"Xalq sizi bir-iki saat ərzində dənizə atar” - Baş nazirdən ingilis generala cavab

 "Xalq sizi bir-iki saat ərzində dənizə atar” -  Baş nazirdən ingilis generala cavab
  07 Oktyabr 2022    Oxunub:5182
Zahid xan Xoyski Azərbaycan cumhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın oğludur. 25 sentyabr 1910-cu ildə Gəncədə doğulub. 1920-ci il Gəncə üsyanında iştirak edib. Ailəlikcə həbs ediliblər. Ailə 1921-ci ildə Batuma, oradan İstanbula gedib. 1930-1944-cü illərdə Varşavada bacısı Valiyə xanımgildə yaşayıb. Ruslar 1944-cü ildə Varşavaya girərkən Zahid xan ailəsi ilə Almaniyaya, 1945-ci ildə Avstriyanın Tirol şəhərinə köçüb. Müharibədən sonra İtaliyaya gediblər. Romada Cahangir bəy Kazımbəylinin evində qalıblar.
1951-ci ildə Zahid xan xanımı və 7 yaşlı qızı ilə birgə Neapol ətrafındakı Bagnoli düşərgəsində uzun müddət qaldıqdan sonra Amerikaya getməyə icazə ala bilib. 7 noyabr 1951-ci ildə Nyu-Yorka gəliblər. Burada Polşa komitəsi onlara yardımçı olub. İki ildən sonra Zahid xan hökumətin hərbi təyyarə zavodunda mühəndis kimi işə düzəlib. 2011-ci ildə Nyu-Yorkda vəfat edib.

AzVision.az Zahid xanın Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu illərlə bağlı xatirə yazısını təqdim edir:

...Azərbaycan çar dövründə bir müstəmləkə halında idarə edilirdi. Sankt-Peterburq hökuməti azərbaycanlıları səfərbərliyə almırdı, onun yerinə xalq “vergi” verirdi. Ona görə 1917-ci ildə əsgəri qüvvələrimiz qətiyyən yox idi. Bəli, könüllü zabitlərimiz var idi. Hətta aralarında çox məşhur generallar da yox deyildi (general Xan Naxçıvanski, general Səməd bəy Mehmandarov və digərləri). Bu çox ağır və təhlükəli vəziyyət qarşısında gürcülər, azərbaycalılar və ermənilər tez bir zamanda Tiflisdə Məvarəyi-Qafqaz hökumətini qurdular.

Gürcülər bizdən çox üstün olduqları üçün Seym hökumətində mühüm mövqelər aldılar. Azərbaycan Fraksiyasının rəisi Fətləli xan (Burada müəllif yalnışlığa yol verib. Seymdəki “Müsəlman fraksiyası”nın sədri Məhəmmədəmin Rəsulzadə olub) maarif komissarı vəzifəsii almışdı. Fəqət Gəncə çox təhlükəli halda idi. Bir tərəfdən Bakıdan Gəncə üzərinə yola çıxan Şaumyan qoşunsuz yerli xalqa rahatlıq vermirdi. O dövrdə Türkiyə-Qafqaz hüdudundan evlərinə qayıdan rus ordusu eşalonlarla Gürcüstandan dəmir yolu ilə Gəncədən keçib gedirdi. Bəzi erməni əsgərləri Bakıda qalıb Şaumyan ordusuna qoşuldular. Gəncə və Gəncə civarındakı xalq rus eşalonunu durdurub onların əlindən əsgəri vəsait almağa qərar verdi.

Gəncədə atam Hüseyinqulu xan tələsik olaraq son iki sinif tələbələrindən “Zelyonaya qvardiya” (Yaşıl qvardiya”) adında bir əsgəri qüvvə hazırladı (Qardaşım İsgəndər də o qvardiyada idi). Gürcüstadan yola çıxan bir eşalonu Gəncəyə yaxın Şamxor civarında bizim yerli xalq və “Zelyonaya qvardiya” durdurub, bir neçə saat atışmadan sonra rus əsgərləei öz tüfəng, patron, pulemyot və hətta bir-iki top verib yollarına davam etdilər. Beləliklə, bir neçə eşalondan əsgəri vəsait almağa Gəncə xalqı müvəffəq olmuşdu (Fəqət, təəssüf, belə bir atışma dövründə Gəncənin tanınmış ailəsi olan Məşədi Əli Rəfiyevin “Zelyonaya qvardiya” da olan oğlu Məhəmməd 17 yaşında şəhid oluşdu). Gəncə bu eşalon davasına “Şalon davası” deyirdi. Küçələrdə uşaqlar bu mahnını oxuyurdu:
Şalon gəlir yan verir
Gəncəni nişan verir
Gəncənin cayılları
“Şalon” deyir, can verir


1918-ci il may ayında Bakıdan Gəncə üzərinə yola çıxan qüvvətli Şaumyan ordusunu dayandırmaq üçün bütün Gəncəbasar xalqı ələrində nə silah varsa, götürüb Yevlax boyunda (Kür körpüsündə) səngər qurub düşməni durdurmağa qərar verdilər. Təbii ki, Azərbaycan millətinin qatili olan (bir rəvayətə görə 10-15 min müsəlman xalqını qıran) Şaumyanın qüvvəti bizim yerli qüvvətdən çox üstün idi. Ona görə də Tiflisdə olan Seymin Azərbaycan fraksiyasının sədri fətəli xan qəti şəkildə Seym hökumətindən yardım tələb etdi. Bunun üzərinə gürclər bir-iki batalyon əsgərlərini Yevlaxa göndərdilər.

1918-ci il may ayının 26-da Seym hökumətində olan gürcülər öz istiqlaliyyətlərini elan etdilər. Bunun üzərində Azərbaycan fraksiyasının sədri Fətəli xan söz alaraq dedi: “Məvarəyi-Qafqaz millətləri bir çox xüsusiyyətlərdə yekdigərinə bağlı olduqlarından onların ayrılmasını bir az müşkül zənn edərdim.Lakin gürcülər istiqlaliyyətlərini elan etdilərsə, azərbaycanllar da öhdələrinə düşən vəzifələri edərlər”.

27 may və 28 may günlərində Tiflis şəhərində Azərbaycan Fraksiyası və Tiflisdə olan azərbaycanlılar toplanıb Fətəli xanın sədrliyi altında Milli Şura qurub Azərbaycanın istiqlalını rəsmən elan etdilər.
(Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə, müavini isə Həsən bəy Ağayev olub. Həmin vaxt Rəsulzadə Batumda olduğu üçün Tiflisdəki müşavirə Həsən bəyin sədrliyi ilə olub.)

Həmin günün axşamı Fətəli xan Tiflisdən Gəncəyə (atama) telefon zəngi edərək dedi ki:
- Dadaş (daim atma “Dadaş” deyərdi), bir az əvvəl burada Azərbaycanın istiqlalını elan etdik və Azərbaycan hökumətini qurduq. Hökumət bugünlərdə Gəncəyə gələcək, ona görə lazımi tədarükü edin.

Atam həyəcan içində bizə bu müjdəni verdi. Evimizdə şənlik idi. Atam dərhal ən yaxın dostu olan Dr. Xudad bəy Rəfibəyova və sonra Gəncənin Şeyxulislamına heç kəsin gözləmədiyi bu xəbəri verdi. Ertəsi gün bütün Gəncə xalqı şənlik içində idi. Telefon zəngi durmadan çalırdı. Hər kəs atamdan ”Xan, bu xəbər doğrudurmu?” deyə soruşurdu. Evimizdə hazırlıq davam edirdi. Nəhayət, iyun ayının ilk günlərində hökumət başda olmaqla 3 avtomobil və bir neçə faytonla evimizə gəldilər.

17 iyun 1918-ci ildə Gəncədə ikinci Milli Şura toplandı və ilk olaraq Tiflisdə toplanın birinci şuranın qanuni olduğunu təsdiq etdi. ADR-in ilk işi mümkün olduğu qədər çox əsgəri toplamaq idi. O dövrdə çar ordusundan Gəncədə olan polyak zabitlərdən və əslən alman kaloniyalarından olan zabitlərdən istifadə edilmişdi. ADR hökuməti Şaumyan ordusunun önündə zəif olduğundan Türkiyədən yardım istədi. O dövrdə Türkiyənin Baş komandanı və əsasən diktatoru olan Ənvər Paşa öz qardaşı Nuri paşanı Azərbaycana göndərdi.

Türk diviziyası Azərbaycana gəlmək üçün Ermənistandan və Gürcüstandan keçməli idi. Təəssüf, nə ermənilər, nə də gürcülər buna razı oldular - o dövrdə Tiflisdə alman komandınlığı var idi. Almanlardan istifadə edərək Nuri paşanı buraxmadılar. Türk diviziyası Naxçıvan və Qarabağ yolu ilə çox böyük müşkülatlardan sonra, nəhayət, Yevlaxa çatdı və Nuri paşa öz ştabı ilə Gəncəyə gəldi. Nuri paşanı bizim Gəncə xalqı çox böyük təntənə və qurbanlarla qarşılamışdı.

O gecə atam Nuru paşanın şərəfinə böyük ziyafət verdi. Nuru paşa ilə ADR hökuməti arasında rabitə Qarabağlı Əhməd bəy Ağaoğlu idi. Fətəli xanla Nuri paşa arasında bir növ gərginlik hasil olmuşdu, çünki Nuri paşa ADR hökumətinin işlərinə qarışdı. Fəqət aradakı gərginlik çox rahat həll edildi – Nuri paşa əsgəri məsələ ilə, hökumət isə milli işlərlə məşğul oldu.

Şaumyan “hökuməti” İranda olan ingilislərdən yardım aldığı halda, türk paşası general Mürsəlin komandası altında türk diviziyası və Azərbaycan kiçik qüvvəsi və xalqının yardımı ilə 15 sentyabr 1918-ci ildə düşməni məğlub edib Bakını Şaumyandan xilas etdi. Fəqət noyabr ayının 17-də müştərək ingilis və rus qoşunu Bakıya girdi - ingilislər İrandan, ruslar da şimaldan ingilislərin himayəsi altında. İngilis komandanı general Tomson ilə Azərbaycanın Baş naziri Fətəli xan arsında çox sərt bir söhbət oldu, o dərəcədə ki, Fətəli xan general Tomsona “biz sizin müstəmləkə xalqınız deyilik, lazım olsa, bizim xalq sizi bir-iki saat ərzində dənizə atar” demişdi.

Həmin söhbətdəki dialoq:

Fətəli xan:
- Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda, mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson:
- Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Mən isə bir əsgərəm.
Fətəli xan:
- Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm.
Tomson tərcüməçiyə müraciətlə:
- Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, Cümhuriyyətinizin ordusu hələ qurulmamışdır.
Fətəli xan tərcüməçiyə:
- General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir, ya da hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik.

Bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır.

16 noyabr 1918-ci ildə islam dünyasında ilk dəfə olaraq Azərbaycan demokratik parlamenti açıldı. Həmin gün ingilis general Tomson Fətəli xan hökumətinin tək və rəsmi Azərbaycan hökuməti olduğunu rəsmən tanıdı.

1919-cu ilin aprel ayında Gəncədə qurulan Azərbaycan ordusu böyük təntənə və xalqın alqışları altında Bakıya girdi.

1920-ci ilin mart ayında Moskvanın təşviqi ilə Qarabağda, Əsgəranda ermənilər üsyan qaldırdılar. Eyni zamanda Qırmızı Ordu bizim şimal hüdudlarımıza toplanmağa başladı.

O dövrdə Baş nazir olan Nəsib bəy Əsgərana birinci Bakı və üçüncü Gəncə polklarını göndərdi. Bizim qoşun 10 gün ərzində Əsgəran üsyanını yatırdı. Fəqət şimal hüdudumuzdan qırmızı Ordu hücuma keçdi.

Bakı kommunistlərin əlinə keçdikdən sonra Gəncədə küçələrdə döşlərində qırmızı nişan olan adamlar peyda oldu, özəlliklə şəhərdəki ermənilər. Ani olaraq Zülfiqarın 50-60 süvarilik ”qoşunu” (Zülfiqar kimdi? Zülfiqar Gəncənin tanınmış ailəsi olan Böyük bəy Ağasıbəylinin aşpazı idi) silahlara sarılmış, şəhər xalqına qorxu verirdi. Əsasən də hər gün Gəncə meydanında mitinqlərdə Zülfüqar şəhərin irəli gələn münəvvərlərinə ağzına gələni deyir, Quranı itələyib “din, Quran yoxdur” deyib “daloy xanov, bekov, ağalarov” dedikdən sonra şəhərin küçələrində öz qoşunu ilə camaata qorxu verirdi.

22 may 1920-ci il gecəsi Gəncə xalqı və şəhərdə olan 3-cü piyada alayı sovetlərə qarşı üsyan qaldırdı. Xalqın ik işi Zülfüqarla haqq-hesab məsələsi oldu. Gəncə üsyanı 10-12 günə qədər çəkdi və şəhər həm sovet qoşunu, həm də ermənilər tərəfindən əhatə edildikdən sonra təslim olmağa məcbur oldu...

Bizim ailə (nənəm, anam, qardaşım, iki bacım və mən) iki fayton, bir neçə zabit və əsgərlə (atlı) və Gəncə 3-cü piyada alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli dağ yolu ilə Gürcüstana yol aldıq. Yolda başımıza çox böyük əngəllər gəldi. Nəhayət, Qazax civarında olan Kəsəmənə yetişdik. Orada iki gün istirahət etdiyimiz zaman Gəncədən xüsusi qatarla bir komissar gəlib bizi geri, Gəncəyə gətirdi. Polkovnik Kazımbəyli və bir neçə zabit yolda bizdən ayrılmışdılar, ona görə ancaq bizim ailəni həbs etdilər. Gəncədə bizi ÇK-nın zirzəmisinə saldılar. Bir neçə gün zirzəmidə qaldıqdan sonra bir axşam ÇK-nın baş komissarı (yəhudi) anamı, böyük bacımı və 18 yaşında olan qardaşımı çağırıb onlara “sabah erkəndən bütün ailəniz edam ediləcək” dedi...

Sabah oldu, gün çıxdı, heç kəs gəlib bizə bir şey demədi. Möcüzə. Nəhayət zirzəminin qapısı açıldı, içəri belində naqan bir azərbaycanlı girdi. Anama dönərək dedi ki ”xanım, qorxmayın, sizi buradan çıxarıb öz evinizə göndərəcəyəm”. Sevinc və göz yaşları bir-birinə qarışmışdı. Möcüzə...



Zahid xan Xosyki


Hüseynqulu xan Xoyski

Hazırladı: Nuray Quluzadə


AzVision.az


Teqlər:





Xəbər lenti