Bu il “Stadler” elektrik qatarı 11 dəfə daşa tutulub

   Bu il “Stadler” elektrik qatarı 11 dəfə daşa tutulub
  25 Avqust 2023    Oxunub:1526
“Bu il ərzində avtonəqliyyat vasitələrinin qatarların yoluna çıxması ilə bağlı 18 toqquşma hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər xəsarət alıb, 3 nəfər isə aldığı xəsarətdən dünyasını dəyişib”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov bildirib. Qurum rəsmisinin sözlərinə görə, avtomobil sürücülərinin səhlənkarlığı nəticəsində qəzaya səbəb ola biləcək 14 hadisə qeydə alınıb:

“Məsələn, Binə-Qala mənzilində qorunan keçiddə minik avtomobilinin sürücüsü bağlı şlaqbauma və keçid növbətçisinin işarəsinə məhəl qoymadan hərəkətdə olan qatarın qarşısından keçib. Yaxud da Bakıxanov-Əmircan mənzilində minik avtomobili qatarın qorunan dəmiryol keçidindən keçməsindən dərhal sonra şlaqbaumun qalxmasını gözləmədən şlaqbaumu sındıraraq yolu keçib və sair.

Başqa bir statistikanı da açıqlayım - 2023-cü ildə yola kənar şəxslərin çıxdığına görə hərəkətdə olan qatarın maşinistləri 10 dəfə təcili tormozlama etməli olublar. Xüsusi ilə qeyd etməliyəm ki, maşinistlərimizin yüksək peşəkarlığı və ayıq-sayıqlığı sayəsində bu kimi onlarla təhlükəli hadisənin qarşısı alınıb”.

“Bəzən elə hallarla rastlaşırıq ki, insanlar dəmir yolu infrastrukturuna şüurlu şəkildə, bilərəkdən ziyan vururlar. Hərəkətdə olan qatarlara daş, içki şüşələri, müxtəlif bərk tullantılar atılır. Bu il ərzində hərəkətdə olan “Stadler” elektrik qatarı yeniyetmələr tərəfindən 11 dəfə daşa tutulub. Hadisələr baş verərkən əsasən qatarın ön və yan şüşələrinə ciddi ziyan dəyib. Eyni zamanda sərnişinlərin həyatına da təhlükələr yaranıb”, - departament müdiri vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti