Ölkənin ilk ödənişli yolunda nəzarət məntəqələri quraşdırılır
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) və 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, ikisi adi qaydada keçidi təmin edəcək. Bir keçid isə ehtiyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə ediləcək.
Bundan başqa, yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazilərdir. Sözügedən ərazilərdə hər bir hərəkət istiqaməti üzrə iki nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.
Magistral avtomobil yolundan istifadə üçün ödənişin yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir, əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Ümumilikdə yeni inşa edilən 150 kilometrlik yolboyu 39 qovşaq və yol ötürücü körpü tikilib.
Avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına da əlavə təkan verəcək, həmçinin dəhlizlə yük və sərnişin daşımalarında mühüm rol oynayacaq.
AzVision.az
Teqlər: