“Cənab 86%”: Gələcəyi Görən Adamın ən vacib ideyaları

// Kusveylin haqqında nələri bilmək lazımdır

      “Cənab 86%”:    Gələcəyi Görən Adamın    ən vacib ideyaları
  15 Noyabr 2022    Oxunub:3875
Rey Kursveyl futuroloq, biohaker, yazıçı, ixtiraçı – bir sözlə, dövrümüzün tanımalı olduğumuz simalarından biridir. O, 2012-ci ildən “Google” şirkətində Maşın Təlimi və Təbii Dilin İşlənməsi üzrə texniki direktor vəzifəsini tutur. Lakin Kursveyl bundan xeyli əvvəl uğurlu futuroloji proqnozları ilə məşhurlaşmışdı. Onun verdiyi 150-yə yaxın proqnozun 86%-i doğru çıxıb.
Uşaqlığı və ilk Süni İntellekti yaratması

Kursveylin tam adı Reymonddur. 1948-ci ildə Nyu-Yorkda rəssam və musiqiçi ailəsində anadan olub. Nənəsi Lillian Bader Avropada kimya üzrə doktorluq dərəcəsi alan ilk qadınlardan biri olub. Uşaq ikən o, gələcək ixtiraçıya yazı makinası bağışlamış, bu da Kursveyli mexaniki sistemləri və ilk ixtiraları öyrənməyə sövq etmişdi.


O, uşaqlıqdan bir çox texnologiyalar hazırlayb:
7 yaşında – dekorasiyaları avtomatik dəyişən mexaniki kukla teatrı;
12 yaşında - hesablama cihazı;
15 yaşında – “Shazam”ın prototipi. Proqram klassik melodiyaları tanıyır və oxşar üslubda orijinal musiqi bəstələyə bilirdi. İxtirasına görə yeniyetmə Beynəlxalq Elm Sərgisində mükafat və Ağ Evdən tərifnamə alır.
16 yaşında Kursveyli “I've Got a Secret” televiziya şousuna dəvət etdilər. Orada o, cihaz haqqında danışır və proqramının yazdığı piano əsərini ifa edir.
17 yaşında Massaçusets Texnologiya İnstitutuna (MIT) daxil olur, orada bir il yarıma kompüter elmləri üzrə bütün proqramı öyrənir, sonra isə ədəbiyyatla maraqlanır. Nəticədə Kursveyl MIT-də eyni anda iki bakalavr dərəcəsi alır.

Mətnlərin oxunması və nitqin sintezi

Kursveyl ikinci kursda oxuyanda ilk startapını - yeniyetmələrə kollec seçimində kömək edən proqram yaradır. Qazandığı pulla mətn tanıma (OCR) texnologiyalarını inkişaf etdirən Kursveyl “Computer Products” şirkətini qurur.


Daha sonra mövcud nitq sintezi texnikasını təkmilləşdirərək, “Reading Machine” yaradır. Bu cihazların köməyilə korlar adi kitabları oxumaq imkanı əldə edirlər. Kursveylin ilk müştərilərindən biri kor musiqiçi Stev Uonder idi, sonradan o, ixtiraçının dostu olur.

Elektron sintezatorun ixtirası

Musiqiçi atasının təsiri və Stiv Uonder ilə dostluq Kursveyli inqilabi elektron sintezator “Kursveyl 250”ni yaratmağa sövq edir. 1983-cü ildə icad edilən musiqi aləti klaviaturalar vasitəsilə, zərb və orkestr alətlərinin səslərini dəqiq şəkildə təqlid edə bilirdi. Səs o qədər real idi ki, peşəkar pianoçular gözləri bağlı halda Kursveylin sintezatorunu royaldan ayıra bilmirdilər. Sintezator 80-ci illərin kult musiqiçiləri arasında da populyarlaşdı – ondan hətta “Depeche Mode” və Duran Duran da istifadə edirdilər.

Kursveylin ən vacib ideyaları

Sinqulyarlıq

Kursveyl texnoloji inkişafın eksponensial olduğuna əmindir. Bu o deməkdir ki, hazırda texnologiya nə qədər təkmildirsə, gələcəkdə də bir o qədər sürətlə inkişaf edəcək. Texnologiyanın gücü artdıqca inkişaf sürəti də artacaq. Nəticədə texnologiyanın inkişafı bəşəriyyəti sinqulyarlığa aparacaq - innovasiya dövrləri o qədər tez dəyişəcək ki, yalnız supergüclü süni intellekt bu prosesi izləyə biləcək. Ola bilsin ki, bu, 2047-ci ilə qədər baş verəcək.


Eksponensial inkişafa nümunə fiberoptik internetin maksimal sürətinin artmasıdır. 2020-ci ildə yapon alimləri əvvəlki rekordu 20% üstələyərək siqnalı saniyədə 178 terabit (Tbps) həddinə çatdıra bildilər. Lakin artıq 2021-ci ildə Yaponiyadan olan eyni komanda 319 Tbps sürətə çataraq nəticəsini ikiqat artırdı. Bu, “Netflix”in bütün videotekasını bir saniyədən az müddətdə yükləmək üçün kifayətdir.

Ölümsüzlük

1983-cü ildə 35 yaşlı ixtiraçıya 2-ci tip diabetin erkən forması diaqnozu qoyulur. Bu, Kursveylin dünyagörüşünü alt-üst edir: o, sağlamlığına ciddi yanaşaraq, öz pəhrizini hazırlayır. Nəticədə biohakinq ilə maraqlanır və Silisium Vadisində ölməzliyin ən məşhur ideoloqlarından birinə çevrilir.

Kursveyl əmindir ki, 21-ci əsrin ortalarında texnologiya biorobotların yaradılmasına imkan verəcək: insanlar ya mexaniki elementləri öz bədənlərinə inteqrasiya etməyi öyrənəcək, ya da şüuru fiziki daşıyıcılara yükləyə biləcəklər. Nəzəri olaraq bu, əbədi yaşamağa imkan verəcək.

Kursveyl öz ömrünü uzatmaq və texno-ölümsüzlük dövrünü tutmaq üçün hər gün təxminən 100 qida əlavəsi qəbul edir. Futuroloqun ehtiyat variantı krionikadır. Kursveyl 2002-ci ildən insanları dondurmaq sahəsində liderlərdən biri olan “Alcor” şirkətinin müştərisidir.

Dünyanın ən dəqiq proqnozları

Onun proqnozları dünyanın ən doğru proqnozları hesab olunur. Bill Gates "süni intellektin gələcəyini Kursveyldən daha dəqiq proqnozlaşdıran birini tanımadığını" söyləyib. Futuroloqun növbəti əsrlər üçün nələri proqnozlaşdırdığı haqda danışaq.


Həyata keçən proqnozları

90-cı illərdə verdiyi proqnozlar:

• 20 il ərzində kompüterlər simsiz şəbəkə üzərindən məlumat əldə etməklə istifadəçinin suallarına cavab verməyi öyrənəcəklər;
• 2000-ci illərin əvvəllərində əlillər ekzoskeletlərin köməyilə yeriyə biləcəklər;
• 2009-cu ilə qədər kompüterlə ünsiyyət üçün mükəmməl səs interfeysləri yaradılacaq (2010-cu illərin əvvəllərində “Siri” “Alexa” yaradılır);
• 10 il ərzində smartfonlar və planşetlər peyda olacaq. Kursveyl yazırdı: “Sənəd konsepsiyası dəyişəcək. Son dərəcə yüksək imkanlı ekranlara kağız kimi vərdiş edəcəyik. Sənədləri kağız formaya çevirmədən mütəmadi olaraq yaradacaq, dəyişdirəcək və oxuyacağıq”.

2000-ci illərin əvvəllərində verdiyi proqnozlar:

• 10 il ərzində smart eynəklər, saatlar və digər aksessuarlar peyda olacaq;
• 2010-cu ilə qədər biz pilotsuz hərbi təyyarələr meydana çıxacaq;
• 2010-cu ilə qədər cərrahlar üçün virtual simulyatorlar, eləcə də əməliyyat prosesinin özünü sadələşdirən üsullar yaranacaq (Kursveylin gözlədiyindən bir qədər gec olsa da, proqnoz özünü doğrultdu. 2021-ci ildə 13 ölkədən olan cərrahlar “Microsoft HoloLens 2” hibrid reallıq eynəklərindən istifadə ilə əməliyyat keçirdilər);
• 2010-cu illərin sonuna doğru real vaxt rejimində tərcümə texnologiyaları təkmilləşəcək. AR eynəklərinin köməyilə həmsöhbətin nitqinin subtitrlərlə tərcüməsini görmək mümkün olacaq (Kursveyl demək olar ki, haqlı idi, lakin eynək əvəzinə ani tərcüməçi rolunu smartfonlar oynayırlar).

Hələ gerçəkləşməyən proqnozları

• 2020-ci illərdə tibbdə nanorobotların tətbiqinə başlanacaq və onların köməyiləəksər xəstəliklərin müalicəsi mümkün olacaq. Nanorobotlar qan dövranı sistemində fəaliyyət göstərəcək və onun imkanlarını genişləndirəcək;
• 2029-cu ildə süni intellekt Türinq testindən keçə biləcək. Bu o deməkdir ki, maşının şüuru artıq insandan fərqlənməyəcək;
• 2040-cı ilə doğru nanorobotların imkanları daha da artacaq. Onlar havadan qida yaratmağı və istənilən fiziki obyekti kopyalamağı öyrənəcəklər;
• 2045-ci ilə doğru virtual reallıq güclənəcək. Sinir interfeyslərinin köməyi ilə insan intellektinin gücünü milyonlarla dəfə artırmaq mümkün olacaq və şüurun fiziki daşıyıcılara yüklənməsi ölməzliyə nail olmağa imkan verəcək.


Kursveyl Silisium Vadisindəki iş adamlarının arasında məşhurlaşan bir neçə kitab nəşr edib.

"Düşünən maşınlar dövrü" (1990)

İxtiraçı süni intellektin inkişafını təsvir edib və ilk futuroloji proqnozları verib. Məsələn, Kursveyl, onilliyin sonunda kompüterlərin şahmatda insanları udmağa başlayacağını proqnozlaşdırdı. Proqnoz gerçəkləşdi - 1998-ci ildə “Deep Blue” Harri Kasparovu məğlub etdi.

“Düşünən maşınlar dövrü" (1999)

Kursveyl ilk kitabdakı ideyalarını inkişaf etdirdi və XXI əsrdə azad iradəyə malik süni intellektin insandan üstün olacağını irəli sürdü. Müəllifin fikrincə, maşınların hiss etməyi öyrənməsi və insanların virtual reallıqda əbədi yaşamasına imkan verəcək neyron interfeyslər yaratması ehtimalı var.

“Sinqulyarlıq artıq yaxındadır" (2005)

Futuroloqun texnoloji sinqulyarlığın başlanğıcını proqnozlaşdırdığı XXI əsrin əvvəllərinin ən mühüm kitablarından biridir. Onun fikrincə, süni intellekt o qədər inkişaf edəcək ki, tərəqqinin inkişafını izləmək mümkün olmayacaq və texnoloji dövrlər bir neçə günlə əvəz olunacaq.


Kursveyl sağlam həyat tərzi sahəsində təcrübəsini fəal şəkildə bölüşür:

“Sağlam həyat üçün 10% həll” (1993)

Kitabda ixtiraçı sağlam həyat tərzinə münasibətini açıqlayıb. Kursveylə görə, ideal qidalanmada yağın gündəlik payı 10%-dən çox olmamalıdır. Fiziki fəaliyyətlə birlikdə belə bir pəhrizin ürək-damar xəstəlikləri riskini azaldacağı güman edilir.

“Fantastik Səyahət: Əbədi həyata çatacaq qədər yaşa” (2004)

Müəllifin fikrincə, bu gün həyatda olanlardan hər hansı biri 120 ilə qədər yaşaya və sinqulyarlığın başlanğıcını gözləyə bilsə, əbədi yaşama şansı var. Kitab uzun yaşamaq üçün təkmilləşdirilmiş yanaşmanı təsvir edir.

“Transcend: Əbədi həyat üçün doqquz addım” (2010)

Qocalmanı yavaşlatmaq üçün praktiki bələdçi. Tibb elmləri doktoru Terri Qrossman ilə birlikdə yalnız sağlam qidalanma tövsiyələrini deyil, həm də stressdən azad olmaq və detoksikasiya üsullarını özündə birləşdirən doqquz addımlıq sağlamlıq proqramı hazırlayıb.

“Danielle: Superqəhrəman Salnamələri” (2019)

Kursveylin ilk bədii kitabıdır. Roman texnologiya sevgisini və biohakinq həvəsini özündə birləşdirir. Baş qəhrəman Danielle bəşəriyyətin qlobal problemlərini həll etmək üçün texnologiya və zəkadan istifadə edir.

Nadir Quliyev
AzVision.az



Teqlər: Futurologiya  





Xəbər lenti