Bu il illik inflyasiya 8 % ətrafında olacaq

   Bu il illik inflyasiya 8 % ətrafında olacaq
  01 Fevral 2023    Oxunub:1072
Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8 % ətrafında olacağı gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilir ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb:

“Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.”

“Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir.

2022-ci ildə əhalinin nominal gəlirlərinin 20%-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər. 2022-ci ilin dekabrında illik inflyasiya 14.4% olmuşdur ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə cəmi 1.2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10.2%, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10.6% olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23.4% olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir.

İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlmişdir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir.”- AMB bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti