“Azərbaycanla Ermənistan arasındakı sülh bölgədə Rusiyanın sonu olacaq” – Ukraynalı ekspert

   “Azərbaycanla Ermənistan arasındakı sülh bölgədə Rusiyanın sonu olacaq” –    Ukraynalı ekspert
  27 Dekabr 2022    Oxunub:2007
“Bu gün Cənubi Qafqazda yaranmış vəziyyət olduqca maraqlıdır. Bir tərəfdən Rusiya Azərbaycanla Ermənistan arasında barışığa nail olmağa çalışır, digər tərəfdən isə hər iki dövlət, fikrimcə, amerikalı vasitəçilərə, məsələn, ABŞ dövlət katibi Entoni Blinkenə daha çox güvənirlər. Rusiya bundan qıcıqlanır və Cənubi Qafqazdakı oyunlarda İran faktorundan istifadə edir”.
Bu sözləri AzVision.az -a açıqlamasında ukraynalı siyasi ekspert, Dünya Siyasəti İnstitutunun direktoru, “Hibrid müharibə” kitabının müəllifi Yevgeni Maqda deyib.

O, Ermənistanın İranla hər hansı hərbi-siyasi ittifaq yaratmağa qadir olduğuna inanmır: “ Bu, Paşinyanın nümayiş etdirdiyi “demokratik lider” imicini məhv edəcək. Paşinyan 44 günlük müharibədən sonra Azərbaycanla kompromis tapmaq istiqamətində kifayət qədər stabil siyasətçi olub, ona görə də, belə bir siyasi intihara gedəcəyini düşünmürəm”.

Ekspertin fikrincə, regiondakı proseslərdə Xəzər nefti amili lazımınca qiymətləndirilmir. Ancaq Azərbaycan öz neftini Aİ ərazisində nə qədər fəal şəkildə tanıtsa, bir o qədər yaxşı olar.

“Üçüncüsü, KTMT faktorudur. NATO-ya alternativ kimi çıxış edən hərbi-siyasi təşkilat ölüdür. KTMT-nin nə qədər zəif olduğunu biz təşkilatın İrəvanda keçirilən sammitində gördük. Orada Paşinyan bəyannaməni imzalamaqdan imtina etdi. KTMT əslində Rusiyanın ona həvalə etdiyi rolu oynaya bilmir. Orada yalnız Belarus qalıb. Bütün digər dövlətlər artıq bu təşkilatda yoxdurlar. Bu mənim üçün tam aşkar faktdır”, - Y.Maqda bildirib.

Ekspert düşünür ki, Rusiya Ukraynada müntəzəm olaraq məğlubiyyətlərə məruz qaldığına görə ona müəyyən kompensasiya lazımdır. On minlərlə Rusiya vətəndaşının Ermənistan və Gürcüstan ərazisinə axınını orada mövcud hakimiyyətlərə qarşı “gözlənilməz” etirazlarla nəticələnə də bilər. Rusiyaya öz vətəndaşlarına nəyəsə nail ola biləcəyini göstərmək lazımdır. Buna görə də, heç nəyin qarşısında dayanmayacaq. Belə vəziyyətdə Azərbaycan və Ermənistan nə qədər tez dil tapıb barışa bilsələr, hamı üçün bir o qədər yaxşı olar.

“Ermənistanla Azərbaycan arasında sülh həm də Rusiyanın Cənubi Qafqaz regionunda mövcudluğunun sonu demək olacaq. O, Gümrüdən çıxmağa məcbur olacaq, sülhməramlılarını nəinki Qarabağdan çıxaracaq, hətta Gürcüstanın işğal olunmuş ərazilərini də tərk edəcək. Xatırladım ki, Rusiya bu ölkənin ərazisinin 20%-ni işğal edib”, - E.Maqda deyib.

Seymur Məmmədov
AzVision.az




Teqlər: Rusiya   Ekspert  





Xəbər lenti