Özbəkistan universiteti TAİB təmsilçilərini mükafatlandırıb

Özbəkistan universiteti TAİB təmsilçilərini mükafatlandırıb
  18 Noyabr 2022    Oxunub:1368
Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri, YAP Veteranlar Şurasının sədr müavini, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyev Özbəkistan səfəri zamanı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, məşhur mətnşünas alim, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovla görüşüb.
Görüşdə TAİB-lə universitet arasında əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb, türk ölkələrinin elm adamlarının vahid fəaliyyət platformasında birləşməsinin əhəmiyyətindən bəhs olunub. Şöhrət Siracəddinov TAİB-in fəaliyyətini yüksək qiymətləndirib və bu platformanın türk dünyasının vətəndaş cəmiyyəti institutları arasında koordinasiya işinin təşkilinə töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində Sudeyif İmamverdiyev səmimi münasibətə və göstərilən diqqətə görə Şöhrət Siracəddinova təşəkkürünü bildirib və TAİB-in gələcək layihələri barədə ətraflı məlumat verib.

Görüşün sonunda rektor TAİB sədrinə və onu müşayət edən təşkilatın sədr müavini Eyvaz Hünbətova, İdarə Heyətinin üzvü Məcid Hacıyevə, TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlara və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürkə Universitetin xüsusi mükafatlarını və xatirə hədiyyələrini təqdim edib.





AzVision.az



Teqlər: Özbəkistan  





Xəbər lenti