Azərbaycan həqiqətən də kulinariya dünyasında öz izini qoyub. Orijinal Qafqaz mətbəxini kəşf etmək üçün Bakı yemək həvəskarlarına mükəmməl məkanlar təklif edir.

Müəllif bildirir ki, Qobustandakı sehirli palçıq vulkanlarından tutmuş Azərbaycanın dağlıq ərazilərinə qədər ölkənin təbii gözəlliyi göz oxşayır. Ölkəni avtomobillə gəzmək ziyarətçilərə doqquz mikroiqlimi ilə öyünən Azərbaycanın gözəlliyinin əsl dadından həzz almağa imkan verir ki, bu da yerli fermerlər tərəfindən yetişdirilən qidaların təzə və dadlı olmasının əsas amilidir.

Şəhərdən bir günlük səfərlər üçün Qobustan Milli Parkındakı palçıq vulkanları və qədim qayaüstü təsvirlər Azərbaycanın tarixinə və təbiət möcüzələrinə şahidlik etmək üçün mütləq görülməlidir. Şamaxıdakı Meysəri şərab zavodu həm də ölkənin qədim şərabçılıq ənənəsinin canlanmasına gətirib çıxarıb.

Diqqətə çatdırılır ki, bir səfərdə bütün ölkəni görmək qeyri-mümkündür, lakin cənuba doğru yola çıxan səyahətçilər yaşıl meşələri, gölləri və dağları kəşf etmək üçün tamamilə fərqli relyeflə tanış olurlar. Bölgə çay plantasiyaları ilə məşhurdur, düyüdən limona qədər hər şeyi olan çoxlu təsərrüfatlara ev sahibliyi edir.

Məqalədə müəllif Azərbaycanın bölgələrinə səfərlərindən bəhs edir, ölkəmizin inkişaf edən ticarət əlaqələrini vurğulayır. Bu xüsusda, Azərbaycan-BƏƏ əlaqələrinə toxunur, qarşılıqlı ticarətin ilbəil artdığını vurğulayır.

Qeyd olunur ki, Azərbaycan Hökumətinin məlumatına görə, ötən il ölkəyə təxminən 1,6 milyon əcnəbi ziyarətçi gəlib və 2026-cı ildə bu rəqəmin 4 milyona çatacağı gözlənilir. Bu ilin yanvar-aprel aylarında isə turist axınında 58 faiz artım müşahidə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti