ATMACA: Türkiyənin dənizdəki “yumruğu” - Ədalət Verdiyevin yazısı

      ATMACA:    Türkiyənin dənizdəki “yumruğu” -    Ədalət Verdiyevin yazısı
  09 Dekabr 2022    Oxunub:3858
Türkiyə son illərdə xarici ölkələrdən silah asılılığını azaltmaq üçün müdafiə sənayesi sahəsində fasiləsiz olaraq ciddi uğurlara imza atır. Prezident Rəcəb Tayyib Ərdoğan hərbi sənayenin inkişafını və bu sahəyə ciddi investisiyaların ayrılmasını şəxsən diqqət mərkəzində saxlayır.
Son illərdə Türkiyənin müdafiə sənayesinə investisiyalar dəfələrlə artıb. Nəticədə qardaş ölkə geniş çeşiddə pilotlu aviasiya vasitələri, döyüş gəmiləri, PUA-lar, zirehli vasitələr, qanadlı və idarəolunan raketlər, REM kompleksləri, HHM vasitələri, atıcı silahlar və s. istehsal edir. Yerli və milli imkanlarla istehsal edilən çox sayda silah sistemləri Türkiyənin bu bazarın liderlərindən birinə çevrilməsi ilə nəticələnib.

PUA sahəsində dünya silah bazarının əsas oyunçularını belə heyrətləndirən Türkiyənin uğurlarından biri də müdafiə sənayesinin nəhəngi ROKETSAN şirkətinin ATMACA raketidir. Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ATMACA raketləri ROKETSAN şirkətinin ASELSAN və “ArMerKom” ilə əməkdaşlığının məhsuludur. ROKESAN 2005-ci ildən bu layihə üzərində işləməyə başlayıb.


2009-cu ildən isə əsas podratçı olan ROKETSAN ilə imzalanan müqavilənin əsasında ASELSAN radiodalğalı axtarış başlığının, “ArMerKom” şirkəti isə atəşi idarəetmə sisteminin (AİS) və operator konsollarının hazırlanmasında iştirak edir.

Məqsəd

Türkiyənin xarici təchizatçılardan asılılığının azalması Azərbaycan üçün də silah tədarükündə böyük üstünlüklər yaradır. Yeni və milli silahların qısa zamanda hazırlanaraq, silahlanmaya qəbul edilməsi Ankaranın eyni zamanda həm rəqiblərinə, həm də bəzi üzdəniraq “müttəfiq”lərinə göndərdiyi mesaj kimi dəyərləndirilə bilər. ATMACA raketləri Türkiyə HDQ-nin inventarında olan, 140 kilometrlik atəş məsafəsinə və 691 kq. kütləyə malik “Harpoon” raketlərini əvəzləmək və bu sahədə xarici asılılığı minimuma endirmək məqsədilə hazırlanıb.


“Harpoon Block II” raketlərinin xüsusiyyətlərinə sahib olan ATMACA inkişaf etdirilən müasir texnoloji sistemlər sayəsində daha üstün xüsusiyyətlər əldə edib. Onun uçuş məsafəsi və atəş gücü də “Harpoon”dan üstündür.

Parisdə 13-17 iyun tarixlərində keçirilən “Eurosatory 2022” müdafiə sərgisində ATMACA raketi öz imkanlarını ilə Avropa silah bazarının böyük marağına səbəb olub.

Sınaqları və versiyaları

2019-cu ilin sonunda Türkiyənin yerli ATMACA qanadlı raketi Qara dənizdə “Kınalıada” (F-514) korvetindən uğurla buraxıldı və ilk dəfə olaraq real gəmi hədəfini məhv etdi. Hədəf olaraq seçilən gəmi raket zərbəsindən sonra batdı.

2020-ci ilin ortasında ATMACA 200 km uzaqda yerləşən hədəfi dəqiqliklə vuraraq üstün imkanlarını mükəmməl şəkildə nümayiş etdirdi. Raketin növbəti sınaqları 2021-ci ilin iyulunda keçirildi. Həmin ilin sentyabrında isə Türkiyə mühəndislərinin gəmi əleyhinə raketlərin sualtı qayıqdan buraxıla bilən versiyası üzərində işlədikləri məlum oldu.


Türkiyə raketlərinin “yer-dəniz” tipli variantlarını istehsal edilməsi 2020-ci ilin mayında məlum idi. 2022-ci ilin iyulun 3-də bu məlumat görüntülərlə təsdiqini tapdı. Türkiyə Silahlı Qüvvələrinin quruda yerləşən mobil raket sistemindən buraxılan ATMACA Qara dənizdə müəyyənləşdirilən suüstü hədəfi məhv etdi. Raketin şaquli atıcı qurğudan və sualtı qayıqdan buraxılacaq versiyasının da hazırlanması davam edir.
Bu ilin fevralında isə Türkiyənin Müdafiə Nazirliyi ATMACA gəmi əleyhinə raketlərinin bütün platformalara inteqrasiya edilməsinə qərar verdiyi məlum oldu.

Seriya istehsalı

2018-ci ilin noyabrında Türkiyə Müdafiə Sənayesi Nazirliyi ROKETSAN ilə ölkənin ilk dəniz raketlərinin kütləvi istehsalı üçün müqavilə imzalayıb. Müqaviləyə əsasən həm də dəniz raketləri üçün atəşi idarəetmə sistemləri və digər təchizatların istehsalı üçün razılaşma əldə olunub. Raketlərin ATMACA adlandırılacağı da ilk dəfə rəsmi olaraq məhz bu müqavilədə qeyd olunub.

Mühərriki

ATMACA-nın ilk sınaq atışları SOM raketində də istifadə olunan TR40 mühərrikləri ilə həyata keçirilib. Raketlərin mühərriki qatı yanacaqla işləyir. 2021-ci ilin sentyabrından milli resurslarla hazırlanan “Kale 3200” (KTJ-3200) turboreaktiv mühərrikindən istifadə edilir. KTJ-3200 mühərriklərinin gələcəkdə fərqli qanadlı raketlərə inteqrasiyası mümkündür. Şirkət yaxın aylarda KTJ-3200 mühərrikindən daha güclü KTJ-3700 turboreaktiv raket mühərriklərinin də kütləvi istehsalına başlayacaq. 50 kiloqram kütləyə malik raket mühərriki 10 min metr yüksəklikdə səs sürətinə yaxın bir uçuş sürətinə malik olacaq.


Tətbiq platformaları

ATMACA raketinin əvvəlcə həm HAVELSAN tərəfindən hazırlanan və GENESIS Döyüş İdarəetmə Sistemi ilə təchiz edilən MİLGEM sinifli korvetlərdə, həm də GABYA sinifli freqatlarda istifadəsi nəzərdə tutulurdu. Yaxın zamanlarda yeni versiyalarının hazırlanması ilə bərabər, standart versiyaların Türkiyənin döyüş gəmilərinə inteqrasiyası da gözlənilir.

İmkanları

ATMACA hər cür hava şəraitində fəaliyyət göstərə bilən uzaq mənzilli, idarəolunan və dəqiq zərbə imkanlarına malik gəmi əleyhinə qanadlı raketdir. Dənizdə 220 km məsafədən hədəfləri məhv edə bilir. Bundan əlavə, METEKSAN tərəfindən istehsal olunan Data-link sayəsində havada uçduğu zaman uzaqdan hədəfin yenilənməsini həyata keçirə biləcək. ATMACA raketinin yalnız gəmidən gəmiyə deyil, həm də gəmidən quruya buraxıla biləcək versiyasının hazırlanması planlaşdırılır. Raket hərbi və digər nəqliyyat gəmilərini məhv etmək üçün hədəfə kilidlənmə texnologiyasından istifadə edir, bu isə Türkiyə HDQ-sinə əlavə döyüş imkanları qazandıracaq.


Üstün xüsusiyyətləri

• Avtonom fəaliyyət;
• Radara aşağı səviyyədə görünməsi;
• Yüksək dəqiqliyi;
• Hər cür hava şəraitində fəaliyyət göstərməsi;
• Əks tədbirlərə davamlılığı;
• Datalink sayəsində yeni hədəfə tuşlanma imkanı;
• 3D formatda hədəf planlaşdırılması;
• Yerüstü və sualtı platformalardan həm quru, həm də suüstü hədəflərə qarşı istifadəsi;
• Suüstü platformalardan suüstü hədəflərə qarşı çəkindirmə imkanı;
• Geniş hədəf seçimi imkanı;
• Uzaq atəş məsafəsi.

Taktiki-texniki xüsusiyyətləri

Çapı: 350 mm
Qanad genişliyi: 1.4 m
Uzunluğu: 4.300 – 5.200 mm
Kütləsi: 800 kq
Döyüş başlığının kütləsi: 250 kq
Mühərrik növü: sınaqlarda TR40, seriyada KTJ-3200
Atəş məsafəsi: 220 km-dən çox
Tuşlama sistemi: ANS/KKS+RA+DL
Axtarma sistemi: Aktiv RF (radio diapazonlu)
Sürəti: 0.8 Max

Raketin hədəfə tuşlanması üçün GPS, ətalətli naviqasiya sistemi, barometrik hündürlükölçən və hədəfə doğru hərəkət etmək üçün radar altimetrindən istifadə edilir. İnkişaf etdiriləcək qanadlı raketlərin yeni versiyaları daha çox partlayış gücünə və daha uzun mənzilə sahib olacağı gözlənilir. Qeyri-rəsmi mənbələr ATMACA raketlərinin 280 km məsafədə hədəflərə qarşı sınaqdan keçirildiyini bildirir.

Nəticə

Təhdidlərin artdığını və dünyanın son 80 ildə ən qeyri-sabit dönəmdə olduğunu nəzərə alsaq, Türkiyənin ehtiyac duyduğu silah sistemlərinin əldə edilməsində ABŞ və Avropa ölkələrindən olan müttəfiqlərinə tam güvənə bilmədiyi aşkardır.


Türkiyə Almaniyanın G3 avtomatlarını yerli MPT-75 ilə, ABŞ istehsalı olan AH-1 hücum helikopterlərini yerli T129 ATAK helikopterləri ilə, Almaniya istehsalı olan “Leopard 2” tanklarını yerli istehsal “Altay” əsas döyüş tankları ilə əvəz etmək planlarını artıq həyata keçirir. Bu baxımdan Ankaranın ABŞ istehsalı “Harpoon” raketlərini yerli ATMACA ilə əvəz etməsi də məntiqlidir. Bu əvəzetmə qardaş ölkənin dənizdə hərbi potensialının artmasına imkan verəcək.

ATMACA raketləri Ankaranın ABŞ və Fransadan asılılığına son qoymaqla bərabər, Türkiyə Silahlı Qüvvələrinin dənizdə və sahildə yerləşməsindən asılı olmayaraq, 200 km-dən uzaq məsafələrdə geniş zərbə imkanlarını təmin edəcək. 350 mm çaplı raketlərin həm gəmilərdən, həm sualtı qayıqlardan, həm də sahil zonasından və ya sahil zonasına buraxılması ATMACA-nın universal platformasından xəbər verir.

Keçən ilin sonunda Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilən və yeni versiyaları hazırlanmaqda olan ATMACA-nın taktiki-texniki xüsusiyyətləri Türkiyənin regional hədəfləri və maraqlarının müdafiəsi baxımından əhəmiyyətli addımdır. Hazırda okeanlara, dəniz akvatoriyalarına, digər iri su hövzələrinə, dəniz yollarına, hərbi və ticarət limanlarına nəzarət uğrunda gedən qaynar və soyuq münaqişələrin miqyasına baxsaq, o zaman gələcək müharibələrin coğrafiyasını ehtimal etmək çətin olmaz. Bu prizmadan yanaşdıqda Türkiyə həm əhatə olunduğu dənizlərdə təhlükəsizliyini təmin etmək istiqamətində, həm də silah ixrac etdiyi ölkələrin və müttəfiqlərinin sayını artırmaqda tamamilə haqlıdır.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Hərb   Türkiyə   Raket   Atmaca  





Xəbər lenti