“Vosmoy bazarı”nda motel aşkarlanıb - FOTO

“Vosmoy bazarı”nda motel aşkarlanıb -    FOTO
  12 Noyabr 2022    Oxunub:1021
Bakının “8-ci km bazarı” (“Vosmoy bazarı”) kimi tanınan “Vüqar-2” ticarət mərkəzində fəaliyyət göstərən motel (mehmanxana) aşkarlanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ticarət mərkəzinin ərazisində motel aidiyyəti dövlət qurumları, o cümlədən FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərir.

Xidmət əməkdaşları qanunsuz fəaliyyət göstərən moteldə ciddi qayda pozuntuları aşkar edib.

Belə ki, motelin binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb, bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil, orada standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir, bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib, təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir, motel otaqları yanar materiallarla üzlənilib.

"Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində İnzibati Xətalar Məcəlləsi”nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, “Vüqar-2” ticarət mərkəzində digər ciddi nöqsanlar da aşkarlanıb.


AzVision.az



Teqlər:





Xəbər lenti