Azay Quliyev Parlamentdə sığorta şirkətlərini tənqid etdi

Azay Quliyev Parlamentdə sığorta şirkətlərini tənqid etdi
  01 Fevral 2023    Oxunub:826
Bu gün Milli Məclisdə “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik müzakirə olunan zaman çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, sosial xarakterli fövqəladə mühitlə bağlı yeni müddəaların qanunvericiliyə gətirilməsi çox önəmli və vacib məsələdir.
“Bəzən əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına və əmlakına əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan hadisələr və ya fövqəladə hallar baş verir ki, bunların nəticələrini aradan qaldırmaq üçün hadisənin dəqiq tövsifinə və ya definisiyasına ehtiyac yaranır. Bu həm də ona görə vacibdir ki, bu cür hadisələrdən qaynaqlanan problemlərin təxirəsalınmadan həllinə yönəlik addımların atılması üçün müvafiq dövlət qurumlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilsin”.

Azay Quliyev konkret misalla fikrini davam etdirib: “Bu ilin yanvarın 2-də deputat seçildiyim Binəqədi rayonu 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması nəticəsində güclü partlayış baş verdi. Nəticədə, 6 mənzil tamamilə yararsız vəziyyət düşdü, 1 nəfər həlak oldu və 2 nəfər yaralandı. Mən partlayış baş verən mənzillərdə olarkən gördüm ki, həqiqətən, vətəndaşların nəinki mənzilləri, həmçinin, əksər ev avadanlıqları və əşyaları da tamamilə yararsız hala düşüb. Hazırda bu ailələri hər şeydən öncə müvəqqəti yaşayış yeri ilə təmin etmək lazımdır, sonra isə onların evləri təmir olunmalı və müvafiq avadanlıqla təchiz edilməlidir.

Lakin bu sahədə qanunvericlikdə olan boşluq səbəbindən, o cümlədən FHN-nin və yerli icra hakmiyyətinin büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığından, problemin həllilə bağlı müvafiq qərarlar qəbul etmək mümkün olmayıb”.

Qanun layihəsini dəstəkləyən millət vəkili qeyd edib ki, müzakirə olunan sənəd bu kimi problemlərin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını nəzərdə tutur. Zərərçəkmiş əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxil olacaq.

Azay Quliyev sığorta şirkətlərinin fəaliyyətindən narazılıq ifadə etdi: “Burada başqa bir həssas məsələyə də toxunmaq istərdim. Bu cür fövqəladə hal yaranan zaman dövlət qurumlarının nümayəndələri deyirlər ki, hər bir vətəndaş daşınar və ya daşınmaz əmlakını sığortalamalıdır. Bəli, bununla razılaşmaq, həm də bunun bir mədəniyyət olduğunu qeyd etmək lazımdır. Ancaq, baxaq, sığorta hadisəsi baş verəndə sığorta şirkəti vətəndaşa nə qədər vəsait ayırır və ümumiyyətlə, sığorta şirkətlərinə inamın artması üçün aidiyyəti qurumların işi qənaətbəxşdirmi?

Məsələn, qeyd etdiyim binada partlayış nəticəsində mənzili yararsız vəziyyətə düşmüş vətəndaşlardan biri mənzilini sığortalamış və vətəndaşın 46,5 km sahəsi olan mənzilinə sığorta şirkəti cəmi 7079 manat sığorta pulu təklif etmişdi. Təbii ki, bu vəsaitlə yararsız vəziyyəti düşmüş mənzilin təmiri və müvafiq avadanlıqla təchiz olunması mümkün deyil. Ona görə də dövlət qurumları belə hadisələr səbəbindən vətəndaşa dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsini tələb edən zaman, bu sahədə mövcud reallığı da nəzərə almalıdırlar”.

Sonda deputat ümid etdiyini bildirib ki, qanun layihəsi qəbul edildikdən sonra tətbiq olunan mexanizm çevik və işlək olacaq, baş vermiş fövqəladə hadisənin nəticələri təxirəsalınmadan aradan qaldırılacaqdır.



Teqlər: Fövqəladə-hallar  





Xəbər lenti