Ulu Öndərin inkişaf fəlsəfəsinin zəfərə aparan yolu

   Ulu Öndərin inkişaf fəlsəfəsinin    zəfərə aparan yolu
  15 May 2023    Oxunub:2085
Mayın 10-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və xalqımız görkəmli dövlət xadiminin əvəzsiz xidmətlərini unutmur.
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, 90-cı illərdə hakimiyyətə gələndən sonra siyasi iradəsinin və dövlətçilik təcrübəsinin, diplomatiyasının gücü ilə ölkəmizi dirçəltməyi bacardı. Dahi lider təkcə siyasətin, diplomatiyanın dərin bilicisi olmayıb, zamanında iqtisadiyyatı, inkişaf strategiyasının sirlərini də incəliklərinə qədər öyrənmişdi. Hətta “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli Liderin bu kəlamı illər sonra Vətən müharibəsində bir daha özünü göstərmiş oldu. Azərbaycanın yaxın keçmişinə nəzər saldıqda görərik ki, ölkəmiz nəinki bir sıra iqtisadi, ciddi hərbi sınaqlardan da üzüağ çıxıb. Aprel döyüşlərindən sonra müasir tariximizdə ən yadda qalan hadisələrdən biri məhz İkinci Qarabağ müharibəsində müasir silahlarla əldə etdiyimiz zəfər oldu.

“Atamın məzarı başında dedim ki, məruzə edir Ali Baş Komandan!” - VİDEO
Əsası Heydər Əliyev tərəfindən qoyulan və uzun illər davam etdirilən uğurlu inkişaf strategiyası olmasaydı, şübhəsiz ki, bu müharibəni qısa zamanda qələbə ilə yekunlaşdıra bilməzdik. Ordu, ümumilikdə hərbi məsələlər, beynəlxalq münasibətlər, diplomatiya belə hər zaman iqtisadi potensialımız ilə birbaşa bağlı olub.

İllər öncə xilaskar kimi meydana çıxaraq xalqı eyni anda bir neçə bəladan - sosial-iqtisadi tənəzzül, hərbi, daxili siyasi böhran və müstəqilliyin itirilməsi təhlükəsindən qorumuş Heydər Əliyev müdrikliyi həm də onda idi ki, o özündən sonra qalib ordu formalaşdıra biləcək bir irs, uğurlu siyasi varis, əsl sərkərdə qoyub getdi. Onun siyasi iradəsi və müdrikliyi, inkişaf və islahatlar strategiyası cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin idarəçilik sistemində daim ana xəttə çevrildi. Uzun illər iqtisadi islahatları davamlı hala gətirən Prezident İlham Əliyev Heydər Əliyevin arzuladığı hər zaman güclü, iqtisadi inkişafda olacaq bir dövləti - Azərbaycanı indi dünyaya təkcə neft-qaz ölkəsi deyil, qalib xalq kimi tanıdıb. Əgər Ulu Öndər dövlətçiliyi, müstəqilliyimizi xilas etmişdisə, İlham Əliyev uzun illərin iqtisadi inkişaf siyasətinə köklənərək 21-ci əsrin ordusunu qurdu, sonda isə azərbaycanlıları dünya arenasına ədaləti bərpa edən xalq kimi daşıdı.

Bir sözlə, Ümummilli Liderin memarı olduğu bugünkü Azərbaycanın ərazi bütövlüyünün bərpasının güclü ordudan, qüdrətli ordunun isə uğurlu iqtisadi siyasətdən asılı olması fəlsəfəsi özünü doğrultdu. Sanki Ulu Öndər başımızı dik tutub gəzdiyimiz bu günümüzün, qələbəmizin ilk bünövrəsini zamanında düzgün inkişaf fəlsəfəsini yaratmaqla qoymuşdu. Nə yaxşı ki, onun irsi bu gün də yaşayır, ideal iqtisadi siyasət, islahatlar kursu uğurla davam etdirilir. Bütün bunlar isə nəinki hərb sahəmizə, xalq - iqtidar birliyinin daha da güclənməsinə, siyasi proseslərə də xeyli təsir edir və edəcək.

Günümüzdə inkişafın Heydər Əliyev fəlsəfəsi təkcə hərbdə, diplomatiyada, beynəlxalq münasibətlərdə, deyil, hətta işğaldan sonra quruculuq, bərpa işlərində də istifadə olunur. Ulu Öndər hər zaman dünya iqtisadiyyatına inteqrasiyanın tərəfdarı olub. O, vətəndaşların rahat yaşaması, ən müasir texnologiya və üsulların tətbiqinə çalışar, iqtisadi proseslərə, islahatlara bu kontekstdən yanaşardı. Görünür bu səbəbdəndir ki, Heydər Əliyev fəlsəfəsi bu gün də azad olunan torpaqlarımızdakı quruculuq işlərinə birbaşa təsir edir. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə bərpa işlərinin standart, digər bölgələrdə salınan qəsəbə və yaşayış ərazilərindəki metodlarla davam etdirilməsinə də qərar verə bilərdi. Amma o, öz irsinə sadiq qalaraq vətəndaşların, qarabağlıların daha da komfortlu yaşaması üçün ən müasir üsulları, “Ağıllı şəhər” konsepsiyasını seçdi. Bu incə məqamın özü belə Ulu Öndərin inkişaf fəlsəfəsini tamamlayır...

Hər zaman iqtisadi cəhətdən qüdrətli Azərbaycanın formalaşmasına çalışan Heydər Əliyevin zamanında ölkədəki xaosu aradan qaldıraraq qurduğu uğurlu idarəçilik prinsipləri, xalqa, dövlətə, torpağa bağlılıq ideyaları bu gün artıq Şuşada, Laçında, Kəlbəcərdə və digər Qarabağ torpaqlarında yaşayır və tətbiq edilir. Əminəm ki, dünyada tətbiq olunan ən müasir texnologiya və yeni iqtisadi konsepsiyalar, idarəçilik üsullarının işğaldan azad olunmuş ərazilərimizə daşınması tərəqqipərvər Heydər Əliyevin ruhunu şad edir!

Bir zamanlar qaçqın şəhərciklərində öz isti ocaqlarından didərgin salınmış vətəndaşlarla görüşən Heydər Əliyev onların əvvəlki yurdlarına, evlərinə qayıdacaqlarına əminliyini ifadə edərdi. O, uğurlu neft-qaz strategiyası, ümumilikdə iqtisadiyyatın dinamik inkişafının sonda qaçqınlarımızın əvvəlkindən də gözəl, müasir evlərinə, yurd-yuvalarına qovuşacaqlarına hesablandığını gizlətmirdi. Beləcə mərhum eks-prezident ədalətin bərpası, qaçqınların əzəli və əbədi torpaqlarımıza qayıtmaları üçün iqtisadi qüdrətimizin siyasi, hərbi, diplomatik gücümüzlə vəhdət təşkil etməsinə çalışdı. O prinsiplər, irs, idarəçilik fəlsəfəsi sonralar da yaşadı, nəticədə Prezident İlham Əliyevin zamanında atılan müdrik addımlar sayəsində Azərbaycan iqtisadi potensialını ordu quruculuğuna daha çox yönəltdi.

Bu gün artıq Heydər Əliyevin tariximizdəki rolundan danışanda onun yalnız sovet dövründə, müstəqilliyin ilk illərində ölkəmiz üçün gördüyü misilsiz işlərdən deyil, qələbəmizi əsaslandıran və zamanında bünövrəsini qoyduğu müdrik iqtisadi siyasətdən, sağlam təməldən də söz açırıq.

Ulu öndərin inkişaf fəlsəfəsi olmasaydı və onun uğurlu iqtisadi, siyasi kursu layiqli şəkildə davam etməsəydi, bu gün ümumilikdə regionun taleyini dəyişən tarixi zəfərimizdən, digər uğurlardan da danışmaq mümkün olmazdı. Görkəmli dövlət xadiminin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətinə çevrilib. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: "Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Tural Tağıyev


AzVision.az



Teqlər:   Heydər-Əliyev   İnkişaf   Zəfər   Prezident   İqtisadiyyat   Qarabağ   Ağıllı-Şəhər  





Xəbər lenti