Soledarı tutmaq ruslara nə verəcək – ŞƏRH

// NATO "şərq cinahı"nı niyə gücləndirir?

   Soledarı tutmaq ruslara nə verəcək –    ŞƏRH
  16 Yanvar 2023    Oxunub:3335
Ötən həftə ruslar ağır döyüşlərdən sonra Soledar qəsəbəsini tutduqlarını bildirdilər. Soledar o qədər kiçik bir yaşayış məntəqəsidir ki, hətta döyüş meydanındakı vəziyyəti göstərən operativ xəritələrdə belə nəzərə çarpmır. Bəs nə üçün onun uğrunda bu qədər şiddətli döyüşlər getdi və bəzi məlumatlara görə, hər iki tərəfdən 700-ə yaxın itki var?
Çünki Soledar – öncə Baxmut, sonra isə Donetsk istiqamətində hücum əməliyyatları üçün vacib platsdarm ola bilər. Avdeyevka istiqamətində döyüşlər də məhz eyni məntiqə görə Rusiya üçün önəmlidir. Üstəlik, Soledarın ələ keçirilməsi cənub-qərbdə yerləşən yaşayış məntəqələrindəki Ukrayna qoşunlarının təchizat yollarını kəsməyə imkan verəcək.

Soledarın bu qədər çətinlikə tutulması onu göstərir ki, Baxmut uğrunda döyüşlər hər iki tərəf üçün daha ağır keçəcək. Üstəlik, Britaniyanın məşhur Müharibələri Araşırmaları İnstitutuna görə, Soledarın tutulması hələ heç də Baxmutun mühasirəyə alınacağı demək deyil.


İnstitut Ukrayna kəşfiyyatının başqa məlumatını da təsdiqləyir. Ukrayna kəşfiyyatı hazırda hər şeyə qadir olan, əli hər yerə girən ingilis kəşfiyyatının flialı kimi fəaliyyət göstərdiyindən, təsdiqləməyi də normaldır.

Məlumata görə, hazırda Rusiya rəhbərliyi orduda çox dərin və ciddi islahatlar planı hazırlayıb və il ərzində müharibə gedə-gedə onu tətbiq etməyi düşünür. Müharibənin sonrakı taleyi məhz Rusiya rəhbərliyinin nəzərdə tutduğu islahatların döyüşən orduda necə tətbiq edilməsindən asılı olacaq.

Qərb paytaxtlarında bu məlumata ciddi yanaşırlar. Ona görə də bu həftə Amerika 1250 hərbi texnika vahidini NATO-nun şərq cinahına göndərmək haqda qərar qəbul etdi. Onlar yaxın günlərdə Hollandiyanın Flissingen limanından Ukraynanın bilavasitə yaxınlığına - Polşa və Litvaya çatdırılacaqlar. Aralarında “M1 Abrams” tanklarının və “Bradley” PDM-lərinin olacağ da güman edilir.

“NATO-nun şərq cinahının gücləndirilməsi” adlandırılan bu proses şübhəsiz ki, Rusiyanın Orduda hazırladığı islahatlar və hücumlarını davam etdirmək planları ilə bağlıdır.

Görünən budur ki, yazın gəlişi ilə Ukraynadakı müharibə yeni və daha qanlı, ağır fazaya qədəm qoyacaq. Dünyada bir çox ölkələr məhz buna hazırlaşırlar.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Soledar   Ukrayna  





Xəbər lenti