Yunan zülmündən sınmayan Türk Şahini

// Türkiyənin ilk şəhid pilotunun dəhşətli hekayəti

  Yunan zülmündən sınmayan Türk Şahini
  05 Oktyabr 2022    Oxunub:2909
Dünyanın bütün ölkələri, o cümlədən, ABŞ ən yaxşı pilotların Türkiyə pilotları olduğunu qəbul edir. Qardaş ölkənin Hərbi Hava Qüvvələrinin ilk şəhidi, haqlı olaraq əfsanəyə çevrilən Cengiz Topel də onlardan biri idi.
Cengiz Topel 1934-cü il sentyabrın 2-də Türkiyənin İzmit bölgəsində dünyaya gəlib. Erkən yaşında atasının itirən Cengiz ailəsi ilə birgə İstanbula köçüb və təhsilini davam etdirib. Öncə hərbi məktəbi, 1955- ci ildə isə Hərbi Akademiyanı gizir rütbəsi ilə bitirib.

Məzun olduğu il NATO-nun türk pilotlarına verdiyi təlimlərdə iştirak edib. Öncə Gaziemirdə, sonra Kanadada təhsil alıb. Kanadada 20 aylıq təhsil müddətində eyni zamanda dil, "T-6" təyyarəsi ilə ilkin pilot hazırlığı, "T -33" təyyarəsi ilə təkamül pilot hazırlığı və "F-86" təyyarəsi ilə döyüş təlimi təhsilini alıb. "T-6" təyyarəsi ilə 181,35 saat, "T-33" təyyarəsi ilə 83,15 və "F-86" təyyarəsi ilə 25 saat uçuş etməyi bacarıb. 1957-ci ildə pilot döş nişanı ilə təllif edilib.

Kanadada təsilini uğurla başa vuran Topel Türkiyəyə qayıdıb Merzifon 5-ci Əsas Jet Baza Komandanlığında xidmətə başlayıb.1961-ci ildə Eskişehir 1-ci Hava Əsas Jet Bazasına təyinat alıb. 112-ci Donanma Komandanlığında "F-100" təyyarəsi ilə əməliyyat edə bilən bir pilot olaraq yetişib.1961-ci ildə kapitan rütbəsinə layiq görülüb.


1964-cü ildə Kipr adasında türklərlə yunanlar arasında münasibətlər yenə kəskinləşir. Avqustun 5-də yunanlar Erenköy və Mahsur bölgələrinə dənizdən hücum gəmiləri, qurudan isə tanklarla təmin olunmuş piyada birlikləri ilə qəflətən hücum edirlər və türklərin balıqçı qayıqlarına odlu silahdan atəş açılır. Adada yerləşən BMT-nin qüvvələri həmişə olduğu kimi, qətliama türk və müsəlmanlar məruz qaldığına görə qətiyyən müdaxilə etmir.

Dinc sakinlərin qətliamına biganə qala bilməyən Türkiyə ilk köməyini 7 avqustda 4 təyyarə ilə göndərir. Türkiyə höküməti yunanları bu qırğından çəkindirmək üçün ada üzərində xəbərdalıq uçuşlarının həyata keçirilməsinə qərar verir. Adaya göndərilən 4 təyyarədən ibarət qrupa Cengiz Topel rəhbər təyin edilir.

Avqustun 8-də Topelin liderliyi ilə 4 təyyarə Eskişehirdən Kiprə istiqamət götürür. Təəssüf ki, Topelin "F-100F" təyyarəsi yerdən hədəf alınaraq, vurulur və zədələnir. Paraşütlə enməyə məcbur olan qəhrəman pilot düşmənin əlinə keçməsin deyə dərhal əhəmiyyətli sənədləri yandırır. Yunan əsgərləri tərəfindən mühasirəyə alınan Cengiz Topel son gülləsinə kimi döyüşür, lakin adadakı sülhməramlıların gözü önündə 3 yunan əsgəri tərəfindən əsir alınır və Lefkoşaya aparılır.


Düşmənə əsir düşmək bütün dünyada insanın başına gələ biləcək ən dəhşətli və arzuolunmaz vəziyyətdir. Hər saniyəsi əsrlərdən uzun olan bu dəhşətə qəhrəman pilot qürurla və şərəflə sinə gəlir. Türkiyə israrla beynəlxalq təşkilatlar vasitəsilə qanunsuz olaraq əsir götürülən pilotunu tələb etsə də, yenə də qərəzli münasibətlə üzləşir. Yunan tərəfi bütün beynəlxalq qanunları və imzaladığı konvensiyaları yox sayaraq, Topelin dindirilmədə olduğunu bildirir. Bundan sonra onun hərb tarixində misli görünməyən igidliyi düşməni daha da hiddətləndirir.


Günlərlə insan təxəyyülünə sığmayan işgəncələrə məruz qoyulsa da, Vətəninin heç bir sirrini düşmənə vermir. Topeli azğın düşmən heç bir işgəncə ilə ölkəsinin nüfuzuna xələl gətirə biləcək bircə kəlmə də söz deməyə vadar etməyi bacarmır. Olmazın işgəncələrinə mətanətlə dözən igid türk əsgəri şərəfli ölümü seçir.

5 gün sonra BMT sülməramlıları şəhidin cənazəsini Türkiyə tərəfə verirlər. Şəhidin cənazəsinə elə təhvil verən sülhməramlılarla bərabər ilkin baxış keçirilir. Cəsədin görüntüsündən orada iştirak edən hər kəs şok keçirir. İlk nəzərə çarpan şəhidin boğazından qarnının aşağısına kimi yarılıb orqanlarının çıxarılması və çox kobud tikilməsi olur. Sol gözü küt alətlə çıxarılmış, hər 2 qolunun bazu sümüyü qazma aləti ilə deşilmiş, cinsiyyət orqanları əzilmiş, kəllə sümüyünə beton mismarı vurulmuşdu. Bunlar ilkin nəzərə çarpan işgəncə izləri idi və Topel hələ sağ ikən məruz qalmışdı. Sonradan onun bu işgəncələrdən sonra yaxından açılan atəşlə həyatını itirdiyi məlum olur. Meyitin yarılması zamanı isə gözlə görülməyən işgəncə əlamətləri də meydana çıxır və sənədləşdirilir.

Türkiyənin ilk Hərbi Hava Qüvvələrinin şəhidi Kipr, Adana, Ankara və İstanbulda təşkil olunan anım tədbirlərindən sonra Edirnekapıdakı Sakızağacı Hava Qəbiristanlığında torpağa tapşırılır.

Əyilməzlik və qəhrəmanlıq simvoluna çevrilən igidin adı Türkiyənin müxtəlif yerlərində yüzlərlə parka, küçələrə, prospektlərə verilib. Şimalı Kiprdə isə onun şərəfinə abidə ucaldılıb, muzey tikilib, adı bir kəndə və xəstəxanaya verilib. Məğrur duruşlu heykəlləri ilə hələ də mənfur düşmənə meydan oxuyur, yeni nəsil qəhrəman türk pilotlarının qəhrəmanına çevrilir.

Vücudu parça-parça edilsə də, ruhu əsla sınmayan belə igidləri olan məmləkət basılmaz, sarsılmaz və bəşəriyyət durduqca var olar.
Türk əsgəri ölməz - ya şəhid, ya qazi olar.


Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti