Rusiya ordusu manevr edir, yoxsa qaçır? – Xarici ekspert rəyləri

   Rusiya ordusu manevr edir, yoxsa qaçır? –    Xarici ekspert rəyləri
  16 Sentyabr 2022    Oxunub:2743
Sentyabrın əvvəlində Ukrayna ordusu Xarkov vilayətində hücuma keçdi və Rusiya qoşunları geri çəkilməyə başladı. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu geriçəkilməni "qoşunların ixtisarı və köçürülməsi əməliyyatı" kimi şərh etdi. Sentyabrın 11-də Xarkov vilayətinin başçısı Oleq Sinequbov bildirdi ki, Ukrayna hərbçiləri regionda 40-dan çox yaşayış məntəqəsini azad edib.
Bəs həqiqətdə nə baş verib? Rusiya qoşunları niyə Xarkov istiqamətində geri çəkildi? Bu sualları AzVision.az üçün rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsi üzrə ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş politoloq Dmitri Qalkin və hərbi ekspert Viktor Litovkin cavablandırıblar.

V.Bekişin sözlərinə görə, nəyin baş verməsi haqda məlumat çox azdır: “Bununla belə, rus generallarının hücum zamanı “yatdıqlarını” söyləmək, hesab edirəm ki, tam obyektiv deyil. Həm agentura, həm hava, həm radioelektronik, həm də kosmik kəşfiyyat orada əsaslı şəkildə işləyir. Ukrayna qoşunlarının cəmləşməsi və hazırlığı ilə bağlı məlumatlar olmaya bilməzdi. Rusiya Ukraynadakı hərbi əməliyyatları əksər hallarda “uzaqdan”, yəni Ukraynadan kənardan raket zərbələri ilə həyata keçirir. Aviasiya gedib zərbəni vurur və geri qayıdır. Ancaq piyada hissələri və bölmələri o qədər də çox deyil. Yüzlərlə əsgərin səngərdən çıxaraq, komandirin ardınca avtomatla hücuma keçməsi deyə bir şey yoxdur”.


Bekiş deyir ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində canlı qüvvə və yerdəki hərbi texnika baxımından əhəmiyyətli dərəcədə üstün olduğu ortaya çıxdı. Nəticədə rus qoşunları ölməmək üçün ərazini tərk etdilər: “Etiraf edirəm ki, bəzi hallarda hətta komandanlığın əmrinə zidd olaraq. Təxminən belə bir ritorika ilə: “...Moskvada rahat ofisdə oturub əmr vermək asandır! Bizsə burada atəş altındayıq!” Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələrinin bu hücumu strateji və taktiki baxımdan lazımi səviyyədə qiymətləndirilməyib. Ukrayna Silahlı Qüvvələrinə hələ də uzaqdan və havadan zərbələr endirilir, lakin Ukrayna SQ də axmaq deyil - həm yerdəyişmə, həm də hava hücumundan müdafiə öz işini görür”, - politoloq bildirib.

Politoloq Dimitri Qalkin düşünür ki, Rusiya komandanlığı həmin istiqamətdə hücum gözləmədiyindən, qəfil həmlənin qarşısını ala bilməyib.

“Əlbəttə, rus qoşunlarının Ukrayna ordusunun yayındırıcı zərbələr vurduğu Xerson istiqamətində gedən döyüşlərdə iştirak etməsi də öz rolunu oynadı. Bundan əlavə, Ukrayna qoşunları yeni taktika tətbiq ediblər. Mobil birləşmələr müdafiə olunan rus bölmələrini çaşdıraraq, mövqelərini tərk etməyə məcbur etdilər və bununla da həmlə sahəsini içəridən genişləndirdilər”.


Ekspertin fikrincə, əvvəla məlum oldu ki, Rusiya komandanlığı Ukrayna qoşunlarının hərəkətini operativ izləyə bilmir. Ukrayna hərbi rəhbərliyi isə NATO ölkələrinin köməyi sayəsində Rusiya qoşunlarının mövqeyindəki bütün dəyişiklikləri izləyə və onlara vaxtında reaksiya verə bilir. Bu o deməkdir ki, Rusiya ordusu düşmənə raket və mərmilər ataraq, indiki “atəş yağışı” taktikasını davam etdirmək məcburiyyətində qalacaq. Lakin bu cür taktika artilleriya bölmələrinin təchizat yollarının etibarlı qorunmasını tələb edir.

Əgər NATO ölkələri vəd etdikləri artilleriya və raket sistemlərini Ukraynaya versələr, müdafiəni təmin etmək mümkün olmayacaq. Eyni zamanda, Ukrayna hərbçiləri NATO ölkələrinin dəqiq peyk kəşfiyyat məlumatları sayəsində zərbə üçün ən sərfəli istiqamətləri seçə və gizli şəkildə yenidən qruplaşa biləcəklər.


O da var ki, Rusiya qoşunları irəliləyən düşmən qüvvələri ilə döyüşməkdə tam könülsüzlük nümayiş etdirdi. Onlar qoruya biləcəklərinə inanmadıqları mövqeləri sadəcə tərk ediblər. Bu, Rusiya əsgərlərinin əksəriyyətinin zəif ideoloji motivasiyaya malik olduğunu və buna görə də, müdafiədə möhkəm vuruşmağa hazır olmadığını iddia edən NATO hərbi ekspertlərinin fikrini təsdiqləyir.

“Rusiya komandanlığının bu iki əsas problemi necə həll edəcəyi hələ ki bəlli deyil”, - həmsöhbətimiz qeyd edib.

Hərbi ekspert Viktor Litovkin isə hesab edir ki, rus qoşunları zəif mövqeləri müəyyənləşdirmək üçün qəsdən geri çəkilirlər. “Bu hərəkətlər gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin gözləmədiyi hücumları daha effektiv həyata keçirməyə kömək edəcək. Bəzən irəli getmək üçün geri addım atmaq lazım gəlir”, - ekspert əmindir.


Litovkinin fikrincə, geri çəkilmə digər ərazilərdə qorunmayan arxa cəbhəni gücləndirmək üçün lazım idi: “Arxada ehtiyatımız yox idi. Biz onları çox gec formalaşdırmağa başladıq. Ukrayna zərbələrini bizim zəif olduğumuz yerlərə endirirdi. Rusiya hərbçiləri Xarkov yaxınlığındakı şəhərləri tərk edərək, Donetsk istiqamətində cəmləşiblər. Əgər bu gün Rusiya geri çəkilibsə, o demək deyil ki, bunu həmişəlik edib”.

O həmçinin bildirib ki, bu gün ABŞ və NATO-nun Rusiya qoşunlarının hazırkı mövqeyinin monitorinqi ilə bağlı tövsiyələri Ukraynaya kömək edir. Kəşfiyyat peyklərdən istifadə edilməklə həyata keçirilir. Hərbi ekspertin fikrincə, bu taktika Rusiya üçün yeni deyil. Hələ Böyük Vətən Müharibəsi illərində Xarkov üç-dörd dəfə alınarkən ondan istifadə olunub.

Samir Vəliyev
AzVision.az

Mövzu maraqlı gəldisə, həmçinin bunu da oxuya bilərsiniz:
Ukraynaya qarşı “elektrik terroru”nda məqsəd nədir?



Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti