Müharibənin 10 ayının yekunları: Rusiya niyə və nədə uduZur?! – TƏHLİL

      Müharibənin 10 ayının yekunları:    Rusiya niyə və nədə uduZur?! –    TƏHLİL
  10 Yanvar 2023    Oxunub:1575
Avropanın iki böyük ölkəsi arasında müharibə artıq bir ilə yaxındır davam edir. Genişmiqyaslı döyüş əməliyyatları quru qoşunlarının və hərbi hava qüvvələrinin tam, hərbi dəniz qüvvələrinin isə qismən tətbiqi ilə aparılır. 10 aylıq əməliyyatları nəzərdən keçirdikdə Rusiyanın quru qoşunlarında yorğunluq hiss olunur. Bu isə yaxın 3 ayda genişmiqyaslı hücumları istisna edir, lakin ayrı-ayrı istiqamətlərdə lokal əməliyyatlar gözlənilə bilər.
Rusiya Silahlı Qüvvələrinin ötən müddət ərzində həyata keçirdikləri hücum əməliyyatlarının ümumi nəticələri müsbət olsa da, sonradan rus qoşunlarının geri çəkilməsi şəxsi heyət və zəbt olunan ərazidə yaşayan rusmeyilli əhali arasında ciddi mənfi fəsadlar yaradıb. Bəs necə oldu ki, Ukraynadan dəfələrlə üstün potensiala malik Rusiya ordusu əldə etdiklərini itirir?

Rusiyanının səhvləri

Bunun bir neçə səbəbi var. İlk növbədə rus ordusu öz güclü tərəflərini tam dərk edərək, ondan Ukrayna ordusunun həssas və zəif nöqtələrinə qarşı səmərəli istifadə edə bilmir. Adaptiv müharibə aparmağın lazım gəldiyi yerdə standart əməliyyatlar rus ordusuna dividendlər gətirmir, gətirsə də, epizodik xarakter daşıyır.

Rusiya həm keyfiyyət, həm də kəmiyyət üstünlüyünə malik olsa da, bunlardan doğru-dürüst şəkildə istifadə etməyi bacarmır. Müasir müharibədə hava üstünlüyü əldə etmək vacibdir, amma yalnız hava zərbələri ilə qalib gəlmək artıq mümkün deyil, çünki aviasiya bütün şübhəli obyektləri və bütün hədəfləri aşkar edib vura bilməz, qanadlı raketlər isə yalnız strateji hədəflərə qarşı effektivdir.


Əgər döyüş şəhər ərazilərində baş verirsə, raket və aviasiya zərbələri hər iki tərəf üçün təhlükəli xarakter daşıyır. Çünki əsasən idarəolunmayan sursatlardan istifadə edən Rusiya aviasiyası bir-birinə yaxın məsafədə yerləşən qoşunlar arasında özünə aid qüvvələri ilə rəqib qüvvələrin harada olduğunu dəqiq müəyyənləşdirə bilmir. Buna görə də quru qoşunlarının aktiv hücum əməliyyatları olmadan Rusiya Silahlı Qüvvələri Ukraynada qələbə qazanmayacaq.

Divin canı şüşədədir

Müasir lokal müharibələrin aparılması məntiq və taktika baxımından fərqlənir. Qələbə ümumilikdə üstün gücün mövcudluğu ilə deyil, konkret zamanda, konkret məqamda düşmən üzərində üstünlük əldə etmək bacarığı ilə müəyyən edilir. Rusiya Silahlı Qüvvələrinin Ukrayna müharibəsində çoxsaylı zəif tərəfləri məlum oldu. Qərbin hərbi texnologiyalarından, maddi dəstəyindən, müasir silahlarından və genişmiqyaslı kəşfiyyat xidmətlərindən yararlanan Ukrayna ordusu hazırda hamımızın gözlədiyindən daha üstün döyüş potensialı nümayiş etdirir. Rusiyanın quru qoşunları isə son 5 ayda Ukrayna ərazisində bir dənə də olsun sürətli və dərin hücum əməliyyatı həyata keçirə bilməyib.


Bunun əsas səbəbi kimi rus piyadaların zirehli texnikadan təcrid olunmuş və müstəqil şəkildə manevrli döyüş əməliyyatları aparmağa qadir olmamasını göstərə bilərik. Rus qoşunlarının döyüş nizamnamələri motoatıcı və desant bölmələrinin fəaliyyətini sıx şəkildə piyada döyüş maşınlarına, desantın döyüş maşınlarına və zirehli personal daşıyıcılarına bağlayır. 8 nəfərdən ibarət motoatıcı manqa heyəti itkilərə çox həssasdır, hər hansı yaralanma və ya ölüm döyüş qabiliyyətinin kəskin azalmasına, bəzən isə aktiv əməliyyatların dayandırılmasına səbəb olur. Əgər manqanın döyüş maşını vurulursa, bu manqanın sonrakı psixoloji və döyüş vəziyyətini bərpa etmək çətin olur. Bu faktoru nəzərə alan Ukrayna ordusu rusların döyüş texnikalarının məhv edilməsinə daha çox üstünlük verir.

Tankların boynu bükük...

Avtomatik olaraq "Niyə Rusiya zirehli vasitələri Ukrayna ordusunun silahları qarşısında bu qədər acizdir?" sualı ortaya çıxır.
Birincisi, rusların hərbi texnikalarının əksəriyyəti müasir deyil, Ukraynanın istifadə etdiyi 2-ci və 3-cü nəsil tank əleyhinə silahlardan effektiv qorunmanı təmin etmir. Aktiv mühafizə sistemlərini demirəm, rus tanklarında bəzən dinamik mühafizənin olmadığı da faktdır. Əvəzində isə rus generallar tankın qülləsi üzərində "manqal" adlanan gülünc və səmərəsiz dəmir barmaqlıqlar yerləşdiriblər.

Rus tankları Ukraynanın yerli "Stugna", "Baryer", "Korsair" komplekslərinin tandem döyüş başlığından qorunmasına zəmanət verəcək mühafizəyə də malik deyillər. Ən yaxşı halda raket alın hissəyə tuş gələrsə, tank qismən salamat qala bilər, amma çox güman ki, sıradan çıxacaq. Amma raket yan tərəfdən dəyirsə, tankın sağ qalma və qısa müddətdə bərpa olunmaq şansı demək olar ki, qalmır.


Hazırda Rusiya tankları üçün ən böyük təhlükə "Javelin" və NLAW raket kompleksləridir. Dəqiqliyi 95-99% təşkil edən bu raketlərin kumulyativ zərbəsi tanka yuxarı tərəfdən endirilir.

Rusiya ordusunun hazırda Ukrayna ərazisində təxminən 1200-ə qədər tankı və 2700-ə qədər döyüş maşını var, Ukrayna Silahlı Qüvvələrində olan tank əleyhinə raket komplekslərinin sayı bundan dəfələrlə çoxdur. Müttəfiqləri isə Kiyevə tədarükü davam etdirir. Ukrayna ordusunun 5,5 km-ə qədər atış məsafəsi olan TƏİRK-lərlə təchizatı texnikaya çox bağlı olan rus piyadalarının manevr imkanlarını kifayət qədər azaldır.

Nişangah boş qalanda

Rusiya qoşunlarının digər bir çatışmazlığı piyada qoşunların optika və termal görüntüləmə cihazları ilə təchizatının zəif olmasıdır. Müasir müharibə sensorlar, optik və termal görüntüləmə cihazları olmadan mümkünsüzdür. Bu cihazlar hətta köhnə silahların parametrlərini əhəmiyyətli dərəcədə genişləndirir. Gecələr termal görüntü cihazları yaxın döyüşdə düşmən üzərində üstünlüyü təmin edir. Rusiya ordusunun termal görüntü cihazları yalnız döyüş maşınlarındadır, lakin onların kəmiyyət və keyfiyyəti son dərəcə məhduddur. Bu cihazlar olmadan, xüsusən də qışda sürətli manevr fəaliyyətləri həyata keçirmək sadəcə, mümkün deyil.


FSB-nin Donbassdakı xüsusi təyinatlı qruplarının Fransanın çoxfunksiyalı "Sagem Jim LR" durbinlərindən istifadə etməsi xarakterik detaldır, çünki Rusiya hələ analoji cihazların istehsalını mənimsəyə bilmir. Rusiyanın quru qoşunlarında ən çox yayılmış termal görüntüləmə cihazları T-72B3-də yerləşdirilən "Sosna-U" tank nişangahları və “T-90”dakı "Essa"dır; onlar əlverişli şəraitdə gecə tank tipli hədəflərin 4 və 6 km-ə qədər olan açıq ərazilərdə aşkarlamasını təmin edən 3-cü nəsil matrisası soyudulmayan cihazlardır. Maskalanan tankların tanınma məsafəsi isə 2-3 km-ə qədərdir. Bu cihazlar cəmi 6 saat fasiləsiz çalışa bilir. Qış aylarında isə gecə bəzən 16 saata qədər davam edir. Əlavə olaraq, rus istehsalı termal nişangahların piyadaları aşkarlamaq və tanımaq qabiliyyəti də çox aşağıdır. "Sosna-U" termal kamerası uzanan piyadanı 1 km-dən çox olmayan məsafədə tanıya bilir.

Başqa sözlə desək, Ukrayna ordusunun daşınan "Javelin" kompleksinin operatoru gecə vaxtı termal görüntüləmə nişangahında Rusiya tankını və ya hər hansı bir texnikasını 3 km məsafədə görə və 2,5 km məsafədən 95% ehtimalla məhv edə bilir. Belə bir məsafədə olan analoji Rusiya silahı isə Ukraynanın TƏİRK heyətini gecə saatlarında nə aşkarlamağa, nə də məhv etməyə qadirdir.

Yuxarıdan zərbələr

Rusiya ordusunun digər mühüm çatışmazlığı Ukraynanın tətbiq etdiyi Türkiyənin müasir "Bayraktar" tipli pilotsuz uçuş aparatlarından və digər hücum vasitələrindən ön döyüş birləşmələrini mühafizə edəcək effektiv HHM sistemlərinin olmamasıdır. "Bayraktar"ın əsas üstünlüyü uzaqmənzilli optik-elektron sistemidir ki, bu da pilotsuz vasitənin düşmənin məhvetmə zonasına girmədən, öz qoşunlarının dərinliyindən 20 km məsafədə yerləşən düşmənin döyüş vasitələrini müşahidə etməyə və onları hədəf kimi işıqlandırmağa imkan verir. Rusiya Silahlı Qüvvələrində "Bayraktar" optik-elektron sisteminə bənzər avadanlıq yoxdur və yaxın perspektivdə olmayacaq. Bu isə rus ordusuna əməliyyat şəraiti haqqında real görüntülər əldə etməyə imkan vermir.


Rusiyanın çoxlu sayda hava hücumundan müdafiə sistemləri mövcuddur, lakin Liviya, Suriya və Qarabağdakı müharibə təcrübəsinin göstərdiyi kimi, "Bayraktar"ların rus radarlarına zəif görünməsi, radiomaneələrə qarşı davamlılığı onların cəbhə xəttindəki əlverişli taktiki vəziyyətdə və ya düşmənin döyüş birləşmələrinin dərinliklərində hədəfləri uğurla məhv etməsinə imkan verir. Rusiya hazırda səmanı "Bayraktar"lar üçün tam bağlaya bilmir, bu isə PUA-ların əməliyyat zonasında hər hansı rəqib bölməsi və ya onların texnikalarını əlverişli hədəfə çevirir.

Çatışmayan resurslar

Başqa bir problemli məsələ silahlı qüvvələrinin uzunmüddətli intensiv döyüş əməliyyatları aparmağa hazır olmamasıdır. Rusiya quru qüvvələrinin sayını bərpa etməkdə çətinliklərlə qarşılaşır. Səfərbərlik elan olunması da Rusiyanın hücum potensialına müsbət təsir etmədi. Rusiya ordusu qaçılmaz itkilərə çox həssasdır; bu, rusları tez ruhdan salır, digər tərəfdən, rus ordusunda xronoloji döyüş yorğunluğu aşkar şəkildə müşahidə olunur. Bu isə qoşunların fasiləsiz və intensiv rotasiyalarını qaçılmaz edir. Nəticədə əraziyə yeni gələn qoşunların adaptasiyası da zaman tələb edir. Bu isə şəxsi heyət çatışmazlığı yaradır.


Rusiya uzunmüddətli müharibə aparmaq üçün lazım olan hərbi texnika və resursların bərpasında artan problemləri sanksiyalar üzündən həll edə bilmir. Ukrayna Silahlı Qüvvələri isə vətəndaş cəmiyyətinin səfərbərliyi sayəsində böyük şəhərlərdə döyüş qabiliyyətinin ən yüksək artımına nail olmaq imkanına malikdir. Yaşayış məntəqələrində müharibə rus ordusunun üstünlüyünü əhəmiyyətli dərəcədə azaldır. Rusiya üçün şəhərlərə çəkilərək əməliyyatları davam etdirmək daha böyük itkilərlə müşahidə olunur. Binaların sıx yerləşdiyi ərazilərdə döyüşmək üçün təlim keçmiş təcrübəli qüvvələrin çatışmazlığı da hiss olunur.

Ukraynanın üstünlükləri

NATO-nun Ukrayna Silahlı Qüvvələrini düşmənin hərəkətləri haqqında hərtərəfli kəşfiyyat məlumatları ilə təmin etməsi hər gün özünü daha çox göstərir. Nəticədə Ukrayna ordusu düşmənin bütün hərəkətləri, rabitə əlaqələri, komanda məntəqələrinin yerdəyişməsi, təchizat məntəqələri haqqında məlumatlar əldə edir.

Ukrayna ordusunun digər bir üstünlüyü qoşunların tank əleyhinə sistemlərlə yüksək təchizatıdır. Mobil zərbə qruplarının artilleriya, "Javelin" və "Stuqna" tank əleyhinə raket kompleksləri ilə təchiz edilməsi sayəsində Ukrayna Silahlı Qüvvələri kiçik qruplar şəklində zirehli vasitələrin dəstəyindən asılı olmayaraq hücum manevrləri edə bilir, bu isə düşmənə daimi təqib zərbələri və itkilər vermək üçün bütün imkanlar yaradır.


Qış aylarında "Javelin" komplekslərinin Ukrayna tərəfindən istifadəsi xüsusilə təsirli olacaq, çünki rusların ondan müdafiə vasitələri yoxdur. Ukrayna Silahlı Qüvvələri artıq 1200-dən çox müxtəlif raket kompleksi alıb və tədarük davam edir.

Yaşayış məntəqələrindən artilleriya zərbələri pilotsuz təyyarələrdən dəqiq tənzimlənərsə, rusların gizli hərəkət etmək imkanı daha da məhdudlaşacaq və itkiləri artacaq.


"Bayraktar" PUA-larının mövcudluğu rusların 1-ci eşalon bölmələrinin hərəkətlərinə nəzarət etməyə və dəqiq zərbələr endirməyə, düşmənin piyada və kiçik zirehli texnika qruplarının Ukraynanın döyüşən birləşmələrinin dərinliklərinə sızmasının qarşısını almağa, eləcə də digər qüvvələri yönəltməyə imkan verəcək.


NATO-nun davam edən müharibəyə kütləvi hərbi-siyasi hazırlıqlarını nəzərə alsaq, Ukrayna uzun sürən hərbi əməliyyatlar zamanı müttəfiqlərinin köməyi ilə əksər silah növlərinin itkilərini bərpa edə biləcək. Məsələn, NATO ölkələrindən müasir termal nişangahların kütləvi tədarükü, “Luç” Dizayn Bürosundan tank əleyhinə sistemlərin termal nişangahlar ilə çatdırılması Ukrayna Silahlı Qüvvələrini qısa müddətdə təmin etməyə imkan verə bilər. Bu isə ön cəbhədə optik-elektron kəşfiyyatda ruslar üzərində üstünlüyü təmin etməklə bərabər, gecələr təmas döyüşlərində Ukrayna ordusunun piyada və hərbi texnikalarına mühüm imkanlar yarada bilər. Eyni məsələni hücum tipli pilotsuz vasitələrin, artilleriya mərmilərinin, hava hücumundan müdafiə sistemlərinin, yüksək dəqiqlikli silahların və kəşfiyyat avadanlıqlarının tədarükünə də aid edə bilərik.

...Beləliklə,..

Rusiya ordusu bazalara hava və raket zərbələri endirsə belə, Ukrayna silahlı qüvvələrinə qarşı sürətli genişmiqyaslı hücum əməliyyatı keçirəcəyi qış aylarında mümkün görünmür. İnfrastruktur və müdafiə sistemini havadan sıradan çıxarmaq ruslar üçün daha uyğun variantdır, amma Ukraynaya hava hücumundan müdafiə sistemlərinin təchizatında verilən sözlər tutularsa, rusların havada üstünlüyünü azaltmaq da mümkün olacaq.

Rusiya hələ də Ukrayna infrastrukturuna ağır itkilər vermək imkanına malikdir, lakin Xersonu azad edən Ukrayna ordusu əməliyyatlar zonasında təşəbbüsü ələ keçirib. Buna görə də rusların lokal hücumlarının dayandırılması və geri oturdulması Ukrayna ordusu üçün mümkün vəzifələrdir. Ukrayna ordusunun üstünlüklərini artırmaq, daha böyük vəzifələri icra etmək üçün bir sıra mühüm silah növləri üzrə geriliyi azaltmaq baxımından müəyyən islahatlara da ehtiyacı var. İslahat doktrinası müharibədə qələbəyə nail olmaq üçün optimal strategiya və taktika əsasında qurulmalıdır. Bu məsələdə Ukrayna ordusuna müttəfiqləri də yardım edə bilərlər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: Müharibə   Rusiya   Ukrayna  







Xəbər lenti