İt sədaqətinin elmi izahı: MRT sirri açdı

// Bunu bilmək sizi həm də kövrəldəcək

   İt sədaqətinin elmi izahı:    MRT sirri açdı
  16 İyun 2023    Oxunub:5356
İtlər sahiblərinə qarşı təkcə sevgi yox, həm də bağlılıq hiss edirlər. “NeuroImage” jurnalında dərc olunan yazıda deyilir ki, mütəxəssislər itlərin beynindəki sadiqlik mexanizmini tədqiq edərkən gözlənilməz nəticələrlə üzləşiblər.
Araşdırmanın nəticələrinə görə, itlərdə sahiblərin səsinə qarşı xüsusi reaksiya yaranır. Bu, valideyninin səsini eşidən körpənin beynindəki reaksiyaya çox bənzəyir. Yəni siz itiniz üçün sadəcə dost olmaqdan daha artıqsınız: o sizi uşaq valideynini sevdiyi kimi sevir.

Sahibinin səsini eşidərkən itin beynində aktivləşən sahələr

Test zamanı itlər həm sahiblərinin, həm də sadəcə tanıdıqları adamların nitqini dinləyərkən onların beynindəki aktivlik funksional maqnit-rezonans tomoqrafı (fMRT) vasitəsilə ölçülüb. Eksperiment göstərib ki, itlərin beynindəki “mükafatlandırma mərkəzləri” sahiblərinin səsinə qarşı daha həssasdır. Həm də təkcə təriflənməyə yox. Sahibinin “neytral” sözləri də itlərdə eyni hissi yaradır.

Valideyninin səsini eşidərkən körpənin beynində aktivləşən sahələr

İtlər sahiblərini hətta görmədən səslərini eşidəndə belə, beyinlərində neyron aktivliyi qeydə alınıb. Sahiblərinə daha çox bağlı olan itlərin beynindəki aktivlik daha güclü olub.

Beləliklə, it sahibinə münasibətdə körpənin valideyninə qarşı keçirdiyi hissləri keçirir. Bunu bilmək insan olaraq bizim üzərimizə böyük məsuliyyət qoyur. İt saxlayanlar çox vaxt heyvanların da ailənin bir üzvü olduğunu deyirlər. İndi elm də onların bu sözünü təsdiqləyir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İtlər   Sevgi  





Xəbər lenti