Misirdə muğam sənətinin tədrisinə başlanılıb
Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov muğam kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətlər həyata keçirir. Bu baxımdan qədim muğam sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.
S.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti milli musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan muğam sənətinə böyük qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir, 2008-ci ildə isə Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğam sənətini bütün dünyada uğurla təbliğ edir və ölkəmizin görkəmli xanəndələri bu sahədə bəşəriyyətin mədəni irsinə misilsiz incilər bəxş ediblər.
Qeyd edək ki, muğam sənəti ilə yanaşı, tezliklə cəmiyyətin nəzdində xalçaçılıqla bağlı kurs da fəaliyyətə başlayacaq. Hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili və digər fənlər üzrə kurslarda 55 millətdən 500-dən çox tələbə ödənişsiz təhsil alır.
Cəmiyyətin Qahirədə muğam layihəsinə başlaması barədə xəbərlər Misir, Əlcəzair və digər ölkələrin mediasında dərc olunub.
AzVision.az
Teqlər: Muğam