Ramiz Rövşən: “Anardan sonra bu vəzifəyə tamah salan olmayacaq”

    Ramiz Rövşən: “Anardan sonra bu vəzifəyə tamah salan olmayacaq”
  26 Oktyabr 2022    Oxunub:1480
“Bizim əziz dostumuz, Azərbaycan ədəbiyyatının ağsaqqalı Anar əgər namizədliyini verəcəksə, şəxsən mən ona səs verəcəyəm”.
Bunu AzVision.az -a Xalq şairi Ramiz Rövşən deyib. O, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına 203 min manat sərf edilməsindən də danışıb.

“Qurultayın görün nə qədər qonaqları var. Onların gəlməsi, yerləşməsi üçün böyük miqdarda pul lazımdır. Qurultaya olan maraq məni sevindirir. Ancaq Azərbaycan yazıçılarının həyatı qurultayların gedişatı ilə yox, Azərbaycan dövlətinin və Azərbaycan xalqının həyatı ilə bağlıdır. İki il bundan qabaq biz torpaqları əsarətdə olan, içi sıxıntılı, çox gərgin duyğular yaşayan bir millət idik. İndi torpaqlar azaddır və belə söhbət var ki, Şuşada keçsin qurultayımız. Şuşada olmadı, amma inanıram ki, Şuşanın ab-havası burada olacaq” .

R. Rövşən bildirib ki, Yazıçılar Birliyinə yeni sədr olmaq istəyənlər öz namizədliyini versinlər: “Bizim sənətimiz ikili sənətdir: şair- oxucu, bəstəkar-dinləyici. Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları gətirə bilər. 100 minlərlə oxucudan söhbət gedir. Anarın 100 minlərlə oxucusu var. Bu həqiqətdir .

Anar vəzifədən daha önəmli şəxsiyyətdir. Ondan sonra bu vəzifəyə tamah salan olmayacaq. Alternativin olmaması Anara olan hörmət və məhəbbətdən asılıdır. Yazıçılığını kənara qoyuram. Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu qədər iddialı adamları bir araya gətirmək, Anarın xarakterindən irəli gəlir. Birləşdirici xarakter çox böyük şərtdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti