Ermənistan Rusiyadan “boşanır”, amma... – Ədalət Verdiyevin yazısı

   Ermənistan Rusiyadan  “boşanır”, amma... –    Ədalət Verdiyevin yazısı
  19 Oktyabr 2022    Oxunub:3703
Ermənistanın Azərbaycana qarşı davam edən təxribatları fonunda Rusiya və KTMT mövqeyini ortaya qoyduqdan sonra rəsmi İrəvan əlacsız qalaraq çətin, lakin zəruri bir seçim edib. 30 illik işğal siyasətinin girovuna çevrilən Ermənistan Vətən Müharibəsində məğlub olduqdan sonra Rusiyanı Qərbə dəyişib.
2016-cı ilin aprelində Ermənistanın törətdiyi təxribatlar Rusiyanın Qarabağ siyasətinə qarşı yönəlmişdi və həmin andan iki müttəfiq arasında münasibətlər soyumağa başlamışdı. Paşinyan komandasının bu soyuqluğu maksimuma çatdırması Rusiyanın “İrəvan sevdası”nın bitməsi ilə nəticələndi.

Son iki ildə isə Nikol Rusiyanı qıcıqlandırmaq üçün əlindən gələni etdi. Ermənistanı pis-yaxşı, forpost dövlət kimi qoruyan Kremldə isə narazılıq getdikcə gücləndi və hazırda kulminasiya nöqtəsinə çatıb. Rəsmi İrəvan artıq ölkədə Rusiya əleyhinə mitinqləri əlaltından özü təşkil edir, şüarlar isə yəqin ki, ABŞ məhsuludur.

Ermənistanın Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirmək niyyəti baş tutmayınca, İrəvan istiqaməti 180 dərəcə dəyişməli oldu. Hazırda Ermənistan darmadağın arxasını Rusiyaya, simasız sifətini isə Qərbə və NATO-ya çevirib. Cəmi bir ay əvvəl Nikol Paşinyanın 12 min kilometr məsafə qət edərək, Vladivostokda bir neçə dəqiqəlik çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə 9 dəfə təşəkkür etməsini də xatırlayırıq. 1 ayda insan neçə sima dəyişə bilər? Görünür, sima da vicdan kimidir, əgər əvvəlcədən yoxdursa, sonradan da yaranmır.


Çıxılmaz vəziyyətdə olan Ermənistan rəhbərliyi ictimaiyyəti gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısına fərari erməni ordusunun əvəzinə NATO əsgərinin çıxa biləcəyinə inandırmağa çalışır. Rusiya bazasının olduğu bir ölkəyə indiki şəraitdə NATO əsgərinin daxil olmasını şəxsən təsəvvür edə bilmirəm. Qərb Rusiya ilə savaşmaq niyyətində olsaydı, Ukraynada partlayan rus raketlərinə adekvat reaksiya verərdi. Elə deyil, Nikol Vovayeviç?

NATO və Qərb “nağılları” ilə Paşinyan erməni xalqını 3-5 il şirin yuxuya vermək istəyirsə, başqa məsələ, amma bu fəndlər Ermənistanı məğlub durumdan və imzaladığı Birgə Bəyanat üzrə öhdəlikləri yerinə yetirmək məsuliyyətindən xilas edə bilməz. Bu gün Ermənistanın xilası 2 il əvvəl olduğu kimi artıq öz əlində deyil. Bu məsələ daha çox Türkiyə, Rusiya və Azərbaycandan asılıdır.
Daxili kataklizmlərdən qurtula bilməyən İran da bu məsələdə ən yaxşı halda ikinci planda yer alacaq. Müttəfiqlərinin Ermənistana silah tədarükü Azərbaycan tərəfindən əngəllənə bilirsə, qalan məsələlərdən danışmağa belə dəyməz. Ermənistanın cəsarəti çatırsa, həmin müttəfiqin adını da çəksin və onunla “bir yataqdan” çıxdığını rəsmən elan etsin.

Ermənistan darmadağın arxasını Rusiyaya yönləndirməsi geosiyasi addım olaraq həm İrəvanın cinsi sağlamlığına, həm də fiziki təhlükəsizliyinə son dərəcə ziyanlı ola bilər. Rusiya daim öz orbitində saxladığı və kifayət qədər böyük həcmdə müxtəlif yardımlar etdiyi Ermənistanı “boşaya” bilər, amma onun “yeni nikahına” böyük qısqanclıqla yanaşacağı şübhəsizdir. Ssenari də bəlkə hazırdır: Ya təzə bəyi bıçaqlayacaqlar, ya da köhnə “gəlini” növbəti dəfə qaçıracaqlar.

Bizə isə sonluğu indidən məlum olan bu faciəvi komediyanı izləməklə paralel
olaraq, tarixi torpaqlarımızda Bayrağımızın dalğalandığı coğrafiyanı genişləndirmək qalır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti