Qoşqusunda 8 avtomobil olan yük maşını yandı

Qoşqusunda 8 avtomobil olan yük maşını yandı
  01 Yanvar 2023    Oxunub:988
Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın qoşqusunda 8 ədəd müxtəlif markalı minik avtomobilləri olan “Mercedes-Benz Actros” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib və genişlənmə riski var.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə və qoşqudakı avtomobillərə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi və qoşquda olan minik avtomobilləri yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti