`Oğlumdan sonra ad günü keçirmirəm` - Arif Quliyev

 `Oğlumdan sonra ad günü keçirmirəm` -  Arif Quliyev
  16 May 2014    Oxunub:2585
Bu gün Azərbaycanın xalq artisti, aktyor Arif Quliyevin 64 yaşı tamam olur. AzVision.az xalq artisti ilə əlaqə saxlayaraq, doğum gününü təbrik edib və ondan kiçik müsahibə alıb.
- Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Bir neçə dostumla oturub, bir stəkan çay içəcəyik. Böyük ad günü keçirmirəm. Çünki övladımın ili təzə çıxıb. Oğlumdan sonra istəmirəm. İnşallah, gələn il 65 illiyimdə qismət olsa, keçirərəm.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Yaşdan var-dövlət olarmı?

- Yaşdan var- dövlət olmaz. Çünki var-dövlət dostdur, arxadır , xoş münasibətdir, qazandığın illərin nailiyyətidir. Amma yaşın artması var- dövlət ola bilməz. İnsan bir az kövrəlir, kədərlənir. Çünki yaşının üstünə yaş gəlir. Və sanki illərlə gördüyü işlərin hesabatını verir.

- O mənada var-dövlət qazana bildiniz, yoxsa hələ də kasıbsınız?

- Yox. Mənim var-dövlətim insanların mənə hörməti oldu. Başqa heç nə qazanmadım. Pul belədir ki, xərclənir, gedir. Hörməti və sevgini xərcləmək olmur.

- 64 il necə gəlib keçdi? Yaşamaq sizə çətin olmadı ki?

- Əla keçib. Bütün itirdiklərimə, təəssüf etdiklərimə baxmayaraq, həyatımdan narazı deyiləm. Çətin olmayıb, həvəslə yaşamışam. Nə istəmişəm, Allah onu mənə qismət edib, eləyir də, mənə elə gəlir, edəcək də. Çünki həmişə kimsəsiz olanda bir Allah, bir də yaxşı insanların köməyinə arxalanmışam. Bu cür sınaqlardan çıxmış adamam , necə həyatdan, yaşamaqdan doya bilərəm?! Həyatı yüksək qiymətləndirməyə borcluyam axı.

- Ümumiyyətlə, insan ən çətin dövrünü hansı yaşda yaşayır?

- Ən çətin yaş dövrü kiçik yaşdır ki, heç nə edə bilmirsən. Bükürlər, orada qalırsan. Ona görə də uşaqlığı deyərdim.

- Bu gün aynaya baxanda nə hiss etdiniz, nə dediniz özünüzə, bir dəyişiklik gördünüzmü?

- Yaşımın üstünə yaş gəlməsini hiss etmirəm. Yenə də yaşamaq, işləmək, insanlara sənət borcumu vermək, gözəl həyatı görmək həvəsi içimdə qalıb. Amma yaş öz sözünü deyir də...

- Bəs darıxdığınız yaş dövrü varmı?

- Yox , qəti yoxdur.

- Deyirlər, insan qocalanda uşaqlaşır, hər şeydən tez inciyir, küsür. Əlamətləri varmı sizdə?

- Hələ yoxdur. Allah qismət etsə, 70 yaşdan sonra ola bilər. İnsan lap uşaqlaşır , kövrəlir, qayğıya ehtiyacı olur... Uşaq necə, o da elə olur.

- Bu gün hansı obrazınızın sizi öz dili ilə təbrik etməsini istərdiniz?

- Obrazlar aktyorun uşağıdır. Övladlar kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hamısı əzizdir. Ona görə də, onlar məni deyil, mən bütün obrazlarımı təbrik etmək istəyirəm. Onların sayəsində hörmət qazanmışam, indi də bu gün mən onları qiymətləndirirəm.

- Neçə yaşa kimi yaşamaq istərdiniz?

- Nə qədər qismətdir. Nə qədər alnıma yazılıb, onu da görəcəyəm. Artıq təmənnam yoxdur mənim dünyadan. Həmişə razıyam.

- 64 ildə nələri itirdiniz, nələri qazandınız ?

- Çox şey qazanmışam. İtirdiklərimə gəlincə isə, Allahın yazısıdır ki, uşaqlıqda valideyinləri itirmişəm , uşaq evində olmuşam. Buna baxmayaraq , bəxtim gətirib ki, nəticə yaxşı olub, xalq sevgisi qazanmışam. Bu istək çox şeyi həyatımda əvəz edib.



Şahanə RƏHİMLİ




Teqlər:  





Xəbər lenti