Çörəyi zibildən çıxan nənə: "Bir də gördün öldüm" - VİDEO

    Çörəyi zibildən çıxan nənə:    "Bir də gördün öldüm" -    VİDEO
  27 Aprel 2023    Oxunub:2951
Əminə İxtiyarova əslən İsmayıllı rayonundandır. Artıq 40 ilə yaxındır ki, ailəsi ilə birgə Sumqayıta köçüb. Qadın 3 oğul anasıdır. Ancaq tale elə gətirib ki, ömrünün 68-ci ilində, Əminə xanım özünün nəvazişə ehtiyacı olduğu bir vaxtda zərif çiyinlərində oğuı-uşaq qayğısı çəkməyə məcburdur.
O, evə çörək aparmaq, ailənin dolanışığını təmin etmək üçün artıq 6 ilə yaxındır ki, Sumqayıt şəhərinin zibilxanalarından əşyalar, əsasən də plastik, kauçuk qablar yığıb müəyyən müəssisələrə təhvil verməklə pul qazanır.

AzVision.az onunla daha ətraflı söhbəti təqdim edir:



- İsmayıllıda yaşayırdıq. Daha sonra Sumqayıt şəhərinə köçdük. Burada mənzilimiz var idi. Ancaq oğlanlarım yola getmədiyinə görə bu evi satmaq məcburiyyətində qaldıq. Bundan sonra hərə bir tərəfə dağılışdı. Böyük oğlum ailəsi ilə birgə “pasyolka”ya köçdü. Digər oğlum birgə yaşadığı xanımla ikiotaqlı mənzilə yerləşdi. O bi 40 yaşlı oğlum, onun ailəsi və həyat yoldaşım isə "nasosnu"( Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) adlanan ərazidə kiçik bir daxmada qalmalı olduq. 307 manat pensiya alıram. Həyat yoldaşımın pensiyası isə mənimkindən bir az çoxdur. Ancaq dolanmaq çətindir. Pensiyanın elə 157 manatını yaşadığımız daxmanın kreditinə ödəyirəm, -deyir Əminə xanım.

Onun sözlərinə görə, evə tək pul gətirən bu yaşlı qadındır. O, həmçinin 18 yaşlı nəvəsinin də qayğısına qalır.

- Evdə 7 nəfərik. Həyat yoldaşım 50 il "BTZ"də çalışıb. İndi işləmir, bütün günü evdə oturub siqaret çəkir. Mənimlə yaşayan oğlum isə “moyka” da işləyir. Əslində işləmir desəm, daha doğru olar. Bir gün gəlir ki, yağış yağdı, o biri gün deyir iş yox idi. Bir sözlə, evə qazanc gətirmir. Gəlinim də işsizdir. Onların iki uşaqları var. Böyük oğlumun 18 yaşlı oğul övladı da bizimlə yaşayır. Oğlum gəlinimdən ayrılandan sonra mən götürüb saxlamışam. İndi 18 yaşına çatıb. Ancaq hələ də ona şəxsiyyət vəsiqəsi ala bilməmişik. Şamaxı qeydiyyatındadır. Yol pulu yoxdur ki, gedib sənədləri qaydasına salsın. Deyirəm, “nənə qurban, səni cərimələyəcəklər, oktyabrda əsgər gedəcəksən, get vəsiqəni al”...

Vaxtilə evdar xanım olmuşam. Zibilxanalardan kauçuk əşyalar, plastik şüşələr yığıb satıram. Puluna bir gün çörək, bir gün “pesok” alıram, 5-6 ildir bu işlə məşğulam. Əlcək geyinirəm, işim bitəndən sonra göy sabunla əlimi yuyuram, yuyunuram. Burada çox adam bu işlə məşğul olur.

“Nasosnu”dan Sumqayıta gələnə kimi iki avtobus dəyişirəm. Çox vaxt yol pulum çıxmasın deyə avtobusun birinə minmirəm, 40 qəpiyə görə piyada gəlirəm. Bir də görəcəksiniz elə zibilxanalarda ölmüşəm. Neyləyim, mənim çörəyim də zibilxanalardan çıxır. 70 yaşım var, ancaq çiyinlərim hələ də yüklüdür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti