Şirin quyruğuna bağlanmış nota – Elçin Mirzəbəylinin yazısı

      Şirin quyruğuna bağlanmış nota    – Elçin Mirzəbəylinin yazısı
  03 Aprel 2023    Oxunub:5513
"İran" adlanan ölkənin təbliğat-təxribat resursları Tehranın Azərbaycan mediası ilə bağlı rəsmi Bakıya nota verdiyi barədə silsilə informasiyaları sağa-sola püskürürlər. Amma bəlli deyil ki, bu nota hara və kimə verilib. Hazırda Azərbaycan Respublikasının Tehrandakı səfirliyi işləmir. Digər tərəfdən, diplomatik protokola uyğun olaraq, notalar bir qayda olaraq iş günləri göndərilir. Molla rejimi isə notanı dünən, yəni şənbə günü göndərdiyini açıqlayıb. Yəni hara göndərib, kimə göndərib və necə göndərib, bəlli deyil.
Nota qalıb ortalıqda... Havada uçur, ya da hər zaman olduğu gurultulu, mübaliğəli iddialarını "şirin quyruğu"na bağlayıb təsəlli alırlar.

Görünən odur ki, molla rejimi Azərbaycan mediasının "İran" adlanan ölkənin iç üzünü, saxta mahiyyətini açıb ortalığa tökən araşdırmalarından, molla rejiminin Azərbaycana, türk və müsəlman dünyasına, bütövlükdə isə sivil bəşəriyyətə qarşı xain əməlləri barədə həqiqətləri işıqlandırmasından tədirgın olub. Tehranın insanların səmimi hisslərinin istismarı üzərində qurulmuş riyakar təbliğatı artıq heç bir işə yaramır.

Azərbaycan mediası 60 milyonluq bir xalqın və şübhə etmirəm ki, "İran" adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan digər xalqların da düşüncələrini ifadə edir, haqlarını qoruyur. Tehran rejimi isə hər zaman olduğu kimi onun gerçək simasını, fitrətindəki eybəcərlikləri əks etdirən aynanı "sındırmağa" çalışır, özünü ıslah etmək, haqq yoluna qayıtmaq, terrordan, şərə xidmət etməkdən, təcavüzkar davranışlarından əl çəkmək istəmir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk günlərdən Tehran rejimi öz mediasında ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdür, azərbaycanlıları aşağılamaqdan, bütöv bir xalq haqqında təhqiredici materiallar yayımlamaqdan, təfriqə yaratmaqdan əl çəkmir.

Təkcə "Səhər TV" adlanan zəhərli ilanın uzun illərdən bəri Azərbaycan dövlətinə və xalqına qarşı yürütdüyü çirkin informasiya siyasətinə nəzər salmaq yetərlidir ki, Tehran rejiminin düşmənçilik niyyətini görmək mümkün olsun.
Vətənpərvər, ləyaqətli Azərbaycan mediası isə "İran" adlanan ölkənin xüsusi xidmət orqanlarının yaratdığı təxribatçı resursların yalan və böhtanlarına, sadəcə faktlarla, həm də tutarlı cavab verir, nağıl və əfsanə "üyütmür".

Elçin Mirzəbəyli
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru


Teqlər: İran  





Xəbər lenti