Türkmən qazının Avropaya nəqli realdırmı? – Britaniyalı ekspertin təhlili

   Türkmən qazının Avropaya nəqli realdırmı? –    Britaniyalı ekspertin təhlili
  21 Noyabr 2022    Oxunub:3250
Stiven O'Sallivan
Oksford Enerji Tədqiqatları İnstitutunun əməkdaşı
Eksklüziv olaraq AzVision.az üçün

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu bu yaxınlarda Aşqabada səfər edib və orada Türkmənistan qazının Azərbaycan vasitəsilə Aİ ölkələrinə nəqli perspektivinin olduğunu deyib.
“Karyerama başlayanda mən Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmuşam. Biz - yəni ABŞ, Azərbaycan, Aİ, və Türkmənistan türkmən qazının Avropaya çatdırılması imkanlarından danışırdıq. Türkmənistan hökumətinin indi bu layihə haqqında düşünməsi çox yaxşı olardı”,- deyə ABŞ-ın xarici siyasət rəhbərinin köməkçisi “Cənub Qaz Dəhlizi”nin mühüm hissəsi olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) danışarkən bildirib.

Amma Türkmənistan qazının Azərbaycan və Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin aşkar kommersiya və strateji üstünlüklərinə baxmayaraq, hesab edirəm ki, bu ehtimal yüksək deyil. Şübhəsiz ki, Avropanı enerji təchizatı baxımından potensial olaraq çətin qış gözləyir. Rusiyanın Ukraynaya təcavüzü Avropanın qaz bazarını pozdu, çünki rus qazı uzun illər Avropanın tədarükünün mühüm tərkib hissəsi olub. Avropanın Rusiyaya qarşı sanksiyaları qitənin əsas qaz təchizatçısından imtinası deməkdir. Üstəlik, iki “Şimal axını” boru kəmərindəki partlayışlar Rusiyadan Avropaya tədarük marşrutuna ziyan vurub.

BP-nin məlumatına görə, 2021-ci ildə Aİ-nin qaz idxalının 42%-ni Rusiya qazı təşkil edib və Aİ Rusiyadan enerji asılılığını azaltmaq üçün ciddi səylər göstərir. LNG (sıxılmış təbii qaz) idxalı üçün yeni terminallar tikilir, olanların həcmi artırılır. Norveç Almaniyaya birbaşa qaz kəməri açıb.

Rusiyanın iştirakı olmadan qaz tədarükünün diversifikasiyası Avropa üçün son dərəcə çətindir. Avropanın Rusiya qazından asılılığı son bir neçə ildə durmadan artıb. Rusiya “Mavi axın” və “Türk axını” qaz kəmərləri, eləcə də Ukrayna ərazisindən keçən boru ilə qaz tədarükünü davam etdirir, baxmayaraq ki, hər iki tərəf tranzit haqqının ödənilməsi ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırdığı üçün sonuncunun bağlanma riski var. “Mavi axın”ın inşasının məqsədlərindən biri də Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin Türkiyədən Avropa bazarlarına tranzit kimi istifadə etmələrinin qarşısını almaq idi.

Bütün bu hadisələri nəzərə alsaq, Mərkəzi Asiya və Qafqazdan yeni qaz tədarükü mənbələri işıqların kəsilməsi və enerji çatışmazlığı perspektivi ilə üzləşən Avropa üçün yaxşı kömək olardı. Türkmənistan 13,6 trilyon kubmetr qaz ehtiyatı ilə (Azərbaycan, Qazaxıstan və Özbəkistandan xeyli çox) Avropa bazarına qaz tədarük etmək üçün ilk baxışdan aşkar namizəd olmalıdır. Əsas problem odur ki, Türkmənistanla Avropa arasında boru xətti yoxdur və Türkmənistanın xarici siyasət seçimlərini nəzərə alsaq, yaxın gələcəkdə çəkilmək ehtimalı azdır.

Qaz sərvətinə baxmayaraq, Türkmənistan artıq bir neçə ildir ki, iqtisadi çətinliklər yaşayır, bununla belə, Avropadakı potensial qaz alıcıları ilə münasibətləri inkişaf etdirməkdə maraqlı görünmür. Əvəzində onun iki qonşusu (və qaz bazarındakı rəqibləri) Rusiya və İranla daha yaxşı münasibətləri var.

Bu boru ideyası yeni deyil. 25 il əvvəl türkmən qazının Azərbaycana, Türkiyədən keçməklə Avropaya nəqli üçün Xəzərin dibi ilə çəkilməli olan Transxəzər qaz kəməri ilə bağlı müzakirələr gedirdi. Azərbaycanın nəhəng "Şahdəniz" yatağından İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizi hazırda fəaliyyətdədir, lakin Mərkəzi Asiyadan qaz nəql etmir. O sırf Yunanıstan və İtaliyaya verilən Azərbaycan qazı ilə doldurulur. Türkmənistanla Azərbaycanı birləşdirən sualtı boru xətti yoxdur.

Təəccüblü deyil ki, Türkmənistanın qonşuları, əsasən də Rusiya və İran artıq fəaliyyətdə olan qaz kəmərinə malik olduqları üçün Avropa bazarlarına qaz çıxarmaq üçün alternativ borunun tikintisinə maraq göstərmirlər. Hər iki dövlət Xəzəryanı ölkələrin regional qrupuna üzv olduqları üçün boru kəmərinə etiraz ediblər və görünür, mövqelərində qalacaqlar.

Hazırda Rusiya və Türkmənistan bir gün Avropada eyni bazar uğrunda rəqib ola biləcəklərini başa düşsələr də, aralarında normal münasibətlər var. Rusiya hazırkı beynəlxalq şəraitdə Türkmənistanın faydalı müttəfiq olduğunu anlayır. Bununla belə, keçmişdə Rusiyanın Türkmənistandan qaz idxalı ilə bağlı müqavilələri ləğv etməsinə səbəb olan, bəzən Avropaya tədarük öhdəliklərini yerinə yetirmək üçün istifadə edilən kommersiya mübahisələri olub və bu hallar Türkmənistan iqtisadiyyatına güclü təsir göstərib.

İranın da Türkmənistanla enerji sektorunda kommersiya əlaqələri və Türkmənistanın qaz tədarükünü kəsməsi ilə nəticələnən uzunmüddətli müqavilə mübahisələri var, amma münasibətlərin yaxşılaşdığını göstərən əlamətlər də yox deyil. Ancaq bütün hallarda, yəqin ki, bu ölkə siyasi və coğrafi səbəblərdən Avropaya qaz tədarük edə bilməyəcək.

Türkmənistana nə lazımdır?

Türkmənistan həm coğrafi, həm də geosiyasi baxımdan Rusiya ilə İranın arasına sıxışıb. Hazırda həm Rusiya, həm də İran Avropa (və beynəlxalq) sanksiyaları altındadırlar, ona görə də Avropaya tezliklə qaz sata bilməyəcəklər. Bununla belə, gələcəkdə Avropa qaz bazarında özlərinə əlavə rəqib istəmirlər. Bu, Türkmənistanın Azərbaycandan Balkana uzanan Cənub Qaz Dəhlizinə çıxışını xeyli çətinləşdirir. Çünki həm İran, həm də Rusiya türkmən qazını Xəzər dənizinin dibi ilə Avropaya aparacaq istənilən boru kəmərinə ekoloji əsaslarla etirazlarını davam etdirəcəklər. Türkmənistanın özü də, görünür, həm Rusiya, həm də İranla yaxşı münasibətlər qura bilib və bu, problem ola bilər. Çünki Avropa ilə iş qurmağa çalışarkən həmin ölkələrin heç biri yaxşı vizit kartı olmayacaq.

Ola bilər ki, gələcəkdə Kremlin yeni rəhbərliyi və Avropa ilə münasibətləri yaxşılaşdıran Rusiya yenidən Türkmənistandan qaz alıb öz boru kəməri sistemi ilə Avropaya satsın. Bununla belə, belə bir nəticənin əldə olunması üçün qlobal təhlükəsizlik və geosiyasi vəziyyətdə ciddi dəyişiklik tələb olunur. Bunu isə yaxın gələcəkdə gözləmək çətindir.

Rusiya və Çin bu qərara qarşı çıxacaqlarmı?

Tamamilə əminəm ki, Rusiya Türkmənistan qazının birbaşa olmasa da, Xəzər Konvensiyası mexanizmi vasitəsilə Avropaya istənilən satışına qarşı çıxacaq. Hazırda Rusiya tərəfi bu satışları müzakirə etməsə də, gələcəyə baxan bugünkü Rusiya üçün onunla rəqabət aparmaq istəyə biləcək rəqibinə bazara çıxış imkanı verməyin mənası yoxdur. Bu səbəbdən Rusiyadan qaz asılılığı ilə bağlı yaranmış narahatlıqları aradan qaldırmaq lazımdır. Güman edirəm ki, Rusiya Türkmənistan qazının Avropa bazarına çıxmasının əleyhinə olacaq və Türkmənistan Rusiya ilə münasibətləri “Qazprom”un kəmərləri vasitəsilə Avropaya çıxışı nəzərə alaraq, inkişaf etdirəcək.

Bu sxemdə Çin fərqli bir mövzudur. Enerjiyə artan tələbat uzun illərdir Çin iqtisadiyyatının xüsusiyyətidir və ölkə diqqətini həm təchizatçıların, həm də təchizat marşrutlarının şaxələndirilməsinə yönəldib. Son illərdə Rusiya ilə münasibətlər elə bir mərhələyə çatıb ki, bu ölkə hazırda ESPO və “Sibirin Gücü” qaz kəmərləri vasitəsilə Çinə enerji resurslarının əsas təchizatçısıdır. Çinin qərb sərhədi böyük qaz ehtiyatlarına malik Türkmənistanla həmsərhəd olan iki Orta Asiya ölkəsindən keçir. Çin enerji baxımından hər hansı ölkədən ifrat asılılıq məsələsindən ibrət almış ola bilər.

Türkmənistanın qaz ehtiyatlarına çıxış Çin üçün Rusiyadan tədarükə əlavə (və ya alternativ) kimi, yaxud Çinin cənub və şərq LNG terminallarına tankerlə daşınma baxımından cəlbedici ola bilər. Əgər Çin son nəticədə enerji təchizatını daha da şaxələndirməkdə maraqlıdırsa, bu, kiçik problem deyil. Türkmənistan və Çin arasında cəmi iki ölkə ola bilər, lakin biz keçmiş təcrübədən bilirik ki, hər hansı bir ölkədən keçən infrastrukturun reallaşdırılması çətin layihədir - iki Mərkəzi Asiya dövlətinin əraziləri ilə daşıma asan, sürətli və ya ucuz olmayacaq.

Stiven O'Sallivan
Oksford Enerji Tədqiqatları İnstitutunun əməkdaşı
Eksklüziv olaraq AzVision.az üçün


Teqlər: Qaz  





Xəbər lenti