NATO Moldovanı niyə silahlandırır? – Müsahibə

// “Qərb Rusiyanın yaratdığı bütün münaqişə ocaqlarını söndürəcək”

   NATO Moldovanı niyə silahlandırır? –    Müsahibə
  09 Fevral 2023    Oxunub:2800
Yanvarın əvvəlində Almaniya Moldovaya “Piranha” zirehli transportyorları və digər hərbi texnikalar var. 2023-cü ildə Aİ Moldovaya zirehli transportyorlarla yanaşı, atıcı silahların, rabitə vasitələrinin və kiçik PUA-ların tədarükünü maliyyələşdirəcək. NATO Moldovanı niyə və kimə qarşı silahlandırır?
AzVision.az bu mövzuda moldovali politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko ilə söhbətləşib.

- Mətbuatımızda bu barədə müxtəlif fərziyyələr irəli sürülüb. Hətta belə versiyalar da səsləndirilir ki, guya Moldovanın Rusiya-Ukrayna müharibəsində iştirak etmək planları var və bu silahlar həmin məqsədlər üçün lazımdır. Amma təbii ki, belə versiyaları ciddi qəbul etmək olmaz. Ukraynaya hər hansı əhəmiyyətli yardım göstərmək üçün Moldova ordusunun imkanları çox cüzidir. Bizim yardımımız fərqli xarakter daşıyır - Moldova vasitəsilə yetərincə böyük həcmdə yanacaq və bəzi məlumatlara görə, silahlar ötürülür. Bu yardım Ukrayna ordusunun təchizatında mühüm rol oynayır.

Moldova ordusunun arsenalına kifayət qədər müasir silahların çatdırılmasına başlanmasının əsl səbəbi başqadır. ABŞ və bütövlükdə NATO 1990-cı illərin birinci yarısında keçmiş SSRİ ərazisində Rusiya Federasiyasının dondurduğu münaqişələrin (o cümlədən Ermənistan-Azərbaycan və Dnestryanı münaqişəsi) “donunu açmağa” fəal hazırlaşır. Çünki Qərb üçün vacib olan ərazilər Rusiyanın təsiri altındadır. Görünür, bu “açılma” ya Rusiya-Ukrayna müharibəsinin son mərhələsində, Qərbin dəstəklədiyi Ukraynanın uğuru bütün dünyaya bəlli olanda, ya da müharibə başa çatdıqdan sonra baş verəcək.

Azərbaycanda bu istər-istəməz mərkəzi Xankəndi olan quldur ermənipərəst anklavın məhvinə gətirib çıxaracaq.
Moldovaya gəlincə, əgər ölkəmizin hakimiyyət orqanları Rusiya Federasiyasının Ukraynada məğlubiyyətinin dönməzliyinə əmindirlərsə, o zaman çox yaxında Tiraspol rejiminə hansısa diplomatik formada ultimatum veriləcək. Ya muxtar da olsa könüllü şəkildə Moldovanın ayrılmaz hissəsi olduqlarını qəbul edəcək, ya da zorla buna məcbur ediləcəklər.
Ukrayna Dnestryanı problemin hərbi yolla həllində fəal iştirak etməyə hazırdır. Amma separatçıların hələ də müqavimət göstərəcəyi gözlənildiyindən (bu regionda “rus dünyası”nın fanatikləri kifayət qədər çoxdur), onları yatırmaq üçün hazırda Moldova ordusunun aldığı müxtəlif növ silahlar tələb olunacaq.

- Moldova prezidentinin ölkənin neytral statusuna yenidən baxmaq istəyi hansı siyasi risklər yaradır?
- Neytral status bir neçə səbəbə görə Moldova Konstitusiyasına (maddə 11) daxil edilib. Birincisi ona görə ki, Konstitusiyanın qəbulu zamanı (29 iyul 1994-cü il) Moldova ilə NATO arasında münasibətlər yalnız ilkin mərhələdə idi. Moldova yalnız Avro-Atlantika Əməkdaşlıq Şurasına (1992) və Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmağa (1994) imkan tapmışdı, NATO arasında tam hüquqlu əməkdaşlığa hələ çox vardı (Moldova ilə NATO arasında Fərdi əməkdaşlıq planı yalnız 2005-ci ildə imzalanıb). O zaman NATO-ya daxil olmaq perspektivləri az qala illüziya kimi göründüyündən və Dnestryanı bölgələrdə müharibə bərpa olunacağı təqdirdə Qərbin bizə dəstək verməyəcəyi tamamilə aydın olduğundan həmin şəraitdə neytrallıq labüd idi.

Rus qoşunları Dnestrin sol sahilində olarkən neytral dövlət olmağın praktiki mümkünsüzlüyünü “udmaq” məcburiyyətində qaldıq. Moldova Konstitusiyasına neytrallıq tezisinin daxil edilməsinin lehinə işləyən başqa bir hal ölkə sakinlərinin bu hərbi bloka mənfi münasibəti idi.

Artıq vəziyyət dəyişir. Rusiya Federasiyasının Ukraynaya əsassız hücumu, işğalçıların onun ərazisində törətdiyi dəhşətli cinayətlər ölkəmizin hakimiyyətini NATO ilə əlaqələrini gücləndirməyə vadar etdi ki, onun “çətiri” atında özümüzü Kremlin imperiya ambisiyalarından qorumağa ümid edək. Prezident Sandunu neytrallıqdan imtina məsələsini qaldırmağa vadar edən səbəblərdən biri budur.
İkinci səbəb yuxarıda qeyd olunanlarla bağlıdır: Rusiya-Ukrayna müharibəsində həlledici hadisələrin yaxınlaşması və Ukrayna qoşunlarının gözlənilən uğuru. Əgər bu reallaşarsa, o zaman Ukrayna və Moldovanın NATO-ya daxil olması perspektivi bizim üçün kifayət qədər real olacaq və bu, dövlətlərimiz üçün çox vacibdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda neytrallıqdan rəsmi imtinanı Rusiyanın siyasi elitası aqressiv şəkildə qəbul edəcək. Hətta bəziləri NATO dövlətlərini məhv etməyə çağırır (məsələn, televiziya şərhçisi Vladimir Solovyovun Ukraynaya kömək etdiyinə görə “Berlin və Parisi vurmaq” çağırışları). Onların ən vacib məqsədlərindən biri Dnestryanını saxlamaqdır. Əgər Rusiya rəhbərliyində bu “qırğı”ların mövqeyi üstünlük qazanarsa, o zaman ölkəmizin ərazisinə raket zərbələrinin endirilməsi faciəli reallığa çevriləcək və onlardan gizlənmək mümkün olmayacaq.

Nəzərə alsaq ki, Moldovanın hava hücumundan müdafiəsi 1960-cı illərə aid çoxdan köhnəlmiş və Rusiya raketlərindən qorunmaq iqtidarında olmayan silahlardan ibarətdir, ölkəmizə çox böyük maddi ziyanı dəyəcək, insanlar tələf olacaq. Konstitusiyaya daxil edilmiş neytrallıq prinsipinin rədd edilməsinin bu gün özü ilə gətirdiyi əsas risk məhz budur.

- Moldovanın NATO ilə yaxınlaşması ilə bağlı cəmiyyətdə əhval-ruhiyyə necədir?
- Ölkəmizdə müxtəlif illərdə əhalinin ən azı 40-45, bəzən hətta 65-70%-nin müsbət qəbul etdiyi, Moldovanın arzuladığı sabitlik, firavanlıq və asayiş modeli sayılan Aİ-dən fərqli olaraq, NATO-ya münasibət həmişə kökündən fərqli olub. Şimali Atlantika bloku əhalinin təxminən 20-25%-nin dəstəyini alıb. Təxminən 1990-cı illərin ikinci yarısında yaranmış NATO tərəfdarlarının bu faizi hər hansı siyasi təlatümlərə və hətta ölkə sakinlərini qorxuya salan Ukraynadakı müharibəyə baxmayaraq, onilliklər ərzində və bu günə qədər dəyişməz qalıb.

Bu fakt iki cür izah olunur. Birincisi, NATO-nun həmişə SSRİ-ni bütün mümkün vasitələrlə məhv etmək arzusunda olan şeytan kimi təsvir edildiyi sovet təbliğatının nəticələri ilə. Bu tezis hələ də SSRİ-ni yaxşı xatırlayan orta və yaşlı nəslin şüurunda qalır. İkincisi, Moldova xalqının Rusiyadan ənənəvi qorxusu: “əgər NATO-ya çox yaxınlaşsaq”, o zaman hələ də “böyük güc” kimi görünən Rusiya “bizə çox zərər verə bilər”, hətta “dövlətimizi məhv edər”. Ona görə də “Rusiyanı çox da qəzəbləndirməməliyik”, NATO-dan uzaq durmalıyıq, o zaman sağ qalacağıq və yavaş-yavaş inkişaf edəcəyik. Sonra nə olacağını görərik…

Rusiya ilə bağlı bu qorxunu həm də Rumıniyanın təbliğatı qidalandırır, onun telekanalları “Rusiya bizim düşmənimizdir” kimi oxşar fikirlər yayır, eyni zamanda “nəhəng ölkədir”, “böyük ehtiyatlara” malikdir və buna görə də “onunla çox çəkişmək lazım deyil”, “həddimizi bilməliyik” təbliğatı aparırlar. Ölkəmizin mediası və siyasətçiləri də “böyük dövlət” mifini dağıtmağa çalışmırlar, əksinə, Rusiya ilə “hələ də hesablaşmaq lazım olduğunu” deyirlər. Üstəlik, bu qəbildən olan bəyanatları hətta özlərini qərbyönlü (Rusiyayönümlü siyasətçilər bir yana qalsın) sayan şəxslər də tez-tez səsləndirirlər.

Qarşıdakı illərdə, Rusiya Federasiyasının Ukraynada məğlubiyyəti halında belə siyasətçilərimiz, yəqin ki, bir müddət Rusiyaya qarşı eyni dərəcədə ehtiyatlı davranmağa davam edəcəklərindən, şübhəsiz ki, Moldovada yaxın gələcəkdə NATO tərəfdarlarının sayı əhəmiyyətli dərəcədə artmayacaq.

Murad Nəcəfov
AzVision.az

Müxtəlif mövzularda eksklüziv ekspert rəylərilə tanış olmaq üçün "Təhlil Lenti"nə keçin.



Teqlər: Şərh   Müsahibə  





Xəbər lenti