"Trendyol”a heç bir qadağa qoyula bilməz" - Deputat

// "Rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil"

  "Trendyol”a heç bir qadağa qoyula bilməz" -    Deputat
  24 Fevral 2023    Oxunub:2981
"Vətəndaşların "Trendyol”dan sifarişinə heç bir halda qadağa qoyula bilməz". Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirib.

Deputat qeyd edib ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir:

- Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər.

Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla, digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. O qeyd edib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti