Daha iki güləşçimiz dünya çempionatının finalına çıxıb

Daha iki güləşçimiz dünya çempionatının    finalına çıxıb
  01 Avqust 2023    Oxunub:954
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
AzVision.az xəbər verir ki, 45 kiloqramda Turan Daşdəmirov yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub - 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.

51 kiloqramda Əli Seyidəlili 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə görüşəcək.

71 kiloqramda yarışan Cavad Məmmədov təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub - 7:10.

60 kiloqramda Roman Kərimov hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabı ilə məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.

92 kiloqramda çıxış edən Mikayıl İsmayılov türkiyəli Alixan Bərəkətə 5:1 hesabı ilə qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə uduzan İsmayılov bürünc medal uğrunda Sərdarbek Rüstəmov (Özbəkistan) / Əliəkbər Aşgarivaladi (İran) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Əhmədli mundialın finalına vəsiqə qazanıb. İdmançı bu gün Zaur Beslekoyevlə (AİN) qızıl medal görüşünə çıxacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti