Azadlığın üç damcısı: Güneydəki milli hərəkatlarımız

      Azadlığın üç damcısı:    Güneydəki milli hərəkatlarımız
  15 Noyabr 2022    Oxunub:8176
(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

...Şeyx Məhəmməd Xiyabaninin qurduğu Azadıstan Respublikası Cənubi Azərbaycanın tarixində ilk demokratik respublika idi. Respublikanın himni məhz Azərbaycan dilində yazılmışdı. “Təcəddüd” qəzetinin 24-cü sayında yayımlanmış himndən bir parçaya baxaq:
“Azad olsun torpağımız,
Yaylağımız-qışlağımız,
Fəthi-zəfər yoldaşımız,
Torpağımız, dam-daşımız,
Öz əlimiz, öz başımız,
Yaşasın hürriyyət!
Yaşasın hürriyyət!
Yetdi zamanı-imtahan,
nə xoş zamandır bu zaman,
qardaşlarım, qeyrət aman!
Yaşasın hürriyyət!

Lakin Azərbaycan xalqının azadlıq və səadəti uğrunda bu iki simanın dostluğu çox sürmür. 1920-ci ilin sentyabrında Əhməd şah Qacar Hidayət Müxbirüssəltənəni Azərbaycana vali təyin edərək, ona Azadıstanı ləğv etməyi tapşırır. O, ingilis və kazak dəstələrindən ibarət birləşmələri ilə Təbrizə girərək, 4 gün davam edən toqquşmadan sonra milli hökumətin yerləşdiyi Alaqapıya daxil olur.
Sentyabrın 14-də Xiyabani öldürülür.
Azadıstan hökuməti rəsmən öz müstəyilliyini itirir, minlərlə fədai-mücahid sürgün və ya həbs edilir, işgəncələr altında öldürülür.

Xiyabani: “Hər hansı bir xalq nicat tapmaq üçün azad olmalıdır”

Xiyabaninin ölümü ilə bağlı əsasən 2 versiya mövcuddur. Bunlardan biri onun fars qoşunu ilə toqquşmalarda düşmən gülləsindən həyatını itirməsi, digəri isə fars qoşununa bir neçə saat müqavimət göstərib, xeyli sayda düşmən əsgərini öldürdükdən sonra ələ düşməsin deyə, saxladığı son güllə ilə özünü vurmasıdır...

Qısa zaman ərzndə movcud olmasına baxmayaraq, Azadıstanda böyük işlər görülür: Azərbaycan dili dövlət dili elan olunur, Təbrizdə “Məhəmmədiyyə”, “Hikmət” və “Füyuzat” adında məktəblər qurularaq, Azərbaycan dilində tədrisə başlanılır, “Qızıl Aypara” adlı xəstəxana inşa edilir.
Daha sonra vergi-torpaq islahatları aparılır, kəndlilərə torpaqlar paylanılır, aşağı gəlirlilər vergidən azad edilir və yalnız müəyyən olunmuş məbləğdən daha yuxarıda qazancı olanlar vergi verməyə cəlb edilir, Milli Bank açılır, sayı az da olsa (12 min nəfər) milli ordu təşkil edilir və s.


Məhəmməd Xiyabaninin elan etdiyi respublikada din dövlətdən ayrı idi. Xiyabani özü dini təhsil almış bir şeyx olsa da, qətiyyətlə bildirirdi ki, dövlətin və cəmiyyətin inkişafı və tərəqqisi üçün onun həyatında din ictimai münasibətlərdən kənar, dövlət qanunlarından isə uzaq olmalıdır. Cənubi Azərbaycan xalqı Xiyabanidə həm mənəvi, həm də dünyəvi dəyərləri tapmış, onun timsalında özünün sekulyar perspektivini görmüşdü.

Yekunlaşdırasaq, Xiyabaninin yaratdığı Azadıstan özündən sonrakı daha böyük və müfəssəl mübarizə üçün əsl bünövrə hazırlamışdı.

Güney Azərbaycan Milli Hökuməti...

II Dünya müharibəsi başladıqdan sonra İran faktiki olaraq Sovet İttifaqı, ABŞ və Böyük Britaniya arasında nüfuz dairələrinə bölünür. Belə ki, rus qoşunu İranın şimalına, ingilislər və amerikalılar isə mərkəzi və cənubuna daxil olurlar. Bu zaman artıq İranda Qacar sülaləsi tarix səhnəsindən silinmiş (1925-ci ildə sonuncu Qacar şahı Əhməd şah devrilmiş, yerinə Rza şah Pəhləvi gəlmişdi) , İranda türk xalqlarının tarixi izləri itirilməyə başlanmış, dillərində məktəb və mətbuat yasaqlanmış, farslaşdırma siyasəti genişlənmiş və bütün əyalətlərə fars hakimlər təyin olunmağa başlamışdı.

1930-cu ildə Pəhləvilər fars dilini dövlətin yeganə rəsmi dili, 34-35-ci illərdə isə dövlətin adını beynəlxalq müstəvilərdə “İran” elan edirlər. Buna qədər əzən “Persiya”, bəzən “Qacariya” kimi tanınan dövlət Millətlər Liqasında rəsmən “İran” adı ilə qəbul edilir. Bu tarixdən etibarən bütün İranda, həmçinin Azərbaycandakı türk toponimləri dəyişdirilərək farslaşdırılır, yeni doğulan uşaqlara türk adlarının qoyulması yasaq edilir. Bütün sənaye bölgələri Tehrana köçürülür və Cənubi Azərbaycan əhalisi iş üçün Tehran kimi şəhərlərə üz tutmağa məcbur edilir. Bu gün Tehranda milyonlarla Azərbaycan türkünün yaşaması da bu səbəbdən irəli gəlir.
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Çavuşoğlu

Farslaşdırma prosesi o qədər geniş xarakter alır ki, türklərin yaşadığı bölgələrdə kasada yaşıl çay içmək də qadağan edilmişdi, əvəzinə kiçik stəkanlarda qara çay içmək təbliğ olunurdu. Qeyd edək ki, kasada yaşıl çay içmək qədim türk ənənələrindən gələn vərdişdir.

Britaniya, Sovet İttifaqı və ABŞ arasında İranın nüfuz dairələrinə bölünməsi əslində almanların İranın enerji ehtiyatlarına sahib olmasını əngəlləmək məqsədi daşısa da, yanında ayrı nəticələr də gətirdi. Rza şah Pəhləvinin irtica rejimi zəiflədi və Güney Azərbaycanda yenidən azadlıq hərəkatı baş qaldırdı.

1941-ci ildən etibarən Sovet İttifaqının tərkibindəki Şimali Azərbaycanla Cənubi Azərbaycan arasındakı sərhəd-gömrük sistemi aradan qaldırılır ki, bu, öz növbəsində iki eyni xalq arasındakı qaynayıb-qarışma və iki eyni millət arasındakı birləşmə arzusunu alovlandırır.

Dövlət P(b)aşa!

1944-cü ildə Şimali Azərbaycandan Təbrizə Azərbaycan SSR Ali Sovetinin sədri Əziz Əliyevin rəhbərliyi ilə geniş heyət göndərilir. Əziz Əliyev təhsilini H.Z.Tağıyevin dəstəyi ilə almış, bütün siyasi-diplomatik fəaliyyətini Şimal Azərbaycanın inkişafı ilə yanaşı, Güney Azərbaycanın da tərəqqisinə həsr etmiş bir şəxsiyyət idi.

Onun verdiyi məlumatlarda qeyd edilir ki, Cənubi Azərbaycan Şimalın ayrılmaz parçasıdır və Araz çayının hər iki tərəfində yaşayan xalqlar etnik, mədəni, dini və mental baxımlardan eyni xalqdırlar, aralarında sərhəd olmamalıdır. Yeri gəlmişkən, bu dövrdə çəkilən xəritələrdə də Cənubi Azərbaycan ərazisi Şimali Azərbaycanın tərkibində göstərilirdi.

Təxminən eyni illərdə M.Ə.Rəsulzadə Ankarada yazırdı ki, Cənubi Azərbaycanda türklər nə Rusiyadakı kimi məhkumdur, nə də Türkiyədəki kimi hakim. Hərçənd, o illərdə Türkiydə hakim olan CHP partiyası bu hadisələri “İranın şimalının işğalı kimi” təqdim edirdi.

21 Azər və ya II Respublika

Seyid Cəfər Pişəvəri 1945-ci ilin 12 dekabrında Güney Azərbaycan Demokrtatik Respublikasının Milli Məclisinin rəhbəri elan edilir. Bu tarixi hadisə ona görə 21 Azər adlandırılırdı ki, 12 dekabr o günün İran təqvimi ilə 21 Azər gününə təsadüf edirdi.

Kim idi ki o?

Seyid Mircəfər Pişəvərinin atası Mircavad ailəsilə birlikdə Bakıya köçmüşdü. Oğlu Mircəfər Bakıda pedoqoji məktəbi bitirdikdən sonra, İttihad məktəbinə müəllim təyin olunur. Bakının Xırdalan kəndində müəllimlik edəndən sonra yazırdı: “Millətimiz cahil və savadsız olduğu üçün uğur qazana bilmədi”.


Qeyd etmək lazımdır ki, Mircəfər Pişəvərinin atası Mircavad özü də Bakı milyonçusu Tağıyevin maddi dəstəyi ilə təhsil almış, onun yardımı ilə mətbuata yazılar göndərməyə başlamışdı.

Pişəvəri 20-ci illərin əvvəllərində Xorasana, Tehrana qayıdır, məktəblərdə dərslər keçir, qəzet-jurnallarda yazılar yazır, lakin şah polisləri tərəfindən həbs edilərək, Qəsri-Qacar zindanına həbsə göndərilir. 1941-ci ilin sentyabrında Rza Şah Pəhləvinin taxtdan düşməsi və yerinə Məhəmməd Pəhləvinin çıxması ilə yenidən siyasi fəaliyyətə başlayan Pişəvəri 1945-ci ilin 3 sentyabrında Azərbaycan Demokrat Firqəsini yaradır. 1945-ci il dekabr ayının 12-də “21 Azər” hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilərək, Azərbaycan Demokratik Cümhuriyyətini qurduğunu elan edir.


O deyirdi: “Tarixdə azadlığın öncülü kimi tanınan Azərbaycan bundan sonra avtokrat Tehran rejiminin təsiri altında yaşaya bilməz. O, azad olmalıdır! Azərbaycanın parlaq mədəni keçmişi olsa da, İranla birgə olduqca cəhalət girdabındadır və bu girdabda qala bilməz. Azərbaycan xalqının gözəl dili var. Bu dil məktəblərdə tədris olunmalı, idarəetmədə istifadə edilməli, yaşamalı və ucalmalıdır. Azərbaycanın zəngin resursları var, Azərbaycanda sənaye sıçrayışları edilməli, kənd təsərrüfatı inkişaf etməlidir. Ölkəmiz öz layiqli yerini tutmalı, fəhlələr işsiz, kəndliləri torpaqsız qalmamalıdır! Azərbaycan azad olmalı və hər cəhətdən inkişaf etməlidir!”

Milli hökumət Azərbaycan dilini dövlət dili elan edər-etməz Azərbaycan dilində məktəblər, qəzet-jurnallar nəşr etdirir və 3-cü dəfə (Səttarxanla Xiyabanidən sonra) ordu təsis edir.

Pişəvərənin şüarı və amalı savadsızlığın kökünü kəsmək idi. O, fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirir. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta onun rəqibləri belə etiraf edirdilər. Maraqlıdır ki, Pişəvəri ordusunun əsgərləri “qızılbaş” adlanırdılar. Əgər Türkiyə əsgəri “Mehmetçik” İstanbulu fəth edən Sultan Mehmeti simvolizə edirdisə, Qızılbaş da İranda böyük Azərbaycan-Türk dövlətini quran ideologiyanı təmsil edirdi.

Bəzi ünsürlər Pişəvərini “Moskvanın layihəsi” kimi təqdim etsə də, onun nitqlərindən, məqalələrindən, bildirişlərindən və qəbul etdiyi qərarlardan kifayət qədər yaxşı aydın olur ki, Mircəfər üçün hər şeydən öndə və əziz olan öz millətinin azadlığı, müstəqilliyi və türk kimliyi altında yaşamaq idi. Necə ki, Güney Azərbaycan Milli Məclisinin açılışında “bizim üçün hər şeydən vacib olan odur ki, özümüzü özümüz idarə edək” demişdi.

Sən saydığını say, gör BMT nə sayır...

1946-cı ilin əvvəlində İran şahı Məhəmməd Rza Pəhləvi ölkəsinin ərazi bütövlüyünün qorunması ilə bağlı qayğıları olduğunu və Təbrizdəki “separatçı” hökumətin İranın ərazi bütövlüyünə təhdid yaratdığını Birləşmiş Millətlər Təşkilatına təqdim edir. Yanvarın 28-də Mircəfər Pişəvəri BMT-yə müraciət edərək, İranın narahat olduğu mövzunun Azərbaycan xalqının azadlıq hərəkatı və ən təbii hüquqlarının qorunması məsələsi olduğunu iddia etsə də, qərar Tehran lehinə qəbul edilir.


Qeyri-rəsmi məlumatlara görə, ABŞ Prezidenti Harri Trumen Stalini Sovet İttifaqının Pişəvəri hokumətinə dəstəyi dayandırmayacağı təqdirdə nüvə zərbəsi ilə təhdid etmişdi. Belə bir təhdidin blef olmadığını düşünmək üçün kifayət qədər arqument də mövcud idi. Xirosima və Naqasaki şəhərlərinə məhz Trumenin əmri ilə atom bombaları atılmışdı. Üstəlik, SSRİ hələ o vaxt atom bombasını əldə edə bilməmişdi.

Dəstəyin dayandıralacağı halda isə İranın müəyyən neft mədənlərinin birgə istismarı planı önə sürülmüşdü ki, bu da müharibədən yeni çıxmış və ağır iqtisadi vəziyyətdə olan SSRİ üçün böyük maliyyə demək idi.

Həm nüvə təhdidi, həm də neft mədənlərinin birgə istismarı təklifi Sovet İttifaqının Pişəfəriyə dəstəyi dayandırmasına gətirib çıxarır. SSRİ Güney Azərbaycandakı hərbi birləşmələrini geri çəkdikdən sonra da Pişəvəri təslim olmur və müstəqilliyini qorumaq üçün çıxış yolunu İnönü Türkiyəsində görür. Bu məqsədlə Ankaraya böyük bir diplomatik heyət göndərən Pişəvəri 3 ay cavab ala bilmir. Bu isə o demək idi ki, “biz sizi tanımırıq”.

Beləliklə, tam dəstəksiz ADR Tehran-fars rejimi ilə təkbətək qalır. London və Vaşinqtondan siyasi və hərbi dəstək alan farslar Təbrizə böyük qoşun yeridir, ağır qətliamlardan sonra 1946-cı il dekabrın 13-də Azərbaycan Milli Hökuməti süqut edir.

Təsəvvür edin, şah qoşunlarında rəhbərlik edən amerikalı general Norman Şvartskopf yazırdı ki, ağır döyüşlərdən sonra 25 min nəfər azərbaycanlı öldü, 2500 nəfər edama məhkum edildi, 8000 nəfər isə həbs olundu.
Bu döyüşlərdən sonra Təbriz bir daha işğal edilir, mərkəzi kitabxana və idarəetmə mərkəzi yandırılır, Azərbaycan Milli Hökumətinin varlığına son qoyulur.


Bəzi mənbələrə görə Tehran rejiminin Azərbaycana hücumu nəticəsində yüz minə yaxın azərbaycanlı öldürülür, iki yüz minə qədəri isə sürgün, yaxud həbs edilir. Bu gün İranda hakim dairələrin etiraz edən dinc əhaliyə tutduğu divanın miqyasını nəzərə alaraq, bu deyilənlərin hansı səviyyədə həqiqət olub-olmadığına özünüz qərar verin.

Gedək üzü dənizə...

Əli hər yerdən üzülən Pişəvəri Bakıya gələrək, Güney Azərbaycanın istiqlaliyyət savaşını siyasi və ideoloji olaraq, Bakıdan davam etdirməyə çalışsa da, 1947-ci il, iyunun 11-də Gəncədən qayıdarkən müəmmalı şəkildə avtomobil qəzasına düşür. Bəzi məlumatlara görə, Pişəvəri erməni əsilli sürücüsü tərəfindən sui-qəsdə məruz qalır. Böyük şəxsiyyətin məzarı Bakıdakı Fəxri Xiyabanda yerləşir.

Onun “Bugünkü Azərbaycan və mübarizəsi” əsəri Şimali Azərbaycanda nəşr edilsə də, kitabın Türkiyədə yayımlanması CHP tərəfindən qadağan etmişdi.

Heç nə boşuna deyildi

Pişəvəri qurmuş olduğu dövlətdə bir daha türk dilini dövlət dili, təhsilin türkcə olmasını təmin edir. Təhsillə yanaşı, türk dilində “Vətən”, “Günəş”, “Azad”, Millət” və sair kimi çoxsaylı qəzet və jurnalların nəşrinə başlanılır.

Qısa müddət ərzində mövcud olmuş Azərbaycan Milli Hökumətində (və ya Azərbaycan Demokratik Respublikası) qadınların səsvermə hüququ bərpa edilir, Milli Ali Universitet və xəstəxana, bir çox zavod və fabrikin bünövrəsinin qoyulur, milli məhkəmə və polis təşkilatı yaradılır, milli radio təsis edilir, ilk dəfə milli teatr, kitabxana və filarmoniyanın əsası qoyulur, yolların və körpülıərin çəkilməsi, ilk milli ordunun elanı reallaşır, Səttarxan və Bağırxan kimi milli qəhrəmanlara heykəllər ucaldılır, adlarına küçələr salınır...

Maraqlıdır ki, Milli Hökumətin təhsil xərcləri bütün İranın təhsil xərclərindən artıq idi. Pişəvəri hesab edirdi ki, bir millətin gələcəyini onun aldığı təhsil müəyyən edir.

Azərbaycan Milli Hökumətinin ömrü uzun olmasa da, yaranması və fəaliyyəti əsrin əvvəlindən etibarən Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının növbəti mərhələsinə ciddi təkan vermiş olur. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya mənbələrindən biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətdir!

Edameh Darəd (Ardı var)


Tural Bakuvi
Tarixçi, bəstəkar
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   Güney-Azərbaycan   İran   Azadlıq-hərəkatı  





Xəbər lenti