Sufiliyin Zəngilandakı izi – FOTOLAR

   Sufiliyin Zəngilandakı izi –    FOTOLAR
  12 Avqust 2023    Oxunub:2801
Zəngilan rayonunun ərazisində, Həkəri çayının hövzəsində onlarla unikal tarixi türbə vardı. Onların arasında Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Xacə Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) xüsusilə seçilir.
Məmmədbəyli kəndindəki səkkizbucaqlı şəklində yuxarısı piramidalı günbəzlə tamamlanan bu türbənin divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Sərdabə hissəsi içəridən kvadrat planda tikilən abidənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə də vardı. Kitabədəki mətndə tikilinin Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsi olduğu qeyd edilir.


Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşirdi. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyasəddinin (XIV əsr) məzarı, ətrafında isə şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları olub.

Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə abidəni Şıxbaba Qədiriyyə sufi xanəgahına (XIII-XIV əsrlər) aid edirlər. Bu ərazilərdə həmin dövrə aid sənduqə, başdaşıları, qoç, at heykəlli qəbir daşları ərəb, fars və Azərbaycan dillində yazılarla xalqımızın həyat və məişətini əks etdirir.

Bu tarix yadigarları Azərbaycanın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, ölkəmizin Orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.


Teqlər: Tarix  





Xəbər lenti