Büdcənin gəlir və xərcləri açıqlandı

   Büdcənin gəlir və xərcləri açıqlandı
  17 Aprel 2023    Oxunub:1559
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8290,0 milyon manat, xərcləri 6566,9 milyon manat olub. 1723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur.
Maliyyə Nazirliyindən AzVision.az -a bildirilib ki, Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6714,0 milyon manat təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.

Birinci rüb üzrə dövlət büdcəsinin gəlirləri 7908,8 milyon manat proqnoza qarşı 8290,0 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 381,2 min manat və ya 4,8 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,3 faiz və ya 1280,4 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 26,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4899,5 milyon manatı və ya 59,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1576,0 milyon manatı və ya 19,0 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1545,0 milyon manatı və ya 18,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin daxilolmaların, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.

Dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozdan Dövlət Vergi Xidməti üzrə 1131,6 milyon manat və ya 30,0 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 407,0 milyon manat və ya 35,8 faiz çox, Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzrə 3,1 milyon manat və ya 64,6 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 74,2 milyon manat və ya 59,7 faiz çox, sair daxilolmalar üzrə 18,3 milyon manat və ya 40,8 faiz çox icra edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 2820,0 milyon manat məbləğində transfertə qarşı 1576,0 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1244,0 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan verib.

Yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin həmin dövrü ilə müqayisədə Dövlət Vergi Xidməti üzrə 2097,3 milyon manat və ya 74,8 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 313,0 milyon manat və ya 25,4 faiz çox, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1,5 milyon manat və ya 23,4 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 33,3 milyon manat və ya 20,2 faiz çox, sair daxilolmalar üzrə 16,3 milyon manat və ya 34,8 faiz çox, Dövlət Neft Fondundan transfert üzrə 1181,0 milyon manat və ya 42,8 faiz az icra edilib.

Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4430,0 milyon manat olub ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 59,0 faizini və ya 2615,5 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 34,9 faizini və ya 1545,0 milyon manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 4,5 faizini və ya 198,4 milyon manatını büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar, 1,4 faizini və ya 63,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 7,9 milyon manatını Əmlak Məsələləri Dövlət Xidmətinin daxilolmaları təşkil edir.

Neft sektoru üzrə daxilolmalar 3860,0 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1244,0 milyon manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur.

Birinci rübdə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2 faizi və ya 2284,0 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 faizi və ya 1576,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi və 1545,7 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya 225,2 milyon manatı ABƏŞ-in mənfəət vergisi olub.

Dövlət büdcəsinin xərcləri 6566,9 milyon manat və ya rüblük proqnoza qarşı 11,6 faiz çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2023-cü ilin dövlət büdcəsi xərclərinin 19,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz bəndi çoxdur.

Rüb ərzində dövlət büdcəsi xərclərinin 4749,6 milyon manatı və ya 72,3 faizi cari xərclərə, 1619,3 milyon manatı və ya 24,7 faizi əsaslı xərclərə, 198,0 milyon manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsinin funksional təsnifatına görə, kənd təsərrüfatı xərcləri 146,7 faiz icra edilməklə 311,2 milyon manat, səhiyyə xərcləri 140,9 faiz icra edilməklə 474,2 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 133,9 faiz icra edilməklə 1043,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 122,4 faiz icra edilməklə 822,6 milyon, iqtisadi fəaliyyət xərcləri 119,1 faiz icra edilməklə 1448,7 milyon manat, təhsil xərcləri 113,0 faiz icra edilməklə 881,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 104,2 faiz icra edilməklə 508,0 milyon manat olub. Həmçinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 90,1 faiz icra edilməklə 89,3 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 82,6 faiz icra edilməklə 777,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 68,4 faiz icra edilməklə 44,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 61,4 faiz icra edilməklə 38,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 54,2 faiz icra edilərək 127,0 milyon manat təşkil edib.

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3000,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 35,5 faizi və ya 1067,0 milyon manatı istifadə olunub. İstifadə edilmiş vəsaitin 1042,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinin, 13,0 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, 6,0 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşür.

Sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2650,4 milyon manat) 10,2 faizi və ya 269,2 milyon manatı xərc edilib.

Dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 500,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 610,0 milyon manat vəsait nəzərdə tutulub. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 21,8 milyon manat (4,8 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 17,0 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. Həmin ayrılmış vəsaitin 10,9 milyon manatının maliyyələşməsi həyata keçirilmiş, maliyyələşməsi həyata keçirilmiş vəsaitin 6,3 milyon manatının müvafiq qurumlar tərəfindən icrası təmin edilib.

2023-cü il 1 yanvar tarixinə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 18,9 milyon manat təşkil edib. Yanvar-mart ayları üzrə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları 128,2 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş proqnozdan 43,2 milyon manat və 51,0 faiz çoxdur.

Daxilolmaların 59,6 faizini və ya 76,5 milyon manatını idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu, 28,7 faizini və ya 36,8 milyon manatını yol vergisi, 10,4 faizini və ya 13,3 milyon manatını Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu, 1,3 faizini və ya 1,6 milyon manatını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi təşkil edib.

Dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri 82,5 milyon manat təşkil edib ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib. Hesabat dövrünün sonuna “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 64,5 milyon manat təşkil olub.

2023-cü il yanvarın 1-nə “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu”, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”, Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu”, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu” və “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu” üzrə vəsaitin qalığı 50,4 milyon manat olub.

Sözügedən fondların daxilolmaları 2,1 milyon manat təşkil edib ki, bu da təsdiq edilmiş proqnozdan 2,8 milyon manat və 56,8 faiz azdır. Daxilolmaların 51,1 faizini və ya 1,08 milyon manatını “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun, 6,0 faizini və ya 0,13 milyon manatını “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”nun, 35,4 faizini və ya 0,75 milyon manatını “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”nun, 3,3 faizini və ya 0,07 milyon manatını “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu”nun, 4,2 faizini və ya 0,09 milyon manatını “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”nun payına düşür.

Yanvar-mart ayları üzrə sözügedən fondların xərcləri 0,2 milyon manat təşkil edib ki, bu vəsait həmin fondlardan maliyyələşən təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmişdir. Hesabat dövrünün sonuna məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı 52,3 milyon manat olub.

2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1005,0 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Cari ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 150,9 milyon manat azdır.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən birbaşa xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları həcmində azalaraq aprelin 1-nə 6 679,7 milyon ABŞ dolları təşkil edib.

Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla aprelin 1-nə 4368,7 milyon manat təşkil edib.

Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 15557,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7597,4 milyon manat və ya 95,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 7487,9 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8069,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

AzVision.az



Teqlər:





Xəbər lenti