Müharibənin mənzil bazarına təsiri: Ruslar Azərbaycanda təcili ev alır

 Müharibənin mənzil bazarına təsiri:  Ruslar Azərbaycanda təcili ev alır
  16 İyun 2023    Oxunub:2178
2023-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən əldə edilmiş daşınmaz əmlakın ümumi sayı açıqlanıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, cari ildə Azərbaycanda 818 əcnəbi vətəndaş ev alıb.

Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Belə ki, ruslar bu dövrdə 632 ev alıblar. İkinci yerdə Gürcüstan vətəndaşları (58), üçüncü yerdə Ukrayna vətəndaşları (21) gəlir.

Eyni zamanda bu ilin 5 ayında İran vətəndaşları 20, Türkiyə vətəndaşları 18, Qazaxıstan vətəndaşları 11, Özbəkistan vətəndaşları isə 7 mənzil alıb.

Mənzil alan xarici vətəndaşlar arasında sonrakı sıralarda Albaniya,Almaniya, Qırğızıstan, israil, Türkmənistan, Böyük Britaniya, Latviya, ABŞ, Küveyt və digər ölkələrinin vətəndaşları gəlir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ölkəmizdən ev alan əcnəbilərin əksəriyyəti mənşəcə azərbaycanlı olanlardır. Onlar həmin ölkələrdəki sosial-iqtisadi prosseslər səbəbindən Azərbaycanda ev alırlar.

"Məsələn, mənşəcə azərbaycanlı olan Rusiya və Ukrayna vətəndaşları müharibə səbəbindən bura gəlib, ev alırlar. Lakin Gürcüstan illərdir ki, Azərbaycanda daşınmaz əmlak alqı-satqısında hər zaman öndə olan ölkələrdən olub. Məlumdur ki, Gürcüstanda xeyli azərbaycanlı yaşayır və onlar Azərbaycanda mənzil, obyekt alqı-satqısına maraqlıdırlar".

R.Osmanlı qeyd edib ki, ilin sonuna kimi Azərbaycandan ev alacaq vətəndaşlar araasında rus və ukraynalılar üstünük təşkil edəcək.

"Düşünürəm ki, müharibənin nəticəsindən asılı olaraq qarşıdakı illərdə bu rəqəmlərdə müəyyən dəyişiklər ola bilər.

Son bir neçə ildə İranda iqtisadi problemlərin meydana çıxması, siyasi proseslər, müharibə təhlükəsi bu ölkə vətəndaşlarının xaricdə yaşama istəməsini artırıb. Bu da İrandan Azərbaycana axının artmasına səbəb olub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti