Dünya iqtisadiyyatının “şəkəri qalxıb” – TƏHLİL

// Azərbaycanda da şəkər bahalaşa bilərmi?

   Dünya iqtisadiyyatının “şəkəri qalxıb” –    TƏHLİL
  15 May 2023    Oxunub:5865
Dünya bazarlarında şəkər tozu rekord həddə bahalaşaraq, son 12 ilin maksimumunu təzələyib. Səbəb odur ki, nə Avropa ölkələri, nə də ABŞ özlərini şəkərlə tam təmin edə bilirlər. Bunun üçün kifayət qədər istehsal həcminə malik deyillər və idxaldan asılılıq var. İdxal isə planlaşdırılan həcmə çatmayanda qiymətlər artmalıdır və artır da. ABŞ-da şəkər tozunu qiyməti son 6 ildə ən yüksək həddinə çatıb.
Avropa ölkələrinə şəkər Braziliyadan gətirilir. O, ildə 37 milyon tondan çox şəkər tozu istehsal edir. İkinci yer Hindistana məxsusdur. Tayland da şəkər ilə də zəngin ölkədir, burada 10 milyon ton istehsal mövcuddur. İlk baxışda belə düşünmək olar ki, problem, yəqin, həmin ölkələrdə istehsalla bağlıdır. Amma yox!

Şəkər istehsalı üçün tələb olunan xammal baxımından əslində, heç bir çatışmazlıq yoxdur. Yuxarıda adlarını çəkdiyim ölkələrdə heç bir obyektiv problem mövcud deyil. Şəkərin bahalaşmasının əsas səbəbi tədarükün azalmasıdır. Sözügedən məhsulun ixracı üzrə tanınmış ölkələr - Hindistan, Braziliya, Tayland, Pakistan və s. ixraca məhdudiyyətlər qoyublar. Bu, yenə də xammal qıtlığı ilə əlaqədar deyil. Problem yanacağın qiymətinin baha olmasındadır.

Bəli, məsələ yenə gəlib dirənir neftin və ondan alınan yanacaq məhsullarının mövcud qiymətlərində. Dünyada istehsal olunan şəkərin təxminən 80%-i şəkər qamışından, 20%-i şəkər çuğundurundan əldə olunur. Qamışın qiyməti çuğundurdan xeyli ucuzdur. Neftin, yəni yanacaq məhsullarının qiymətinin baha olanda Hindistan şəkər qamışını etanol istehsalına yönəldir. Çünki Hindistan üçün yanacaq hazırlamaq şəkər istehsalından daha sərfəlidir.

Benzin qiymətilə bağlı Braziliyada da tədarük azalıb. Yerli əhali bioyanacaqlardan istifadəyə üstünlük verdiyindən, bu ölkədə də şəkər qamışının əhəmiyyətli hissəsindən xammal kimi bunun istehsalı üçün istifadə olunur.

Şəkərdən təkcə qənnadı məmulatlarında deyil, həm də ət konservasiyasında, dəri sarğısında, tütün sənayesində, əczaçılıqda və plastik məmulatların istehsalında istifadə olunur. Bu isə o deməkdir ki, şəkərin bahalaşması “domino effekti” yaradaraq, digər ərzaq məhsullarının da qiymətlərini qaldıra bilər. Böyük Britaniya ekspertləri hələ 1 ay öncədən ərzaq qiymətlərinin bir az da bahalaşacağını söyləyəndə bunu nəzərdə tuturdular.

Müəllifin digər yazıları:
“Xatalı” inflyasiya: Cilovlanıb, amma kəndiri qıra bilər – TƏHLİL
Neftin baharı: “OPEC+”un qərarı qiyməti qaldıracaq – TƏHLİL
Böhran riski hələ qalır – TƏHLİL
Neft hasılatımız azalır: Qeyri-neft sürətlənməlidir – TƏHLİL
Pis deyil, amma düz də deyil

Azərbaycanda da şəkərin qiyməti arta bilərmi?!

Biz bu sahədə həm idxalçı, həm də ixracçıyıq. Statistikaya əsasən, cari ilin yanvarında Azərbaycanda 2,4 min ton qənd və şəkər tozu istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 65,7% çoxdur. Fevralın 1-də ölkədə 15 min ton hazır məhsul ehtiyatı olub.

Ümumiyyətlə, yanvarda Azərbaycan 4 milyon 773 min ABŞ dolları dəyərində 6 399 ton şəkər ixrac edib ki, bu da miqdar nöqteyi-nəzərindən ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə, dəyərcə isə 2,5 dəfə artıq deməkdir. Və ötən il 1 ton şəkər xaricə 674 ABŞ dollarına satılırdısa, bu il ərzində bu məbləğ 72 dollar artaraq 746 dollara çatıb.
Ölkəmizdən neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac olunan əsas mallar siyahısında şəkər cari ilin ötən 3 ayı ərzində 0.13% artım nümayiş etdirib.

Lakin ölkəmizin şəkər istehsalı sarıdan ən azı xammal nöqteyi-nəzərindən idxaldan asılı olduğunu nəzərə alsaq, təbii ki, sözügedən məhsulun bizdə də qiymətlərinin artacağı real görünür. Azərbaycanın illik şəkər və şəkər məhsullarına olan təlabatının 250 min tondan çox olduğu deyilir. Qida sənayesi inkişaf etdikcə şəkərə tələbat artır.

Demək istədiyim budur ki, şəkər istehsalına diqqəti artırmalıyıq. Ölkəmizdə şəkər qıtlığı yarana bilməz. Ancaq qiymətlər arta bilər. Bir də ki, bu sahədə ixracdan gəlir əldə ediriksə və bu, getdikcə artırsa, niyə də bu tendensiyanı saxlamayaq?!


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: İnflyasiya   Şəkər  





Xəbər lenti