Xarici ticarətimiz: Narahat olmalı məqamlar var – TƏHLİL

      Xarici ticarətimiz:    Narahat olmalı məqamlar var –    TƏHLİL
  16 Fevral 2023    Oxunub:1856
İqtisadiyyatın real durumunu göstərən əsas indikatorlardan biri xarici ticarət dövriyyəsi - idxal və ixrac əməliyyatlarıdır. Tədiyyə balansını da əsasən məhz bu göstərici müəyyən edir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkəmizə məxsus hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 184 ölkəsindəki tərəfdaşlarla ticarət aparılaraq, 121 ölkəyə ixrac, 172 ölkədən isə idxal həyata keçirilib.
Gömrükdə qeydiyyata alınan, lakin gömrük rəsmiləşdirilməsindən hələ tam olaraq keçməyən ixrac olunmuş xam neft və təbii qazın statistik qiymətləri nəzərə alınmaqla ötən ilin qeyd olunan dövrü ərzində xarici ticarət dövriyyəsinin həcmi ixrac 38 milyard 347 milyon 700 min ABŞ dolları, idxalsa 12 milyard 881 milyon 500 min ABŞ dolları təşkil etməklə, 51 milyard 229 milyon 200 min ABŞ dollarına bərabər olub. Nəticədə 25 milyard 466 milyon 200 min dollarlıq müsbət saldo yaranıb.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7%, real ifadədə 7,9%, o cümlədən ixrac 11,2%, idxal isə 1,2% artıb. Dövlət başçımız İlham Əliyev bu ilin başlanğıcında yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, xarici ticarət 50 milyard dolları ötüb. "İqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir",- Prezident əlavə etdi.

Əlbəttə, bu çox güclü müsbət göstəricidir. Xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərir; ümumiyyətlə, hər ölkənin iqtisadiyyatında hər şey həmin ölkənin nəyi və nə qədər alıb-satması ilə ölçülür. Real iqtisadi gücü də məhz bu amil təzahür etdirir. Məsələn, 3 il qabaq pandemiya şəraiti dünya ölkələrini ilk növbədə ona görə gücdən saldı ki, ticarət zəiflədi, ölkələrarası alış-veriş əlaqələri dayandı və istehsal azaldı.

Xarici ticarətdə müsbət saldo ölkədə makroiqtisadi dayanıqlıq üçün əsas şərtlərdən sayılır. Bunun əsasında maliyyə sabitliyi, dövlət büdcəsinin gəlirliyi, istehsalın artım tempi və s. məsələlər durur. Ümumiyyətlə, qazandığından nə qədər az xərcləsən, bir o qədər çox iqtisadi güc və maliyyə dayanıqlığı əldə edə bilirsən.

Ancaq burada bir məqam var: Biz enerjidaşıyıcıları ölkəsiyik və müsbət saldo buna görədir. İdxal və ixrac əməliyyatlarımızın strukturuna diqqət yetirdikdə dövlət gəlirlərimizin əsas hissəsini neft-qaz sektorundan əldə olunan gəlirlərin təşkil etdiyini görürük. Gəlirlərimizin 90%-dən çox hissəsini məhz bu sektordan ixrac məhsulları təşkil edir. Söhbət bitiumlu süxurlardan alınmış xam neft, neft məhsullarından, neftdən alınan tərkibində neft və ya neft məhsullarının miqdarı 70% kütlə və ya daha çox olan məhsullardan, təbii qaz və qaz halında olan, neft koksu və həmçinin digər məhsullardan gedir. Bunlar ümumilikdə 92%-dən çox təşkil edir. Yəni, bütövlükdə ölkədən ixrac etdiyimiz məhsullar üzrə strukturda 92%-dən çox…


Neft-qaz sektoruna daxil olmayan mallara gəldikdə, bir sıra meyvə-tərəvəz məhsullarını, bitki və heyvan mənşəli yağları, şəkər, tərəvəz və meyvələr üzrə emal məhsullarını, alkoqollu, alkoqolsuz içkiləri, sirkəni, sement, elektrik enerjisi, kimya sənayesi məhsulları, plastmass və onlardan hazırlanan məmulatlar ilə pambıq lifi və ipliyi, qara metallar və onlardan hazırlanan məmulatları, alüminium və ondan hazırlanan məmulatları, həmçinin digər bu kimi məhsul və malları qeyd etmək olar. Bütün bunlar da 7%-dən bir az çox təşkil edir.

İdxala gəldikdə, onun strukturunda yeyinti məhsulları 16%-dən çox yer tutur. Söhbət ət, süd və qaymaq, süddən hazırlanan yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki və heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir.
Ümumiyyətlə, idxalımızda tütün, tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmass, oduncaq və onlardan hazırlanan məmulatlar, geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri, həmçinin digərləri də vardır.

Bəli, iqtisadiyyatımızda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçilib və bu istiqamətdə müvafiq nəticələr də əldə edilməkdədir. Ancaq tələb olunan budur ki, qeyri neft-qaz sektoruna aid məhsullar dominant təşkil etsin. Xarici tıcarət əməliyyatlarımızda buna nail olsaq müsbət saldomuz da möhkəm və dayanıqlı əhəmiyyət kəsb edə bilər və edəcək. Buna isə hələ var.

Ümumiyyətlə, ixrac sırf intensiv şərait sayəsində stimullaşaraq genişlənməlidir, ekstensiv şərait, yəni xarici konyunktur amillər hesabına yox. Dünya bazarlarında yaranan konyunktura hesabına yaranan üstünlük nisbi xarakter daşıyır və buna bel bağlamaq olmaz.

Bu baxımdan, real olaraq xarici ticarətimizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura sahibdir. Bu heç də qənaətbəxş vəziyyət deyil. Qeyri-neft sektorunun inkişafı sayəsində bunu əksinə təmin etməliyik.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Ticarət  





Xəbər lenti