Sosial şəbəkəni tənzimləməyin yeganə yolu

      Sosial şəbəkəni tənzimləməyin yeganə yolu
  02 Sentyabr 2022    Oxunub:3775
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Belə bir süni yaradılmış paradoks var: “Dövlətin informasiya siyasəti olmalıdır, amma sosial şəbəkələri tənzimləmək olmaz”. Niyə? Onda dövlətin informasiya siyasətinin nə mənası qalır? Məsələn, dövlət ideoloji və informasiya təhlükəsizliyini əsas tutaraq hansısa saytları (tutaq ki, “RİA Novosti”ni) bloklayır, amma həmin saytlar sosial şəbəkədə rahat yayımlanır və insanlara çatırlarsa, əsl nonsens deyilmi?
Əgər sosial şəbəkələr tənzimlənməyəcəksə, ümumiyyətlə, informasiyanın tənzimlənməsi ideyasından əl çəkmək lazımdır. Çünki informasiya ilə bağlı problemlərin böyük hissəsi məhz sosşəbdən qaynaqlanır. Siz küçədə daşan kanalizasiyanı təmir etmədən, insanların ayaqqabılarındakı deşikləri düzəltsəniz, bu, ağıllı yanaşma olmayacaq. Amma sosşəbi necə tənzimləmək olar?

Açıq deyək, hazırkı vəziyyətdə heç cür. Çünki sosial şəbəkə açarı (alqoritmləri) bizdə olmayan bir evdir. Orada Azərbaycan qanunları işləmir. Yalnız bir fundamental yol var ki, düşünürəm, gec-tez əksər ölkələr ona yönələcəklər. Bu, sosial şəbəkələrin informasiya resursu sayılaraq, vətəndaşın informasiya almaq hüququnun təmin olunmasının bütün hüquqi mexanizmlərinin onlara da tətbiq edilməsidir.

Sosial şəbəkələr yarananda kütləvi informasiya vasitəsi deyildilər. Amma indi madam ki buna çevriliblər (müxtəlif ölkələrdə keçirilən müxtəlif sorğularda vətəndaşların 60-80 faizi əsas informasiyaları məhz sosşəbdən aldıqlarını deyirlər), çox pakizə, demək, onlara da kütləvi informasiya vasitəsi kimi yanaşmağın vaxtı çatıb. Bu, nə deməkdir?

Biz (eləcə də digər dövlətlər) başqa ölkələrin televiziya, radio, qəzet və jurnallarının ərazimizdə sərbəst yayımına imkan vermirik. İstəyən tapa, baxa, izləyə bilir, amma müəyyən əngəllərlə - məsələn, kabel televiziyası, abunə və s. Xarici KİV ölkədə yerli, lisenziyalı tv-radio-mətbuat qədər sərbəst, rahat yayımlana bilmir və bu, tamamilə doğrudur. Dövlət özünün informasiya məkanını yad təsirlərdən mühafizə etməlidir.
Xarici kanalları açıq efirdən yığşdırmağın əvəzində dövlət üstünə götürdüyü hüquqi öhdəliklə ictimai yayımı təmin edir və İctimai TV-ni maliyyələşdirir, eyni zamanda, özəl tv-lərin açılmasına da imkan yaradır. Bax, həmin bu ictimai yayımçılıq prinsipini sosial şəbəkələrə də tətbiq etmək haqda düşünməyin vaxtıdır.

Bəli, vətəndaşların fikirlərini sərbəst şəkildə paylaşmaq, müzakirələr açmaq, şərh vermək hüquqları olmalıdır. Bununla heç kim mübahisə etmir. Bu, geri dönüşü olmayan tərəqqidir. Amma niyə mənim vətəndaşımın bu hüquqlarını məhz transmilli şirkətlər təmin etməlidir?! Belə şeyi heç kim deməyib!

Vətəndaşın sosial media ehtiyacını ilk növbədə dövlətin özü təmin etməlidir. Məsələn, dövlətin təminatı ilə xüsusi İctimai Şura tərəfindən nəzarət edilən (həmin şurada müxtəlif siyasi və sosial zümrələrin təmsilçiləri olmaq şərtilə) bir milli sosial şəbəkə yaradılır. Eyni zamanda, dövlət alternativ özəl sosial şəbəkələrin yaradılmasını və inkişafını da stimullaşdırır. Bu, indi çoxlarına ağılsızlıq kimi görünə bilər, amma əsla elə deyil. Feysbuk elə bir dəhşətli monopolstdir ki, olduğu seqmentdə heç bir başqa rəqibin yaranmasına imkan vermir. Amma ayrı-ayrı ölkələrdə bu amansız qlobal inhisarçı əngəlləndikcə, milli sosial şəbəkələr də təşəkkül tapacaqlar.

Ən yaxşı misal Çindir: orada feysbukdan istifadə olunmur, əvəzində dövlətin qanunları ilə tənzimlənən “Weibo” var. Məhz nəhəng transmilli inhisarçının əngəllənməsinin nəticəsində "ByteDance" şirkətinə məxsus "TikTok" yarana bildi və dünyanı fəth etdi. Heç bir problem yoxdur, onlar dünyada ən böyük sosial şəbəkələrdəndirlər, vətəndaşlar istifadə edirlər, qanundan kənar ciddi müdaxilə olunmur, heç kim də buna görə Pekinə heç nə deyə bilməz. Çin dövləti vətəndaşın sosial mediadan istifadə hüququnu əlindən almayıb, əksinə, özü təmin edib. Bu, texniki tərəqqidə irəliyə addımdır.

Belə sxem dövlət üçün də daha yaxşıdır, vətəndaş üçün də. Dövlət ölkənin informasiya təhlükəsizliyini “qapalı qutu” olan yad alqoritmlərlə idarə edilən xarici sosial şəbəkələrin girovluğundan azad edir. İctimai şüurun məskunlaşdığı evin açarını öz əlinə alır, orada öz qanunları ilə səliqə-səhman yaradır.
Vətəndaş sosial şəbəkədə hüquqlarının qorunmasına nəhayət ki, nail olur.
Hamını narahat edən aqressiv və həqarətli kontentə, yalana, böhtana, feyklərə son qoyulur.
Bədxah qüvvələrin reklam gücünə zərərli ideoloji mesajları azərbaycanlıların beyinlərinə dürtməsinin qarşısı alınır!
Xaricdəki milyarderlərin cibinə axan nəhəng reklam pulları ölkədə qalır.
Bunlar hamıya sərf edərdi, bircə Feysbukun özündən başqa.

Hə, “bəs Feysbuk necə olsun?” soruşacaqsınız. Xarici sosial şəbəkələrlə eynilə xarici tv, radio və mətbuatla olduğu kimi davranmaq lazımdır: İstifadəsi əngəllənməlidir. Ancaq xüsusi texniki vasitələrlə (məsələn, VPN) mümkün olmalıdır ki, istəyən həmin əziyyətə qatlaşsın, amma ondansa bezib, istifadəsi rahat və sərfəli olan, ölkə qanunlarının işlədiyi yerli sosial şəbəkələrə üz tutsun. Orada hüquq və əxlaq normaları çərçivəsində sərbəst ünsiyyət, paylaşım mümkün olandan sonra heç kim gedib VPN axtarıb, feysbuka girməyəcək. Bu zaman potensial faydalar həddindən artıq çoxdur.

Bilirəm ki, əvvəlcə bu fikir müqavimətlə qarşılanacaq. Amma nəzərə almaq lazımdır ki, planetdə qlobalizm trendi bitib, fraqmentarizm başlayır. Bu, sosial şəbəkələrə də tətbiq edilməlidir. Getdikcə daha çox ölkə qlobal transmilli informasiya nəhənglərinin əsarətindən qurtulmağa çalışacaq. Azərbaycan bu istiqamətdə gecikənlərdən yox, pionerlərdən olmalıdır. Qabağa düşüb, nümunə yaratmaq da pis olmaz.

Dövlətin öz vətəndaşının virtual sosiallaşma hüququnu transmilli şirkətlərin ümidinə buraxmadan milli, yerli resurslar hesabına təmin etməsi heç bir fundamental hüquqi prinsiplərə, söz və ifadə azadlığına zidd deyil. Texniki cəhətdən isə tamamilə real və mümkündür. Sadəcə, bu istiqamətdə düşünmək lazımdır. Mövzu əlbəttə, dərindir və mən istənilən müzakirəyə, debata hazıram.



Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti