Xammal əvəzinə texnologiya

// Avropa öz istehsalını Mərkəzi Asiyaya köçürür

   Xammal əvəzinə texnologiya
  27 Yanvar 2023    Oxunub:1765
Ötən ilin sonunda Almaniyanın xarici işlər naziri Annalin Berbokun səfəri Avropa Birliyinin Mərkəzi Asiya ölkələri, ilk növbədə Qazaxıstan və Özbəkistanla bağlı kartlarını açmışdı. O, Astanaya səfəri ərəfəsində demişdi ki, “Mərkəzi Asiya dövlətləri həmişə Rusiya, Çin və Avropa arasında körpü olmağa ümid ediblər. İndi onlar bu ölkələr üçün “xırda pul”a çevriləcəklərindən qorxurlar”.
Qısa müddətdə Orta Asiya-Qərb münasibətlərinə dair bir neçə regional tədbir olub: Vaşinqtonda “C5+1” (Mərkəzi Asiya – ABŞ) xarici işlər nazirləri səviyyəsində görüş, Astanada Mərkəzi Asiya – Rusiya sammiti, Seulda Mərkəzi Asiya – Cənubi Koreya sammiti, Orta Asiya - Avropa İttifaqı sammiti, bir də Şarl Mişelin regiona səfəri. Mişel regiona səfərilə göstərmək istəyirdi ki, Rusiya, ABŞ, Cənubi Koreya və Yaponiyadan başqa, regionda Avropa Birliyi də var.

Annalin Berbokun səfəri isə əksinə, real siyasi və iqtisadi gündəmlə dolu idi. O, Qazaxıstanın çətin coğrafi vəziyyətdəki aydın mövqeyinin böyük hörmətə layiq olduğunu deyib. Həmçinin ölkədə davam edən islahatları qeyd edib. Almaniyanın xarici işlər naziri “bu uzun və çətin yolda” Qazaxıstana dəstək vəd edib. O, iki ölkə arasında əməkdaşlığın tərəfdaşlığa əsaslanmalı olduğunu vurğulayıb.

Qərb ekspertləri vurğulayırlar ki, Avropa İttifaqı sənaye obyektlərinin köçürülməsi və logistika baxımından Mərkəzi Asiyanı özünün ən yaxın gələcək tərəfdaşı kimi görür. Blokada, sanksiyalar, iqtisadiyyatın Asiyaya transferi üçün qlobal tendensiyaların dəyişməsi səbəbindən tədarük zəncirlərinin yenidən qurulması prosesi gedir. Əsas diqqət Çinin “Bir kəmər – bir yol” layihəsinə yönəlib. Transxəzər xətti də onun tərkib hissəsi kimi Avropa İttifaqının diqqət yetirdiyi marşrutlardan biridir.

Almaniya Qazaxıstanla qarşılıqlı əlaqələri “texnologiya müqabilində xammal” sxemi üzrə həyata keçirməyi təklif edir. Astanada danışıqların əsas mövzusu Avropa İttifaqının yeni texnoloji iqtisadiyyatı üçün vacib olan nadir mədən metallarının tədarükü olub. İndi əsas tədarükçü Çindir. Çindən asılılıq Avropa İttifaqı üçün kritik dərəcədə təhlükəli hala çevrilib. Qazaxıstan ona alternativ olacaq. Amma Qazaxıstana yerin təkinin işlənməsi üçün yüksək texnologiyalı struktur və texnologiyalar gərəkdir. Almaniya ona lazım olan hər şeyi təmin etməyə hazırdır.

Avropa İttifaqı həm Qazaxıstanı, həm də noyabrın 1-də Annalin Berbokun səfər etdiyi Özbəkistanı öz istehsallarını köçürə biləcəkləri potensial yerlər hesab edir. Rusiya ilə iş bitib və yaxın bir neçə ildə bərpa olunmayacaq, ona görə də Almaniyanın Rusiya Federasiyasına investisiyaları ləğv olunub. Bu gün Avropa, ilk növbədə Almaniyanın istehsal müəssisələrinin Qazaxıstan və Özbəkistan ərazilərinə köçürülməsi prosesi gedir. 300-dən çox müəssisə köçməyə hazırlaşır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu yaxınlarda elan etdiyi kimi, onlardan 50-si artıq qeydiyyat icazəsi alıb. Biznesin ötürülməsi üçün Özbəkistandakı ərazilər də nəzərdən keçiriləcək.

Regionun üstünlükləri ilk növbədə ucuz işçi qüvvəsinin, yerli xammalın, o cümlədən neft-kimya məhsullarının, gübrələrin, metalların, nəhayət, istehlak bazarlarının yaxınlıqda olmasıdır. Avrasiya İqtisadi Birliyi, eləcə də MDB azad ticarət zonası çərçivəsində sərbəst ticarət sazişləri mövcuddur. Qazaxıstan və Özbəkistan birbaşa öz ərazilərində istehsal olunan paralel idxal məhsullarını təkcə Rusiyanın deyil, İran, İraq, Əfqanıstan və digərlərinin artan bazarlarına da tədarük edə biləcəklər. 350-400 milyon insan Avropa İttifaqının gələcək ekspansiyası üçün əhəmiyyətli bazardır.

Postsovet məkanında iki ölkə Qərb üçün xüsusilə əhəmiyyətli və vacibdir - Azərbaycan və Özbəkistandır. Onların artan demoqrafiyası, inkişaf edən iqtisadiyyatı və gələcək sənayeləşmə proqramları var. Bu ölkələr həm iqtisadi inkişaf müəssisələrinin transferi, həm də potensial əmək bazarı kimi perspektivli görünürlər. Artıq bu ölkənin vətəndaşları işləmək üçün Rusiyaya getməli olmayacaq, öz evlərində iş tapa biləcəklər. Eyni şey infrastruktur layihələrinə də aiddir. Alman şirkətləri Qazaxıstan və Özbəkistan müəssisələrini idarə etmək üçün öz texnoloji və idarəetmə komandalarını təqdim etməyə hazırdırlar. Artıq proses gedir.

Nadir Quliyev
AzVision.az



Teqlər: Orta-Asiya  





Xəbər lenti