Ermənistan Rusiyanın kürəyinə Avropa bıçağı sapladı - Sergey Markov

   Ermənistan Rusiyanın kürəyinə Avropa bıçağı sapladı -    Sergey Markov
  21 Oktyabr 2022    Oxunub:3567
“Avropa İttifaqı və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Praqada, ondan əvvəl Brüsseldə keçirilən görüşlər göstərir ki, Bakı İrəvan ilə olan bütün problemlərin və ziddiyyətlərin sülh yolu ilə həlli üçün maksimum diplomatik səylər göstərməyə hazırdır. Təki Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tam şəkildə tanıyacaq sülh sazişi imzalamasına nail olsun”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Sergey Markov deyib. O vurğulayıb ki, bu danışıqlar Azərbaycanın Qarabağın bütün ərazisini tam nəzarətə götürməsini təmin etmək məqsədi daşıyır. Məqsəd odur ki, Qarabağda Azərbaycan bayrağı, Azərbaycan manatı, Azərbaycan dili, Azərbaycan polisi, yol çəkəcək, əraziləri bərpa edəcək Azərbaycan inşaatçısı görünsün.

Politoloq qeyd edib ki, Fransa neytral tərəf deyil və Avropa İttifaqı xarici siyasət sahəsində Fransanın tam təsiri altındadır. Paris Ermənistanın maraqlarına uyğun razılaşmalara nail olmağa çalışır. Amma danışıqlara prezident İlham Əliyev kimi həddindən artıq təcrübəli diplomat rəhbərlik edəndə hətta Fransa kimi hiyləgər, məkrli psevdovasitəçidən də sülhə doğru irəliləmək üçün istifadə oluna bilər.

Aİ missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə toxunan Markov xatırladıb ki, Fransa bu missiyanı həm Ermənistan, həm də Azərbaycan ərazisində yerləşdirmək istəyirdi. Amma Azərbaycan nəzakətlə imtina etdi və həmin qüvvələrlə lazım olan yerdə əməkdaşlığa hazır olacağını bildirdi. “Eyni zamanda hesab edirəm ki, Aİ missiyasının, əslində aktiv şəkildə anti-Rusiya siyasəti yürüdən NATO missiyasının bu şəkildə yerləşdirilməsi Rusiyada ona qarşı düşmənçilik, yəni kürəyinə vurulan erməni bıçağı kimi qiymətləndiriləcək. Rusiyaya xəyanətin Ermənistana kömək edəcəyinə əmin deyiləm. Bu, Rusiyanın Azərbaycana “bütün imkan və resurslarınızdan, o cümlədən hərbi imkanlarınızdan istifadə edərək, Qarabağı tamamilə nəzarətə götürün!” mesajını verməsinə də gətirib çıxara bilər, - Markov bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: Ermənistan    





Xəbər lenti