İqlim dəyişikliyi Roma İmperiyasının süqutuna səbəb olub

  İqlim dəyişikliyi Roma İmperiyasının süqutuna səbəb olub
  17 Dekabr 2022    Oxunub:1405
İsveçrənin Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutundan Ulf Byuntqenin rəhbərlik etdiyi beynəlxalq klimatoloqlar qrupu eramızın III-V əsrlərində Roma İmperiyasının süqutunun əsas amillərindən birinin iqlim dəyişikliyi olduğu qənaətinə gəliblər.
Tədqiqatçılar ağacların illik halqalarının təhlili əsasında son 2500 il ərzində Avropada iqlim dəyişikliyi tarixini yenidən qurublar. Onlar fosil və taxta artefaktlardan, həmçinin ağaclardan istifadə ediblər. Nümunələr isə Almaniya, Fransa, İtaliya və Avstriyadan gətirilib.

Məlum olub ki, yayın isti və rütubətli olduğu dövrlər Avropa sivilizasiyalarının nisbi çiçəklənməsinin tarixi dövrlərinə, Roma imperiyasının “III əsr böhranı” ilə başlayan tənəzzül dövrü isə nisbətən soyuq və quraq dövrə təsadüf edir.

Belə ki, iqlim dəyişikliyi Roma iqtisadiyyatının onurğa sütunu olan kənd təsərrüfatına mənfi təsir göstərib. Araşdırma nəticəsində həmçinin məlum olub ki, III-VII əsrlərdə Xalqların Böyük Köçü də(german, slavyan, türk və digər tayfaların kütləvi miqrasiyaları) iqlim dəyişiklikləri nəticəsində baş verib.

Kembric Universitetinin alimləri isə bildiriblər ki, güclü quraqlıqlar Roma imperiyasının sərhəd əyalətlərində yaşayan insanların həyat tərzinə mənfi təsir edib. Nəticədə bu ərazilərdə yaşaynalar evlərini tərk etməyə məcbur olublar. İsveçrəli həmkarları kimi ağac halqalarında araşdırma aparan alimlər müasir Macarıstan ərazisində eramızın IV-V əsrlərində güclü quraqlığın olduğu qənaətinə gəliblər. Bu da öz növbəsində əkin sahələrinin və heyvanlar üçün otlaqların azalmasına səbəb olub.

Alimlər qeyd ediblər ki, eramızın 447, 451 və 452-ci illərində Hunların ən dağıdıcı basqınları bölgədə yay aylarının quraq keçdiyi dövrə təsadüf edir. Eramızın IV-V əsrlərində hunların Şərqi və Mərkəzi Avropaya hücumları Roma İmperiyasının süqutuna səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti