Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

   Azərbaycan taekvondoçusu  Avropa çempionu  oldu
  26 Avqust 2023    Oxunub:2100
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AzVision.az xəbər verir ki, ilk mərhələdən azad olan 24 yaşlı taekvondçu mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti yaşadıb.

Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib.

Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələnib.

Estoniyada eyni zamanda keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

Beləliklə, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

AzVision.az



Teqlər: Taekvando   Avropa-Çempionu  





Xəbər lenti