Azərbaycanda kim çox pul qazanır? - ARAŞDIRMA

Azərbaycanda kim çox pul qazanır? - ARAŞDIRMA
  02 İyun 2014    Oxunub:28317
Pul hər şeyi həll etmir, amma çox şey ondan keçir. Yaxşı yaşamaq, gözəl həyat sürmək, bahalı avtomobil və dəbdəbəli evə sahib olmaq üçün mütləq pulun olmalıdır. Həm də çoxlu... Bunları arzulamasan belə, ən azı normal yaşamaq üçün cibdə pul olmalıdır. Kasıba görə pul əl çirki, varlılar üçün pul hər şeydir. Ən böyük problemlər də elə puldan qaynaqlanır.

Bəs pul qazanmaq üçün nə etmək olar?

Çoxları bu suala belə cavab verir: “Yaxşı pul qazanmaq üçün ya bəxtin olmalı, ya da daydayın”.

Əslində reallıq belədirmi?

Ekspertlər hesab edirlər ki, normal pul qazanmaq üçün ilk öncə düzgün peşə seçmək vacib amillərdəndir. Daha sonra zehin, aktiv fəaliyyət və uğurlu nəticə zənzirvari ardıcıllıqla tamamlanacaq. Göründüyü kimi, seçdiyimiz ixtisaslar maddi rifahımızın formalaşmasında başlıca rol oynayır.

Belə ki, müəllimlə bankirin aylıq gəliri eyni ola bilməz. Bu mümkün deyil. Yaxud da jurnalistlərin aylıq gəlirləri həkimin, polisin aylıq qazancından çox ola bilməz. Göründüyü kimi, ixtisas seçimi pul qazanmaqda da xüsusi önəm kəsb edir.

Bəs, Azərbaycan reallığında ən gəlirli peşələr hansılar hesab edilir?

Elə başlayaq jurnalistikadan. Bu sahədə Azərbaycanda ən az gəlir gətirən ixtisaslar qrupuna aid olunur. Aparılan tədqiqatlar göstərir ki, jurnalistlika ən az qazanc gətirən peşələr siyahısında üçüncü yerdə dayanır. Nədənsə qələm sahiblərinin işi çətin olsa da yalnız müəllimlər və kitabxanaçılardan bir az artıq qazana bilirlər.

Ən çox həkim, ən az kitabxanaçılar qazanır

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, ən çox və ən az gəlirli ixtisasları muəyyənləşdirən zaman orta maaşı nəzərə almaq düz deyil.

“Məsələn, həkimlərin orta aylıq maaşı praktik olaraq aşağıdır. Amma həkimlər yüksək gəlir əldə edirlər. Aşağı maaş olmaq aşağı gəlir olmaq demək deyil. Bizim apardığımız tədqiqatlara görə, ən az gəlir əldə edən ilk növbədə kitabxanaçılıq ixtisası, daha sonra orta məktəb müəlliməsidir. Baxmayaraq ki, müəllimlərin hazırlıq və digər xidmətlərlə gəlir əldə etmək imkanları var. Üçüncü yerdə humanitar ixtisasları daxil etmək olar. Əvvəl kifayət qədər dəbdə olan avtomobilqayırma indi az gəlirli sahə hesab edilir. Beşinci aqrar sektora malik ixtisaslardır. Jurnalistika da ən az əmək haqqına malik olan üçüncü ixtisas kimi dəyərləndirilir”.

İqtisadçının sözlərinə görə, neft və qaz mühəndisləri ən çox gəlir əldə edənlərdir:

“Ən gəlirli ixtisaslar praktik olaraq Azərbaycan iqtisadiyyatının strukturuna uyğun olaraq formalaşıb. Nəzərə alsaq ki , Azərbaycan enerji ölkəsi olduğuna görə ölkəmizdə enerji ilə bağlı ixtisaslar daha çox gəlir gətirən sahə hesab olunur. Söhbət neft və qaz mühəndisliyindən gedir ki, neft və qaz mühəndisləri ən çox maaş alan ixtisaslar siyahısına daxildir. Eyni zamanda, bu sektorun inkişafı əhalinin gəlirlərinin artmasına gətirib çıxarır. Apardığımız tədqiqtlar göstərir ki, birinci ən çox gəlirli sahə neft və qaz mühəndisliyidir, ikinci isə tibb ixtisasıdır.Ixtisaslı və ixtisası yüksək olan həkimlər praktik olaraq, Azərbaycanda daha çox gəlir əldə edirlər, xüsusən özəl klinikalarda çalışan həkimlər”.

Elə həkim var, ayda 100 min qazanır

V. Bayramov qeyd edib ki, illik gəliri 100 min manata qədər yüksələn həkimlər var: “Tədqiqatlarımız göstərir ki, hətta elə həkimlər var ki, Azərbaycanda onlar xaricdə, Türkiyədə təhsil alıblar, aylıq gəlirləri 100 min manata qədər yüksəlir. Onların gəlirləri onlara müraciət edən xəstələrin sayına və ödənişlərinə uyğun olaraq müəyyənləşir. Həmin ödənişlərin 50 faizi həkimlərin birbaşa özünə çatır. Praktik olaraq tibb ixtisası Azərbaycanda ikinci ən çox gəlirli sahə kimi müəyyənləşir. Bank və maliyyə ixtisası üçüncü ən çox gəlir gətirən ixtisasdır. Çünki həm bir sıra bankların yükəsk maas təklif etməsi ilə bağlıdır. Eyni zamanda burda iş yerlərinin daha rəqabətli olması ilə bağldır. Dördüncü ixtisas audit-mühasiblikdir. Auditdə çalışanların və həm fərdi auditor kimi çalışanların gəlirləri xeyli yüksək hesab olunur ki, bu da biznesin inkişafı ilə izah edilir. Beşinci ən gəlirli ixtisas komputer ixtisası üzrı çalışanlardır. Bunlar komputerlərdə proqramın yazılması , komputer təmiri və komputerlə bağlı fəaliyyəti həyata keçirənlərdir”.

İqtisadçı millət vəkili Vahid Əhmədovin fikrincə, Azərbaycanda neft sahəsi ən gəlirli sahələr hesab olunur.

“Azərbaycanda neflə bağlı olan ixtisaslar ən gəlirli ixtisaslar hesab olunur. Amma Azərbaycanda dövlət başçısının göstərişinə əsasən, indi qeyri-neft sektorunda müəyyən qədər inkişaf var. Son dövrlər bu sektora əlavə sərmayə qoyulur. Bu sahədə ildə 10-12 faiz artım olur. Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi neftdir. Ən az gəlirli sahə, ən çox datasiya gətirən sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatı bütün dünyada datasiya ilə işləyir. Yəni dövlət büdcəsinə vəsaitlər verir. Çoxlu əmək tələb etdiyinə görə, ən az gəlirli sahə hesab olunur”.

Dünya təcrübəsində isə mənzərə tam fərqlidir. Amerikada keçirilən bir araşdırma nəticəsində dünyanın ən çox qazandıran peşələri müəyyənləşdirilib. Belə ki, orta hesablamalara görə, ən çox pulu marketinq müdirləri qazanırlar. Onların illik qazancı 120.070 dollar təşkil edir. İkinci yerdə kompüter və informasiya sistemi rəhbəri tutur. Onlar orta hesabla 120.640 dollar qazanırlar.

Diş həkimliyi dünyada ən qazanlı peşələrdən hesab olunur. Stomatoloqların illik qazancı 153.570 dollar civarındadır.

Dünya təcrübəsində bizdən fərqli olaraq həkimlərin illik gəlirləri bir qədər azdır. 219.770 dollar.

Bu siyahı Amerikada daha çox keçərlidir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti