İlin sonuna kimi Azərbaycanda uçot dərəcəsi 8,5%-ə endirilə bilər

İlin sonuna kimi Azərbaycanda uçot dərəcəsi 8,5%-ə endirilə bilər
  26 İyul 2023    Oxunub:1175
“2023-cü ilin dördüncü rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) pul-kredit siyasətinin yumşaldılmasına keçə bilər və noyabr-dekabr aylarında uçot dərəcəsinin iki dəfə 25 baza bəndi endirilməsi gözlənilir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

“AMB bu gün keçirilən növbəti iclasında pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə pauzanı uzadıb və uçot dərəcəsini 9 % səviyyəsində saxlayıb. İnflyasiyanın davamlı olaraq yavaşlamasını və Mərkəzi Bankın iyun iclasından sonra verdiyi siqnalları nəzərə alaraq belə bir qərarın veriləcəyini gözləyirdik. Faiz dəhlizinin aşağı və yuxarı həddi də müvafiq olaraq 7,5 % və 10 % səviyyəsində saxlanılıb.

AMB-nin ən azı sentyabr ayına qədər uçot dərəcəsinin artırılmasını dayandırması və inflyasiyanın aşağı düşməsi şərti ilə sonrakı mərhələdə faizlərin aşağı salınması siyasətinə mümkün dönüş barədə siqnallar verdiyi iyun iclasından fərqli olaraq qarşıdakı iclaslarda məzənnənin ehtimal edilən trayektoriyası ilə bağlı heç bir siqnal verilməyib”, - o bildirib.

AMB-dən verilən məlumata görə, faiz artımında fasilənin uzadılması qərarı yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin inflyasiyaya təsir edən xarici və daxili amillər əsasında qəbul olunub. Eyni zamanda, AMB pul-kredit siyasətinə və transmissiya mexanizmlərinin gücləndirilməsinə yönəlmiş islahatların davam etdiyini açıqlayıb. Tənzimləyici, həmçinin təsdiq edib ki, inflyasiya təzyiqlərini faiz dərəcələrinin və faiz dəhlizinin digər parametrlərinin artırılması, pul-kredit siyasəti alətlərinin yeni konfiqurasiyasından adekvat şəkildə istifadə edilməsi, məcburi ehtiyatlar normasının ləğv edilməsi və makroprudensial tələblərin dəyişdirilməsi yolu ilə saxlamaq olar.

AMB bəyanatında faiz dərəcəsinin dəyişməz saxlanmasının lehinə aşağıdakı əsas arqumentləri irəli sürüb: illik inflyasiya son iclasdan sonra yavaşlamaqda davam edir, xarici inflyasiya təzyiqi azalır və daxili valyuta bazarı sabit olaraq qalır.

İyun ayında illik inflyasiya 5 faiz bəndi azalaraq 10,6 % səviyyəsinə düşüb. Eyni zamanda iyunda Azərbaycanda ərzaq inflyasiyası may ayı ilə müqayisədə 1,2 faiz bəndi azalaraq illik 11,5 %-ə enib. Buna xarici inflyasiya risklərini azaltmaqla pul-kredit şərtlərin sərtləşdirilməsinə dair əvvəlki qərarlar da kömək edib.

AMB qeyd edib ki, əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması Azərbaycana da təsir edib. Vurğulanıb ki, iyun ayında əsas ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya 2022-ci ilin oktyabrındakı pik həddən 2 faiz bəndindən çox yavaşlayıb.

Daxili valyuta bazarı qeyri-əmtəə ixrac potensialının artımı ilə dəstəklənən müsbət cari əməliyyatlar balansı sayəsində sabit qalır. Mərkəzi Bank 2023-cü ilin birinci rübündə cari əməliyyatlar hesabının profisitinin 3,4 milyard ABŞ dolları (ÜDM-in 18,9 %-i) təşkil etdiyini və 2023-cü ilin ikinci rübündə də müsbət qaldığını bildirib. AMB onu da qeyd edib ki, 2023-cü ilin birinci yarısında manatın nominal effektiv məzənnəsi 10,3 % bahalaşıb.

“Bugünkü iclasda risklər balansının dəqiq qiymətləndirilməsi açıqlanmasa da, AMB-nin bəyanatında potensial inflyasiya faktorlarından biri kimi daxili tələbin sürətlənmiş genişlənməsi yenidən qeyd edilib. Bundan əlavə, AMB tədarük zəncirindəki pozulmaların təklif tərəfdən inflyasiyaya təsir göstərdiyini vurğulayıb. Mərkəzi Bankdan qeyd ediblər ki, dezinflyasiya faktorlarının üstünlüyü ilin sonuna inflyasiyanın hədəf səviyyəyə yaxınlaşması ehtimalını artırır”, - “Qazprombank”ın baş iqtisadçısı bildirib.

Xatırladaq ki, AMB iyun iclasında yeni qiymət şokları olmamaq şərti ilə inflyasiyanın illik 8,3%-ə qədər azalacağını gözləyirdi. Eyni zamanda, o zaman AMB-dən qeyd edilmişdi ki, xarici inflyasiya təzyiqinin zəifləməsi və pul-kredit siyasətinin sərtləşdirilməsinə dair əvvəlki addımların təsiri bu proqnozun aşağıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Vurğulanmışdı ki, anti-inflyasiyalı pul-kredit siyasəti və makroprudensial tədbirlərlə yanaşı, onun transmissiya mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş islahatlar məcmu tələbdə artımın inflyasiya təsirinin qarşısını almağa kömək edəcək.

“Bundan başqa, AMB izafi likvidliyi absorbasiya etmək və dedollarizasiya tendensiyasını dəstəkləmək üçün diferensiallaşdırılmış ehtiyat tələblərini açıqladı. Press-relizin tonu neytral idi, lakin biz onun daha da yumşalmasını istisna etmirik. AMB bu gün qarşıdan gələn iclaslarda məzənnənin ehtimal olunan kursu ilə bağlı siqnallar verməsə də, pul-kredit siyasəti ilə bağlı gələcək qərarların daxili və xarici inflyasiya risklərinə, habelə inflyasiyanın hədəf səviyyəsindən gözlənilən və faktiki kənaraçıxmalarına əsaslanacağını bildirib.

İnflyasiyanın azalmasının sabit tendensiyaya çevrildiyini nəzərə alsaq, AMB-nin iyun siqnalının aktuallığını qoruduğunu düşünürük. Ona görə də dördüncü rübdə faiz endiriminin başlaya biləcəyini istisna etmirik. İnflyasiya AMB-nin proqnozuna uyğun olaraq ilin sonuna kimi 8,3%-ə qədər azalarsa, faiz dərəcəsinin iki dəfə, 8,5%-ə qədər endirilməsi gözlənilir. Belə ssenaridə real məzənnə müsbət olaraq qalacaq”, - G.Xaydarşina bildirib.


Teqlər:





Xəbər lenti