Sudan qanunsuz istifadə halları aşkarlanıb

Sudan qanunsuz istifadə halları aşkarlanıb
  17 Noyabr 2022    Oxunub:693
"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə apardığı araşdırmalar nəticəsində Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkar edib.
AzVision.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, nəzarət tədbirləri zamanı Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasının tikintisi zamanı içməli sudan qanunsuz istifadə aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, inşaat işləri aparılarkən suya olan tələbat şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. İçməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsədilə həmin xətt dərhal ləğv edilib.

Həmçinin, aparılan nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Məlum olub ki, ərazidən keçən 110 mm diametrli su kəmərinə özbaşına müdaxilə olunub və gölməçənin içi ilə su xətti çəkilərək 70-ə yaxın fərdi yaşayış evinə qeyri-qanuni su verilib.

Hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, "Sudan İstifadə Qaydaları"nın tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Eyni zamanda aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Bildirilib ki, sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur. Sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bu ilin yanvar-oktyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 8 248 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 135 min kubmetr sərfiyyat bərpa olunub. İlin əvvəlindən Abşeron rayonunda aşkarlanmış 617 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 151 min kubmetr sərfiyyat bərpa olunub. Bütövlükdə isə 10 ayda sudan qanunsuz istifadə ilə bağlı aşkar edilmiş 250-yə qədər fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

AzVision.az





Teqlər:





Xəbər lenti