Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib
  08 Avqust 2023    Oxunub:1281
Azərbaycanda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.
AzVision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, bu, nəzərə alınaraq xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-a qədər artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün:

- Vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər;

- Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür.

"Dövlət Vergi Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti