Şuşada “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil edilib- FOTOLAR

Şuşada “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil edilib-    FOTOLAR
  15 İyul 2023    Oxunub:1769
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada Vaqif Poeziya Günləri davam edir.
AzVision.az xəbər verir ki, Poeziya Günləri çərçivəsində bu gün “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil olunub.

Tədbirin açılışında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək, hər il Şuşada ənənə halını almış poeziya günlərinin təşkilinin mədəniyyətimiz və ədəbiyyatımız üçün önəm kəsb etdiyini diqqətə çatdırıb. O, bu mötəbər tədbirə qatıldıqları üçün hər kəsə təşəkkür edib.

Çıxış edən şair-tərcüməçi Səlim Babullaoğlu deyib ki, hər dəfə gözəl, mübarək Şuşa torpağında olmaq hər kəsə böyük məmnuniyyətlik gətirir: “Biz bu məmnuniyyətə doğru həm Ali Baş Komandan, həm ordumuzla uzun yol gəlmişik və bu prosesdə bizə qardaşlarımız, dostlarımız dəstək oldu. 44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə yaşayan həmkarlarımız, dostlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xeyli böyük işlər görüb. Bunlardan biri əlbəttə ki, həmişə Azərbaycanın yanında olan Türkiyə Cümhuriyyəti və qardaş ölkənin dəyərli ziyalılarıdır. Ömer Küçük Mehmetoğlu da belə aydınlarımızdandır. O, istedadlı yazıçıdır, çağdaş Türkiyə nəsrinin tanınmış nümayəndələrindəndir və peşəkar tərcüməçidir. Ömərin tərcüməsində bizim görkəmli ədiblərin əsərləri Türkiyə türkcəsində nəşr olunub. Türkiyənin məşhur “Heca” dərgisinin 7-8 il bundan əvvəl Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi nömrəsi işıq üzü görmüşdür. Lap bu günlərdə jurnalın Azərbaycan poeziyasına həsr olunmuş xüsusi nömrəsi hazırlanaraq çap edilib. Bütün bu xidmətlərinə görə o, Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatına layiq görülüb”.

Sonra mükafat türkiyəli yazıçıya təqdim olunub.

Ömer Mehmetoğlu göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib.

Xalq şairi Vahid Əziz çıxış edərək deyib: “Biz 30 il sınağa çəkildik, bu illər bir an da olsun müqəddəs yurd yerlərimizi, Qarabağımızı unutmadıq, daim bu günü düşündük və arzuladıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu həsrətə, nisgilə son qoydu. Bu gün Azərbaycanın müqəddəs şəhərində belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha dövlətimizin gücünü, qüvvəsini, ordumuzun yenilməzliyini göstərir. Bu müqəddəs məkanda belə bir söz bayramına toplaşmağımıza görə Vaqif Poeziya Günlərinin iştirakçıları adından ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.

Sonra yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, tərcüməçi İan Perart, türkiyəli şair Serhad Kabaklı, Özbəkistanın Xalq şairi Xurşud Davron və digərləri çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda və Şuşa haqqında şerlərini səsləndiriblər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti