Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi... – Çempionun xatirələri

   Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi... –    Çempionun xatirələri
  09 Yanvar 2023    Oxunub:6555
Pərvanə İsmayılova,
Qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası
Xüsusi olaraq AzVision.az üçün

Dahi Anatoli Karpov ilə ilk görüşümün necə baş verməsi haqda bu yazıda, ikinci görüşlə bağlı xatirələri isə burada təsvir etmişdim. Üçüncü görüşümüzün də maraqlı tarixçəsi var...
1997-ci ildə İstanbulda kişilər arasında beynəlxalq şahmat festivalı keçirilirdi. 15 yaşım var idi. Şahmat karyeramın ən gözəl və ən güclü oynadığım dövrü idi. Lakin yenə tək idim. Yarışlara özüm-özümü hazırlayırdım. Ölkəmizin Şahmat Federasiyasından görə bilmədiyim dəstək və qarşılaşdığım haqsızlıqlar səbəbilə uzaqlaşıb, qardaş Türkiyədə yaşamağa məcbur olmuşdum.

Hər yaxşı karyeralı şahmatçının ən az bir müəllimi olur. Mənim isə müəllimim özüm idim. Təbii ki, arada atamın dəstəyini hiss edirdim. Lakin ildən-ilə şahmatın səviyyəsi artırdı. Rəqiblərim çox güclü müəllimlərlə məşq etdiyi üçün mənə artıq atamın dəstəyi kömək etmirdi. Gecə-gündüz bacardığım qədər öz üzərimdə işləyirdim. Amma aşağı yaş dövrlərindəki kimi nailiyyətlərim daha olmurdu. Bu, başqa bir mövzu olaraq qalsın.


Mən İstanbulda həm orta təhsil alır, həm də şahmat fəaliyyətimə bacardığım qədər davam edirdim. Kişilər arasında beynəlxalq şahmat festivalına dəvət alanda çox sevinmişdim. Çünki qatıla biləcəyim səviyyəli yarışlar kifayət qədər az olurdu. Olanlara isə maddi imkansızlıq səbəbilə gedə bilmirdim.

Bu yarışda iştirak etmək niyyətimin əsas səbəbi ancaq birinci olmaq idi. Pərvanə olaraq qalmağım və davam etməyim üçün bu yarışda qalib gəlməli idim. Gəldim də!

Yarışın son gün idi, bağlanış mərasimi başlayırdı. Böyük həyəcan və sevinclə kuboku alacağım dəqiqələri gözləyirdim. Bir anda yenə dahi qrossmeyster Anatoli Karpovu yarışın təşkilatçılarının yanında gördüm.

Gözlərimə inana bilmədim. Bu, həqiqətən mənim üçün çox böyük sürpriz oldu. Alacağım kubokun dəyərinə dəyər qatıldı. Sakitcə zaldakı digər iştirakçılara qoşulub, gözləməyə başladım. Əslində məni çox yaxşı tanıyan Karpova yaxınlaşıb, görüşməli idim. Amma bir sınaq keçirmək qərarına gəldim.


Tədbir başladı, təşkilatçılar və fəxri qonaqlar çıxışlarını etdilər. Nəhayət, qalibin elan olunması vaxtı gəldi çatdı. Yarışının hakimi böyük sevinclə birinci yerin qalibi kimi məni səhnəyə dəvət etdi. Səhnəyə çıxarkən Karpovun üzünə diqqətlə baxırdım. Təəccüblə qaşlarını çatıb, məni süzdü. Sınağımın səbəbi bu idi. Deməli, Karpov artıq məni tanıyırdı...

Dahi Karpov tərəfindən unudulmamağım şahmata həvəsimi daha da artırırdı. Səhnəyə çıxdım. Karpov gülərək əlimi bərk-bərk sıxdı və kuboku mənə təqdim etdi. Əyilib, qulağıma bir söz dedi. Bu, hər kəsin marağına səbəb olmuşdu. Hamını düşündürürdü ki, görəsən, şahmatın kralı mənə nə dedi ki, hər ikimiz gülümsədik?

Karpovun dediklərini ilk dəfə burada yazıram: "Gözəl qız, hər yerdə qarşıma sən çıxırsan. Bilmirəm bu, təsadüfdür, ya mənim şansımdır?"
Həmin sözlər indi də qulağımda səslənir.

Daha sonra isə səhnədən hər kəsə məni artıq yaxşı şahmatçı kimi tanıdığını və turnirin qalibi olduğuma heç də təəccüb etmədiyini bildirdi.

Doğrudan da, dahi sənətkarların şəxsiyyəti də böyük olur. Məhz bu səbəbdən mən dahi Karpovun həm şahmat taktikasını və strategiyasını, həm də yüksək insani keyfiyyətlərini çox bəyənirəm. O, həqiqətən çox böyük insandır. Doğru bir deyim var: "Yaxşı insanın milliyyəti olmur", yaxşı insanlar özləri ayrıca bir millətdirlər.

Təqdimatdan sonra Karpov yenə bir neçə şahmatçı ilə seans görüşləri keçirdi. Bu dəfə isə oyunu hər ikimiz bəlkə də bilərəkdən heç-heçəyə apardıq. Bu, mənim karyeramda ən qiymətli "heç-heçə" oldu.



Teqlər: Şahmat  





Xəbər lenti