Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib - FOTOLAR

Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib    - FOTOLAR
  12 İyun 2023    Oxunub:2838
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə ”Mediada gender həssaslığının artırılması” mövzusunda növbəti təlim təşkil edib.
9-11 iyun tarixlərində Şabran rayonunda keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi, gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarət olub.

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib ki, təmsil etdiyi fond oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir: "Ötən il jurnalistlər, bloqerlər üçün təşkil etdiyimiz təlim böyük maraqla qarşılandı və Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini mətbuatın və sosial medianın gündəminə gətirdi. Builki təlim mediada gender həssalığının artırılması üçün nəzəri və praktik məlumatlarla zəngin bir məzmunu əhatə edirdi. Biz gender-əsaslı cins seçimi ilə mübarizədə və qız uşaqlarının dəyərini təşviqində medianın rolunun böyük olduğuna inanırıq”,

Qeyd edilib ki, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələrin siyahısında dünyada birinci yerdədir. 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında danışıblar.

İştirakçılar medaiada gender həssaslığının artırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışıblar.

Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.

AzVision.az

Qalereya




Teqlər: Təlim   Media   Gender-Həssaslığı  





Xəbər lenti