Fransa Ermənistana sözdən başqa heç nə verməyəcək – Ədalət Verdiyevin yazısı

   Fransa Ermənistana sözdən başqa heç nə verməyəcək –    Ədalət Verdiyevin yazısı
  17 Dekabr 2022    Oxunub:3522
Fransanın Ermənistana istənilən siyasi dəstək addımı erməni xalqını hədsiz dərəcədə ruhlandırır. Son bir əsrdə həmin dəstək bu və ya digər şəkildə, amma "saman altından" daim göstərilib. İndi isə Paris Ermənistan-Azərbaycan nizamlanması kontekstində İrəvanı və separatçı rejimi açıq şəkildə dəstəkləyir. Bu isə iki tərəf arasında sülh sazişinin imzalanmasını da ləngidir.
Rəsmi Paris hazırda siyasi dəstək addımlarından irəliyə getməyə və erməni tərəfini hərbi sahədə dəstəkləməyə hazır deyil. Bu hərbi dəstəyi Ermənistan heç zaman almayıb, bundan sonra da alacağı real görünmür.
Əlcəzairdə törətdiyi soyqırımlar barədə susmağa üstünlük verən Fransanın yalnız sözlə digər soyqırım törətmək həvəskarı olan ermənizmi dəstəkləməsi Azərbaycanın Qələbəsinə nöqtə qədər də olsun kölgə sala bilmədi. Parisin dəstəyi əslində Ermənistanın təhlükəsizlik probleminin həllinə heç bir töhfə vermir. Əksinə, Fransa və İran kimi ölkələrin dəstəyi fərari Ermənistan ordusunu və Qarabağdakı separatçıları bir qədər ruhlandırır, nəticədə Azərbaycan Ordusu avqustda və sentyabrda olduğu kimi həm rusların müvəqqəti nəzarət etdiyi ərazilərin miqyasını azaldır, həm də şərti sərhəddə yeni yüksəkliklər və mövqelər əldə edərək tarixi ərazilərində yerləşməkdə davam edir. Əgər Fransanın dəstəyi bu tempdə davam edərsə, Paris yaxın bir il ərzində "unitaz ovçularını" Qərbi Zəngəzursuz, Qarabağdakı rusları isə işsiz-gücsüz qoya bilər.

Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Ermənistanda böyük sevinc və coşqu ilə qarşılanmışdı. Qətnamədə üzdəniraq senat digər məsələlərlə yanaşı, Fransa hökumətinə avropalı tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Azərbaycana qarşı diplomatik və iqtisadi təzyiqlərin nəzərdə tutulmasını təklif edirdi. Azərbaycan hakimiyyətinin aktivlərini hədəfə alacaq sanksiyaların, o cümlədən, ölkədən qaz və neft idxalına embarqonun tətbiq edilməsi də qətnamədə yer alırdı. Lakin bu təklifləri ermənilərdən başqa kimsə ciddiyə almadı. Əvəzində isə Azərbaycan Parisin qatılacağı müzakirələrdən imtina etdi.

Beləliklə, Fransanın Cənubi Qafqazda geosiyasi maraqlarını yürütmək kontekstində rəsmi Bakıya qarşı təzyiq aləti yaratmaq niyyəti bir əsr əvvəl olduğu kimi, yenə ermənilərin başında çatlayır. Yenə də itirən tərəf ermənilərdir. Fransa isə hazırda "oyundankənar" vəziyyətdə qalmaqda davam edir. Necə deyərlər, iki kor bacı "qaş düzəldirdilər, vurub gözü də çıxardılar".

Keçmisi insanlıq əleyhinə cinayətlərlə zəngin olan Fransa təhlükəsizlik məsələsində kimdən gəldi imdad diləyən Ermənistanı zərbə altında qoyduğunu yəqin ki, anlayır. Əslində münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması üçün Avropa platforması müəyyən uğurlara nail olmuşdu, lakin Paris bu platformanı dağıtmaq üçün əlindən gələni etdi. Fransa senatı məlum qətnaməni qəbul etməklə faktiki Azərbaycana imkan verdi ki, ermənizmin 2 əsas dəstəkçisindən ən vacibi olan Parisi danışıqlar prosesindən çıxarsın. Əslində Fransa Senatı bu məsələdə Azərbaycanın əlinə oynadı. Bu qətnamədən Ermənistan və separatılar heç nə qazanmadılar, əksinə, itirdilər. Fransanın Ermənistanda geniş rəğbətlə qarşılanan qətnaməsi Parisin danışıqlarda vasitəçilik rolunun Minsk qrupunun yanında "dəfni" ilə nəticələndi.

Senatının boş sözlərdən ibarət və Azərbaycana heç bir təsir qüvvəsi olmayan qətnaməsindən sonra Ermənistan təhlükəli mərhələyə qədəm qoyub. Şərti sərhəddə və Qarabağda erməni silahlılarının atəşkəsi pozmaları, erməni ordusunun yüksək dağlıq ərazilərdə məhdud döyüş potensialı, rus kontingentinə qarşı Azərbaycanda etirazların artması və s. hadisələrin fonunda Fransa KİV-ində Araik Arutunyan kimi cinayətkarın "qəhrəmanlaşdırılması" Azərbaycan tərəfini növbəti "sürprizlərə" istiqamətləndirir. Baxaq görək, 100 ildən çoxdur ki, sadəcə olaraq sözlə ermənizmə rəğbət bəsləyən Fransa real əmələ keçərək bu "sürpriz"lərin qarşısını ala biləcəkmi? Ermənistan ordusunda bu gün pampersdən tutmuş, hava hücumundan müdafiə sistemləri və reaktiv artilleriyaya qədər hər şeyə ehtiyac var. Amma Fransa istəsə belə, Ermənistana silah verə bilməyəcək. Nə qədər ki, Ermənistan KTMT-dədir və Moskva ilə müttəfiqdir, ona nə NATO, nə də Fransa silah verəcək. Söz verəcəklər, amma silah yox.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti