"Qara qitə" bozaranda: Fransa Afrikadan qovulur

// "Üçüncü dünya" soyuq müharibənin yeni ünvanına çevrilir

 "Qara qitə" bozaranda:  Fransa Afrikadan qovulur
  26 Yanvar 2023    Oxunub:2122
Afrika ölkələrində Parisə, fransız müstəmləkəçiliyinin qalıqlarına qarşı etiraz artmaqdadır. Bugünlərdə Burkina-Faso hakimiyyəti ölkədə yerləşdirilmiş fransız hərbçiləri ilə bağlı sərt qərar qəbul etdi. Onlar fransızlara ölkədən çıxmaları üçün bir ay vaxt verdilər.
Burkina-Faso hökumətinin 2018-ci ildən ölkədə Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləyən sazişi denonsasiya etməsi əslində Paris üçün gözlənilməz olmamalı idi. Çünki son bir neçə ay ərzində Burkino-Faso sakinləri Fransa Silahlı Qüvvələrinin bazasının yaxınlığında mütəmadi etiraz aksiyaları keçirirdilər. Xüsusən də ötən ilin noyabrında Uaqaduquda Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbilə keçirilən nümayişlər daha çox diqqət çəkmişdi.


"Le Monde" qəzeti hələ yanvarın 7-də Fransa xüsusi təyinatlılarının Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən bazasından çıxarıla biləcəyini yazmışdı. Ən pis halda hərbçilərin sayının dəyişdirilməsi nəzərdə tutulurdu. Maraqlıdır ki, baş nazir Appoliner Kyelem de Tambel belə bir gərginlik fonunda Rusiyanı Uaqaduqda səfirlik açmağa çağırırdı.

Ukrayna ordusunu tanklarla silahlandırmağı planlaşdıran prezident Emmanuel Makron isə Afrikadakı uğursuzluğunu həzm edə bilmir. Makron məsələyə aydınlıq gətirilməli olduğunu vurğulayıb və Burkina Fasonun "yeni xunta liderinin izahatlarını gözlədiyini" bildirib. Rəsmi Paris Traorenin sentyabrda hakimiyyəti ələ keçirməsindən sonra keçmiş müstəmləkədə Fransa əleyhinə əhval-ruhiyyənin artdığına işarə edib. Ən əsası isə qoşunların çıxarılması qərarında Kremlin əli olduğu bildirilib.

Makron imtina etdi: "Əlcəzairdən üzr istəməyəcəyəm"
Rusiyanın rəsmi Parisin Moskvanı ittiham etməsinə reaksiyası özünü çox gözlətməyib. Xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib ki, Emmanuel Makronun Burkina-Faso hakimiyyətinin Fransa qoşunlarının ölkədən çıxarılması qərarında Moskvanın əli olması ilə bağlı səsləndirdiyi ittihamlar Parisin başqa ölkələrin işlərinə qarışdığını sübut edir.
- Bu, xarici siyasət prinsipləri məsələsidir. Biz digər ölkələrin daxili işlərinə qarışmırıq. Prezident Makronun bəyanatında açıq şəkildə deyilir ki, Fransa belə müdaxilələrə icazə verir və hətta ondan istifadə də edir, - Lavrov deyib.


Rusiya XİN rəhbəri xüsusi olaraq vurğulayıb ki, “Afrika qitəsindəki suveren dövlətlər Fransa ilə münasibətlərindən məyus olanda və öz aktual problemlərini, o cümlədən təhlükəsizlik sahəsindəki problemlərini həll etmək üçün başqa tərəfdaşlar tapmaq istəyəndə cənab Makronun bəyanatına bənzər reaksiya başlayır”.

O həmçinin qeyd edib ki, bundan öncə Fransanın xarici işlər naziri və Avropa diplomatiyasının rəhbəri Josef Borrel də oxşar mövzuda arzuolunmaz fikirlər səsləndirmişdi. O, Moskvadan Mali hakimiyyətinin təhlükəsizlik məsələlərini həll etmək üçün niyə Rusiyanın özəl hərbi şirkətinə müraciət etməsi ilə bağlı izahat verməsini tələb etmişdi.

Xatırladaq ki, bu, Fransanı Afrika ölkələri ilə bağlı ilk ordu qalmaqalı deyil. Paris ötən il 2013-cü ildən bəri təsir dairəsində saxladığı Malidəki işğalçı ordusunu tamamilə çıxarmaq məcburiyyətində qalmışdı.

Əslində Afrika xalqlarının Qərbə, xüsusən də Fransanın buradakı hərbi-siyasi təsirlərinə qarşı çıxması başa düşüləndir. Çünki problemin dərin kökləri var. Afrikanın bütün ölkələrində əhali yüksək sürətlə artsa da, bu qitədə bərabərsizlik və yoxsulluq səviyyəsi dünyada ən aşağı göstəricilərlə qalır. Qitənin xüsusən də şimal və qərb hissələri neft-qazla zəngindir. Amma Afrikanın çox hissəsi əkinçiliklə məşğuldur və bunu son dərəcə əlverişsiz şəraitdə edirlər. Su çatışmazlığı, torpaq eroziyaları, daimi siyasi qeyri-sabitlik kənd təsərrüfatına mənfi təsir edir. Afrika ölkələri hələ də istehsal sənayesinin, infrastrukturun və nəqliyyatın zəif inkişafı ilə müstəmləkə iqtisadiyyatının qalıqlarına qalib gələ bilməyiblər. Qərb ölkələrinin Burkino-Faso da daxil olmaqla digər dövlətlərə müdaxiləsi isə çox vaxt dağıdıcı olur. Qitənin mütərəqqi ölkələri məlum “Ərəb baharı”ndan və xarici müdaxilədən hələ də əziyyət çəkir, az inkişaf etmiş ərazilər isə Qərb korporasiyaları tərəfindən təhlükəli tullantılar üçün zibilxana kimi istifadə olunur.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Afrika   Fransa   Makron   Rusiya  





Xəbər lenti