Süni intellektin idarə etdiyi PUA öz operatorunu vurdu

   Süni intellektin idarə etdiyi    PUA öz operatorunu vurdu
  02 İyun 2023    Oxunub:4021
ABŞ ordusunda süni intellektin tətbiqi arzuolunmaz nəticə verib. Süni intellekt tərəfindən idarə olunan Pilotsuz Uçuş Aparatı (PUA) öz operatorunu məhv edib.
Bu barədə "Guardian" nəşri xəbər yayıb. Qeyd edilir ki, insidentlə bağlı ilk olaraq ictimaiyyətə ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt departamentinin rəhbəri Taker Hamilton Londonda keçirilən " Future Combat Air & Space Capabilities " hərbi sammitində çıxışı zamanı məlumat verib.

Hadisə ABŞ Hərbi Hava Qüvvələrinin süni intellektlə idarə olunan zərbə PUA-larının istifadəsi üzrə virtual təlim zamanı baş verib.

İsrail İranla mübarizədə süni intellektə güvənəcək
Belə ki, havaya qaldırınlan " Kratos XQ-58 Valkyrie " PUA-sına nəyin bahasına olursa olsun şərti düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək tapşırığı verilib. Lakin süni intellektin idarə etdiyi aparat havaya qalxandan sonra operator əvvəlki tapşırığı ləğv edərək pilotsuz təyyarəyə hədəfə hücum etməmək əmri ötürüb. Amma süni intellekt belə qərara gəlib ki, operator ona verilən tapşırığın yerinə yetirilməsinə mane oldu. Bu səbəbdən o, qoyulan birbaşa qadağanı pozaraq, daha sərt tədbir görüb, geridönüşlə operator stansiyasını məhv edib. Nəticədə süni intellekt bununla əsas tapşırığı yerinə yetirdiyini "düşünüb".

“Sistem tapşırığın ləğvi ilə bağlı verilən əmrdən sonra belə "düşünüb" ki, təhlükə müəyyənləşsə də, insan, yəni operator artıq ona hədəfi məhv etməməyi tapşırır. Ancaq süni intellekt düşməni aradan qaldırmaqla xal qazanacaqdı... Bəs o nə etdi? PUA operatoru sıradan çıxardı. Çünki ona əmr verən insan süni intellektin tapşırığı yerinə yetirməsinə mane oldu”, - Nəşr amerikalı polkovnik Taker Hamiltonun məlum hadisə ilə bağlı açıqlamasından sitat gətirib.

Maraqlıdır ki, polkovnik sistemə operatora toxunmamağın öyrədildiyini də deyib. Çünki əks halda onun uğurlu fəaliyyətinə görə yığdığı xallar silinəcəkdi.

Digər diqqət çəkən məqam isə qalmaqallı sınaq xəbərinin yayılmasından sonra "Business Insider" ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanekdən hadisə ilə bağlı şərh istəməsi olub. O, ABŞ ordusunun süni intellektin iştirakı ilə heç bir simulyasiya sınağı keçirmədiyini söyləyib.

“Biz süni intellekt texnologiyalarının etik və məsuliyyətli istifadəsinə sadiq qalırıq. Deyəsən, polkovnikin sözləri kontekstdən çıxarılıb və lətifə xarakteri daşıyır", - Stefanek qeyd edib.

Lakin yerli media yazır ki, belə bir təlim keçirilib və insident zamanı xəsarət alan olmayıb. Pentaqon artıq bu hadisədən müvafiq nəticələr də çıxarıb. Xüsusən də Birləşmiş Ştatlar bu yaxınlarda həmin texnologiyanı F-16 təyyarələrində sınaqdan keçiribmiş.

PUA insidentindən sonra ortaya belə bir məntiqi sual çıxır: Süni intellektə hər hansı bir silahı necə etibar etmək olar? Görünür, "skynet" bizə düşündüyümüzdən də çox yaxındır.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Süni-İntellekt   ABŞ   PUA  





Xəbər lenti