Sülhməramlıların mandatı olmalıdırmı? – Rusiyalı ekspertlər

   Sülhməramlıların mandatı olmalıdırmı? –    Rusiyalı ekspertlər
  19 Dekabr 2022    Oxunub:2535
Şuşa yaxınlığındakı avtomobil magistralının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində nəzarətsiz, ekoloji qaydalara əməl olunmadan qanunsuz fəaliyyətlər həyata keçirilir və təbii sərvətlər talanır. Nəticədə ətraf mühitə böyük ziyan dəyir, çaylar və yeraltı sular ağır metallarla çirklənir. Azərbaycan ekoloqlarının bu yataqların monitorinqini aparmaq cəhdlərinə baxmayaraq, Rusiya tərəfi tələblərə məhəl qoymur. Rusiya sülhməramlıları hətta ekoloqların və ictimai fəalların ölkənin təbii sərvətlərinin qeyri-qanuni istismar edildiyi ərazilərə keçməsinə belə icazə vermirlər. Onlar Azərbaycan ərazisində özlərini sanki bu torpaqların sahibi kimi aparırlar. Belə olan halda ortaya suallar çıxır: Rusiya sülhməramlıları Qarabağda nədən ötrüdürlər? Kreml Qarabağı Azərbaycanın tarixi torpaqları kimi tanıyırsa, niyə Azərbaycan vətəndaşları öz ərazilərinə daxil olmaq hüququndan məhrum edilirlər? Niyə Bakı ilə Moskva arasında Rusiya sülhməramlılarının mandatı ilə bağlı saziş yoxdur?

AzVision.az -ın bu suallarına rusiyalı politoloq Sergey Markov və rusiyalı ekspert Darya Qrevtsova cavab veriblər.

Sergey Markovun sözlərinə görə, Rusiya sülhməramlılarının mandatı Rusiya, Azərbaycan və Ermənistan arasında ikinci Qarabağ müharibəsindən sonra 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli sazişlə razılaşdırılıb: “Ona görə də bu mandat çox məhduddur, çünki ortada Azərbaycanla Ermənistanı bir-birindən ayıran siyasi uçurum var. Mandata bir neçə bənd daxildir: 1) Rusiya sülhməramlıları Qarabağda bu sazişə əsasən geri çəkilməli olan erməni silahlı birləşmələrini əvəz edir; 2) Bu mandata əsasən, erməni silahlı birləşmələrinin əvəzinə mülki erməni əhalisinin mühafizəsi ilə rus sülhməramlıları məşğul olmalıdır; 3) sülhməramlılar atəşkəs rejiminə nəzarət etməli, pozuntuları qeydə almalıdırlar; 4) sülhməramlıların münaqişə tərəflərindən birinə müdaxilə etmək və ya ərazi tutmaq hüququ yoxdur.
Rusiya sülhməramlıları Xocalı aeroportundan çıxıblar

Sülhməramlıların yalnız öz həyatları və ya mülki əhali üçün təhlükə yarandığı təqdirdə silahdan istifadə etmək hüququ var. Buna görə də, onların səlahiyyətləri son dərəcə məhduddur. Əslində, Rusiya sülhməramlıları Qarabağa mümkün hərbi əməliyyatları dayandırmaq üçün gəliblər. Artıq 2 ildir hərbi əməliyyatlar dayandırılıb və düşünürəm ki, üç ildən sonra Rusiya sülhməramlıları Qarabağı tərk etməyə hazır olacaqlar”, - rusiyalı politoloq deyib.

Darya Qrevtsova da qeyd edib ki, Rusiya sülhməramlılarının mandatına təbii ki, Qarabağın iqtisadi həyatının tənzimlənməsi və yük maşınlarının yoxlanılması daxil deyil: “Sülhməramlıların mandatı ümumiyyətlə çox məhduddur, bu mandat Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli saziş əsasında formalaşıb. Nəzərə alsaq ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycandır, Rusiya sülhməramlılarının Qarabağda olmasının formatı və mandatı ilə bağlı Rusiya ilə Azərbaycan arasında ikitərəfli sazişin bağlanması məqsədəuyğun ola bilər.

Rusiya sülhməramlılarının Qarabağda olmasının əsas məqsədi erməni silahlı birləşmələrinin otadan tam çıxarılması üçün şərait yaradılmasıdır. Ermənistan dinc erməni əhalisini qorumaq üçün silahlı birləşmələrə ehtiyac olduğunu bildirmişdi, ancaq Rusiya sülhməramlıları ora gələndən sonra Ermənistanın bu arqumenti tamamilə puça çıxdı. Ona görə də, Rusiya sülhməramlılarının Qarabağda olması Azərbaycanın maraqlarına uyğundur, çünki bu, erməni silahlı birləşmələrinin tamamilə çıxarılmasına imkan verir.

Təbii ki, erməni milliyyətindən olan şəxslərin Rusiya sülhməramlılarının sıralarına sıza bilməsi Azərbaycanın haqlı narahatlığına səbəb olur. Rusiya çoxmillətli ölkə olduğu üçün orduda müxtəlif millətlərdən olan əsgərlər xidmət edir və onlara heç bir fərq qoyulmur. Amma nəzərə alsaq ki, Qarabağ təkcə Ermənistanla Azərbaycan arasında dövlətlərarası deyil, həm də millətlərarası münaqişədir, bu səbəbdən ermənilərin Rusiya sülhməramlılarının fəaliyyətinə daxildən təsir edə bilməsi düzgün deyil”, - həmsöhbətimiz bildirib.

Seymur Məmmədov

AzVision.az




Teqlər: Sülhməramlı   Qarabağ  





Xəbər lenti